Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır - ŞƏRH

Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasəti bütün istiqamətlərdə müsbət dinamika, inkişafa səbəb olur. Təkcə daxili deyil, eləcə də xarici siyasət sahəsində atılan uğurlu addımlar ölkəmizin beynəlxalq aləmədki yeri və rolunu möhkəmləndirməklə yanaşı, ona olan marağı, diqqəti artırır. Təkcə cari ilin 9 ayı ərzində xarici siyasət, beynəlxalq münasibətlər sahəsində əldə edilən uğurlara diqqət etsək bunu aydın şəkildə görə bilərik. Bu ilin 9 ayı ərzində İtaliya prezidenti, Almaniya kansleri, qardaş Türkiyə Respublikasının prezidenti, Rusiya Federasiyasının dövlət başçısı, Monqolustan prezidenti və digər yüksək səviyyəli qonaqların ölkəmizə səfəri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici səfərləri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu məqama xüsusilə diqqət çəkərək hər bir sahədə olduöu kimi xarici siyasət sahəsində 9 ay ərzində ciddi uğurlar əldə edildiyini diqqətə çatdırdı. Bu sırada xüsusilə Azərbaycan Prezidentinin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı ilə Bakı arasında imzalanan sazişi qeyd etmək yerinə düşər. Sözügedən sənəd Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsini özündə ehtiva etməklə yanaşı, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqlarımızın işğal altında olduğunu təsdiqləyirdi.

Cari ildə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində ciddi addımlar atması ilə yadda qaldı. Bu sırada Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda Türkiyədə TANAP-ın rəsmi açılış mərasimi oldu ki, həmin layihədə də Azərbaycan yaxından iştirak edir. Qeyd edilən layihələr Avropanın enerji təhlükəsizliyinidə Azərbaycanın rolunu artırdığı üçün qoca qitədən də ölkəmizə xüsusi maraq, diqqət özünü göstərir. Bu və ya digər layihələrin reallaşdırılması Azərbaycan üçün yeni imkanlar açır ki, bunu da cənab prezidenti Nazirlər Kabinetinin iclasında çıxışı zamanı xüsusi olaraq qeyd edib. Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq: "Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq".

Azərbaycanın həmçinin tranzit nəqliyyat ölkəsinə çevrilməsi də ölkəmizin regiondakı rolunu artırır. İndi Azərbayan Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən strateji əhəmiyyətə malik ölkə sayılır və dəhliz rolunu oynayır. Keçən il açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi nəqliyyat sahəsində əldə edilən uğurlar sırasında Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil: "Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq".

Göründüyü kimi, cari ilin 9 ayı bütün sahələr üzrə uğurlu olub. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni, sosial, humanitar və beynəlxalq əməkdaşlıq baxımından. Elə millət vəkili Cavid Osmanov da bu qənaətdədir. O, bildirib ki, 2018-ci ilin 9 ayının nəticələri ölkəmiz üçün çox uğurlu olub. Millət vəkilinin sözlıərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin 9 ayının social-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əldə olunan nəticələr güniş təhlil olundu: "Bu ilin ötən dövründə  Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər qazanıb, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib. Onun sözlərinə görə, 9 ay ərzində ölkəmizdə bır sıra  beynəlxalq tədbirlər keçirilib. Bu da ölkəmizin həm beynəlxalq aləmdə nüfuzunu artırıb, həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verib". Cavid Osmanov deyib ki, 9 ay ərzində Azərbaycan iqtisadi sahədə də mühüm nailiyyətlər qazanıb: "Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib. Bu il ərzində Cənub Qaz Dəhlizinin açılışı, TANAP layıhəsinin istifadəyə verilməsi çox mühüm hadisələr sırasındadır. Eləcə də, ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb. Təbii ki, bütün bunlar uğurlu siyasət nəticəsində əldə olunub. Bu uğurlar gələcəkdə daha böyük nailiyyətlərin qazanılmasını stimullaşdırır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR