AŞPA-da deputatımızın məruzəsi dəstəklənib

AŞPA-nın payız sessiyası çərçivəsində qurumun hüquq məsələləri və insan hüquqları komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin üzvü, Assambleyanın "İnsan hüquqları və biznes" mövzusu üzrə məruzəçisi Elşad Həsənovun məruzəsi dinlənilib. Millət vəkili transmilli şirkət və korporasiyaların bugünkü rolu haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir dövrdə iri şirkətlər işsizliyin aradan qaldırılması ilə və büdcəyə vergi ödəməklə cəmiyyətə iqtisadi fayda versələr də, onların adı bəzən insan hüquqlarının pozulmasında da hallanır. Ekologiyaya ziyan vurulması, əməkdaşların şəxsi həyatının pozulması, iş yerində ayrı-seçkilik və ya təhlükəsizliyin təmin edilməməsi kimi hallar geniş yayılıb. Transmilli və beynəlxalq şirkət və korporasiyalar böyük maliyyə vəsaitlərinə və hakimiyyətə malik olduqlarından nüfuzları xeyli artıb. Bəzi transmilli şirkətlərin büdcəsinin bir sıra dövlətlərin ümumi daxili məhsulundan çox olduğunu deyən E.Həsənov diqqətə çatdırıb ki, bəzən belə böyük korporasiyalar hətta dövlətin bəzi funksiyalarını özəlləşdirirlər. Bu hal isə bəzi hallarda insan hüquqlarının pozulmasına gətirib çıxarır. Deputat son illər belə halların aradan qaldırılması istiqamətində Avropa miqyasında hüquqi müstəvidə xeyli iş görülsə də, hələ böyük boşluqların qaldığını diqqətə çatdırıb. Bildirib ki, insan hüquqları və biznes sahəsində pozuntuları aradan qaldırmaq üçün hər bir ölkə müvafiq tədbirlər planını təsdiqləyərək icra etməlidir. Komitə üzvləri azərbaycanlı deputatın məruzəsini dəstəkləyiblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR