İşğalçılara qarşı mübarizə sərtləşdirilməlidir

Qənirə Paşayeva: "Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atılmalıdır"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti xüsusi fəallığı ilə fərlənir. Millət vəkillərimiz sessiyada müzakirə olunan məslələrə münasibət bildirərək dövlətimizin mövqeyini müdafiə edirlər. Xüsusən, erməni deputatlarının qərəzli çıxışlarına tutarlı cavablar verirlər. Millət vəkili, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da məruzəçi Frank Şvabenin hazırladığı "Avropa Şurası və BMT-nin insan haqlarına monitorinq qurumları tərəfindən "boz zonalar" daxil olmaqla üzv-dövlətlərə qeyri-məhdud çıxış" adlı məruzəsinin müzakirəsində çıxış edən və Azərbaycan əleyhinə yalanlarla çıxış edən işğalçı Ermənistan heyəti üzvlərinin Azərbaycan, Qarabağ problem ilə bağlı yalanlarına sərt cavab verib. Millət vəkili çıxışında sözügedən sənədin əleyhinə olduğumu bildirib: "Bilirsiniz ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildir ki, Ermənistanın işğalı altındadır və rəsmi İrəvan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq bu günə qədər işğal etdiyi torpaqları işğaldan azad etməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. 25 ildir ki 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz bölgələrinə, öz evlərinə dönə bilmirlər. Yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestyanı və Krımdan çox fərqlidir. Çünki bir daha vurğulayıram ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada sadəcə separatçılar, terrorçular, Ermənistan ordusu, əsgərləri var. Yəni məruzəçinin boz zona adlandırdığı həmin bölgələrdə 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını pozanlar yaşayır. Beynəlxaq insan haqları müdafiəçiləri, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köşkünlərlə görüşməlidir, böz bölgədə onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil.

Digər tərəfdən, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunverciliyinə ziddir. Amma, siz Azərbaycan Xarici İşlər Nazirliyinin səhifəsində Azərbycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə, yəni "boz zonalara" səfər edənlərin adlarına və saylarına bax bilərsiniz. Onların çoxu Avropa Şurası üzvü ölkələrinin təmsilçiləridir və onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara, fəaliyyətlərə baxsanız görərsiniz ki bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında bu Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı addımlar atıb. Heç bir addım. Bütün bunlardan sonra təbii ki Azərbaycan təmsilçisi olaraq belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq. Gerçəkçi olmalıyıq. İşğal edilmiş əraziləri, "boz zonaları" nəzarətdə saxlayan işğalçı, separatçı, terrorçu güclər bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq insan haqları təşkilatlarının heç bir çağırışına məhəl qoymayıbsa bu sənədin qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövlük olardı. Məsələn, bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya Azərbaycanın işğal altında olan ərazilərini, "boz zonaları" ziyarət etdi və məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı erməni rejiminə, işğalçı Ermənistana çağırışlar vardı. Amma Ermənistan o çağırışların heç birinə əməl etmədi: "Bundan sonra onların insan haqları üzrə nümayəndələrin çağırışlarına əməl edəcəyinə inanmaq sadəcə mümkünsüzdür. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş 2 azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. AŞPA baş katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistan baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Daha sərt mövqeyi olmalıdır AŞPA-nın. Ona görə mən hər kəsi bu məsələyə daha geniş baxmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur".

Deputat həmkarına dəstək verən nümayəndə heyətinin digər üzvü Sahibə Qafarova deyib ki, Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Çernobıl və Fukuşima qəzalarından, eləcə də son dövrdə baş vermiş terror hücumlarından sonra Avropada nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha çox baş qaldırıb. Millət vəkili qeyd edib ki, Avropanın bir çox nüvə obyekti sürətlə yaşlanır: "2018-ci ildə 184 reaktordan 82-si 35 il və ya daha çox müddətdir, altı reaktoru isə 40 ildən çoxdur istismar olunur. Qurğuların saxlanma qaydalarına nə qədər düzgün riayət olunsa da, bu reaktorların ümumi vəziyyəti tədricən pisləşir, ciddi hadisələrin və qəzaların başvermə ehtimalı artır. Belə təhlükələrdən biri də Ermənistanda sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasıdır. Həmin stansiya beynəlxalq etirazlara baxmayaraq, 1995-ci ildə yenidən istismara verilib. Metsamorun yenidən istismarı beynəlxalq ictimaiyyəti, eləcə də Türkiyə, Gürcüstan və Azərbaycan kimi qonşu ölkələri narahat edir. Faktiki olaraq Metsamor AES bütün regionu təhdid edən ciddi təhlükə mənbəyidir. Beynəlxalq ekspertiza rəyləri ilə tanış olduqdan sonra, bu narahatlığın heç də əbəs olmadığını görürük". Deputat vurğulayıb ki, bu elektrik stansiyasının reaktoru beynəlxalq ekspertlərə görə Sovet İttifaqı və Şərqi Avropa regionunda ən təhlükəli reaktor hesab olunur. Metsamor yüksək seysmik zonada olduğundan daha böyük əlavə problemlər yaradır. Metsamorda reaktoru soyutmaq üçün kifayət qədər su ehtiyatları da yoxdur. Beynəlxalq ekspert qrupu bu stansiyanın beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab vermədiyi üçün təkmilləşdirilə bilməyəcəyini xüsusi qeyd edib. Ekspertlərin qənaətinə əsaslanan Avropa İttifaqı onun dərhal bağlanması və istismardan çıxarılmasını tələb edib. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan tərəfi gələcəkdə baş verəcək hər hansı faciəli qəzanın qarşısını almaq üçün Metsamorun fəaliyyətini dayandırmağa çağırır. Azərbaycan beynəlxalq ictimaiyyətin nüvə təhlükəsi və risklərinin artması ilə bağlı narahatlıqlarını bölüşür. Ölkəmiz müstəqilliyin ilk günlərindən nüvə təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət verir, bu məsələdə beynəlxalq tələblərin heç bir güzəştə yer vermədən icra olunmasını istəyir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan öz ərazisi ilə radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına ciddi diqqət yetirir" "Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq kontekstində idxal-ixrac, tranzit dövriyyəsinə nəzarət üçün əla hüquqi baza yaradıb. Ancaq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun müddətdir işğal altında saxlanılması ölkəmizin ərazilərinin əhəmiyyətli bir hissəsinə nəzarət etməyə imkan vermir. Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq sammitlərdə bir neçə dəfə nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən, Azərbaycanın işğal olunmuş ərazilərinin radioaktiv tullantıların istifadəsi ilə çirkləndirilməsindən narahatlığını ifadə edib". S.Qafarova xatırladıb ki, Ermənistanın keçmiş baş naziri, millət vəkilləri və digər məmurları bu ölkənin nüvə silahı olduğunu etiraf ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən hərtərəfli araşdırılmalı, müvafiq ölçü götürülməli və Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR