Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları, Ukrayna ictimaiyyəti arasında narazılığa səbəb olub. Belə ki, xüsusilə,

Azərbaycanın Ukraynadakı səfirliyi oktyabrın 9-da üç azərbaycanlı gəncin ukraynalı bloqerlərə qarşı qeyri-etik davranışları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən bildirilib ki, insident baş verən videogörüntüdə azərbaycanlı gəncin guya Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması ilə bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub:

"Qeyd edilən şəxslərin Azərbaycanın Ukraynadakı səfiri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hətta həmin gənclərin hər hansı qohumu səfirlikdə çalışmır. Bu cür halların baş verməsi isə təəssüf hissi yaradır".

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır:

"Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini - adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və ziyalılarının iştirakı soydaşlarımızın Ukraynadakı vəziyyəti, problemlər və qarşıda duran məsələlərə dair "dəyirmi masa" təşkil ediləcək".

TREND

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR