Azərbaycanın Əfqanıstana verdiyi dəstək Bakı ilə Vaşinqton arasındakı münasibətləri daha da yaxınlaşdırır - ŞƏRH

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu dünyanın əksəriyyət ölkələri ilə normal əməkdaşlıq mühitinin yaradılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. İndi Azərbaycan Qərbdən Şərqə, Avropadan Asiyaya qədər bütün ölkələrlə normal əlaqələr qurur, bu əlaqələri gündən-günə inkişaf etdirir. Son illərdə Azərbaycanın əlaqələrinin inkişaf etdiyi ölkıələr sırasında Birləşmiş Ştatlar da yer alır ki, bu da rəsmi Bakının regionda tutduğu mühüm mövqe ilıə əlaqədardır. Həmçinin Azərbaycanın regionda bir sıra qlobal layihələrin həyata keçirilməsində təşəbbüskar və iştirakçı olması da Vaşinqtonun Bakıya marağının artmasına səbəb olan amillər sırasındadır.  Bu maraq özünü müntəzəm olaraq okeanın o tayından ölkəmizə olan səfərlərdə büruzə verir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Birləşmiş Ştatların dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edərək burada bir sıra mühüm görüşlər keçirdi. Amerikalı rəsminin Azərbaycana səfərini şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq Elxan Şahinoğlu deyib ki, Birləşmiş Ştatların dövlət katibinin köməkçisinin müavini Corc Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə olarkən amerikalı diplomat prezident İlham Əliyevlə görüşüb. Bundan sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib. Politoloq deyib ki, Kent səfərinin sonunda mətbuat konfransı keçirib: "Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışdı. Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir. "Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək" - bu Kentin Bakıda səsləndirdiyi əsas cümlələrdən biridir. Vaşinqtonun bu dəstəyini prezident İlham Əliyev də yüksək qiymətləndirir. İlham Əliyev Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi. İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin status ilə bağlı imzalanan sazişə münasibət bildirmədi. O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaldığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kend deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi". Politoloq deyib ki, üçüncü mövzu Dağlıq Qarabağa həsr edilib: "Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent də münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi. Dördüncü mövzu insan haqları və demokratiyaya həsr olundu. Kent dedi ki, Vaşinqton Azərbaycanda "Azadlıq" radiosunun bərpasını istəyir. Kent hətta belə bir ifadə də işlətdi ki, gələn dəfə Bakıya gələndə "Azadlıq" radiosunu dinləmək istəyir. Azərbaycan "Azadlıq" radiosunun Bakıdakı ofisini 2014-cü ildə bağlayıb. "Azadlıq" radiosu Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edirdi. Digər tərəfdən bu radionu dinləyənlərin sayı çox idi". Elxan Şahinoğlu deyir ki,  rəsmi Bakı bu məsələdə Vaşinqtonun xahişini yerinə yetirməyəcək: "Vaşinqton isə buna görə Bakıya problem yaratmayacaq. ABŞ-ın prezidenti Respublika Partiyasının nümayəndəsidir. Rəsmi Bakı adətən enerji və təhlükəsizlik məsələlərində respublikaçı prezidentlərlə sıx əməkdaşlıq edir və bu zaman demokratiya mövzuları arxa plana keçir. Azərbaycana Corc Kentdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək. Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR