Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır

Münaqişənin tənzimlənməsi prosesində heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq

Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin mövqeyini bir daha xatırladıb. Ölkə başçısı bildirib ki, münaqişənin tənzimlənməsi prosesində heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Millət vəkili Eldəniz Səlimov bildirib ki, dövlət başçısı çıxışında hər zaman olduğu kimi, növbəti dəfə Ermənistan-Azərbaycan konfliktinə, o cümlədən,  Qarabağ münaqişə ilə bağlı danışıqların indiki mərhələsinə  toxunub və Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, danışıqların formatının dəyişməz olaraq qaldığını bəyan edib: "Dövlət başçısı bildirdi ki, bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır, iki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Ölkə prezidenti "Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq"-deyərək, ümid etdiyini də bildird ki,  Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq. Hesab edirəm ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır, onlar bilməlidir ki, gec-tez sülhə gəlməli olacaqlar, xoşluqla olmasa, zorla Azərbaycanla sülh masası arxasında əyləşəcəklər Çünki onların Azərbaycanla anlaşmaqdan, sülhə razılaşmaqdan, işğal olunmuş ərazilərdən geri çəkilməkdən savayı yolları yoxdur. Digər yol onların məhvi, uçurumudur və seçim onlarındır". Politoloq Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycan özünün dövlət müstəqilliyini elan edən gündən  bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: "Onların biri 1918-ci ildə qarışıqlıq dövründə bizim ərazimizdə yarandı. İndi isə vətənsiz bir xalq olan ermənilər ikinci dövləti yaratmaq istəyirlər. Təbii ki, buna da biz heç zaman imkan verməyəcəyik". Onun sözlərinə görə, bu gün Azərbaycan əvvəlki dövrdən qat-qat güclüdür: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. İndi bütün dünya bunu bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Ötən gün Almaniya rəsmi şəkildə bildirdi ki, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ problemi BMT-nin 4 qətnaməsi əsasında həll olunmalıdır. Həmin qətnamələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunur. Qəribədir ki, ötən gün Amerika rəsmisi bəyan edib ki, bu məsələdə irəliləyişlər var. Bu gün bütün hadisələr, məsələlər Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin də bu qətiyyətli çıxışı münaqişənin ədalətli həllinə bir daha dəstəkdir". Millət vəkili Elman Nəsirov hesab edir ki, Ermənistan münaqişənin həllinə töhfə verməlidir: "Dövlət başçısı çıxışında qeyd etdi ki, biz Paşinyan hökumətindən münaqişənin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe gözləyirik. Belə bir mövqenin olması münaqişənin həlli üçün imkanlar aça bilir. Bu olmayacağı təqdirdə, hadisələr sözün həqiqi mənasında mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Ona görə də hesab edirəm ki, ölkə başçısının bu çıxışı Ermənistan tərəfindən də diqqətlə öyrənilir, izlənilir və araşdırlılacaq. Onlar bilməlidirlər ki, fərqli yanaşmalar, münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqelərin ortaya qoyulması nəticə etibarı ilə bütövlükdə sülh prosesinə arxadan zərbə ola bilər. Bütün danışıqlar prosesinin dayanmasına gətirib çıxara bilər. Danışıqların olmayacağı yerdə hər zaman alternativ variant müharibə olub. Hesab edirəm ki, Aprel döyüşləri də Ermənistan üçün ciddi dərs olmalıdır ki, bir döyüş Ermənistanın hərbi potensialının hansı səviyyədə olduğunu üzə çıxardı. Bu səbəbdən də apreldən sonra Ermənistanın hərbi rəhbərliyində çoxsaylı generalların istefası baş verdi. Ermənistan tərəfi papağını qabağına qoyub düşünməlidir ki, konstruktiv mövqe ilə çıxış etsin, substantiv danışıqlara getsin və münaqişənin həlli prosesinə konkret töhfələr versin".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR