İşğal olunmuş Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon “boz zona”ya çevrilib

"Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur"

AŞPA-nın payız sessiyasında "Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələr"ə məhdudiyyətsiz girişi" adlı məruzə dinlənilib. Məruzənin müzakirələri zamanı millət vəkili, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, Azərbaycan 25 ildən artıqdır ki, Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qalır, ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur. Münaqişənin ədalətli həllinin uzanması bütövlükdə region üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycan nəzarət edə bilmədiyi üçün bu ərazilər "boz zona"ya çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış terrorçu və separatçı rejim isə həmin ərazilərdən ən müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə edir.

Deputat bildirib ki, bir sıra beynəlxalq ekspert qruplarının və təşkilatların dəfələrlə bəyan etdiyi kimi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni silahlı qruplarla yanaşı, terrorçuları hazırlayan düşərgə də mövcuddur və bu, bütün beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır: "Bu ərazilər narkotik maddələrin becərilməsi, istehsalı və satışı üçün istifadə olunur. ABŞ Dövlət Departamentinin 2001-ci ildə yaydığı hesabatda işğal edilmiş Azərbaycan ərazilərinin narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu vurğulanıb". Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapıb. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların yuyulması" əməliyyatı sahəsində məlum transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil edib. Bu ərazilər nüvə və radioaktiv tullantıların basdırılması üçün istifadə olunur. İnsan alveri, qeyri-qanuni məskunlaşdırma, təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı ilə bağlı çoxsaylı faktlar mövcuddur. Deputat diqqətə çatdırıb ki, bütün bunlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunun "boz zona"ya çevrilməsinin çox təhlükəli nəticələrə gətirib çıxardığını göstərir. Beynəlxalq birliyin, eləcə də parlamentarilərin ilk vəzifəsi bu təhlükələri doğuran vəziyyəti aradan qaldırmaq olmalıdır: "Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış separatçı rejim isə hər vəchlə işğal faktını legitimləşdirməyə çalışır, hər hansı əcnəbinin oraya gedişini bölgənin dünya tərəfindən tanınması kimi qiymətləndirir. "Boz zona"ya səfərlərə icazə verilməsi işğalçılığın və separatizmin təşviq edilməsi və dəstəklənməsi, eləcə də müstəqil dövlətlərin suveren hüquqlarına qarşı açıq hörmətsizlikdir".

Nümayəndə heyətinin digər üzvü Sevinc Fətəliyeva da qeyd edib ki, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: "Hamı bilməlidir ki, müəyyən bir ölkəni ziyarət etmək üçün dövlət sərhəd rejiminə əsasən müəyyən prosedurlara, xüsusilə də dövlət sərhəd rejiminin beynəlxalq hüquqda tanındığına əməl edilməsi qaydasına riayət etmək lazımdır. Məlum olduğu kimi, dövlət sərhəd rejimi milli qanunvericilik və beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan digər dövlətlər kimi, sərhədini keçən şəxslərdən müəyyən olunmuş norma və qaydalara riayət edilməsini tələb etmək hüququna malikdir. Biz qeyri-adi bir şey tələb etmirik. Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?" Millət vəkili bildirib ki, insan haqlarının monitorinqi ideyası təqdirəlayiqdir, ancaq Dağlıq Qarabağda kimin hüquqlarına nəzarət ediləcək: "Adətən monitorinq altında hüquqları pozulan şəxslərin hüquqları olur. Dağlıq Qarabağ 28 ildir ki, Ermənistanın hərbi rejimi tərəfindən idarə olunur. Etnik təmizləmələr və işğal nəticəsində yerli əhali doğma yurdundan didərgin düşüb, onu tərk etmək məcburiyyətində qalıb. Orada məskunlaşan hərbi qüvvələrin, işğalçıların hüquqlarını monitorinq etməyi təklif edirsinizmi? Bu, məntiqsizdır". Deputat qeyd edib ki, belə təkliflər yalnız münaqişənin eskalasiyasına səbəb ola bilər, sülh yolu ilə həllinə isə mane olacaq. Eskalasiyaya səbəb olan digər məsələ Ermənistanın təşkil etdiyi xarici vətəndaşların Dağlıq Qarabağa qanunsuz səfərləridir: "Bir necə gün öncə Ermənistanın baş nazirinin yoldaşı Akopyan müxtəlif dövlətləri təmsil edən nümayəndə heyəti ilə Dağlıq Qarabağa səfər təşkil edib. Bu səfər "sülhməramlı xalq diplomatiyası" adlandırılır. Mən qadın kimi, ana kimi sülh məramını başa düşürəm. Çünki qadınlar həmişə sülhü düşünür, övladlarını, onların gələcəyini düşünür. Lakin hələ bu gün də erməni silahlı qüvvələri günahsız azərbaycanlı uşaqları güllələyirsə, hansı sülh məramından söhbət gedə bilər? Sülhə belə nail olmaq olmaz. Ölkələrin icazəsi olmadan işğal altında olan ərazilərə səfərlər heç vaxt münaqişələrin həllinə fayda verə bilməz. Daha yaxşı olar ki, işğalın qurbanı olan məcburi köçkünlərin hüquqları monitorinq edilsin".

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə "Avropa Şurasının gələcəyi" mövzusuna toxunaraq qeyd edib ki, Şuranın gələcəyi deyəndə təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik: "Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir. Üzvü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri "köhnə demokratiya" adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?". Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmalıdır: "Bu böhrandan necə çıxmağa, bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq. Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR