Düşənbədə İlham Əliyevlə Paşinyan arasında mühüm görüş

Danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olundu

Dağlıq Qarabağ probleminin həlli istiqamətində uzun müddətdən bəri davam edən diplomatik hərərkətsizliyə nəhayət ki, son qoyuldu deyə bilərik. Ermənistanda cari ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesində baş verən geriləmə və ötən 6 aya yaxın müddət ərzində demək olar ki, tərəflər arasında heç bir yüksək səviyyəli görüşün keçirilməməsi səbəbindən yarımçıq qalan danışıqlar yenidən bərpa olundu. Düzdür, ən son Nyu-York görüşündən əvvəl də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar görüş keçirilmişdi. Ancaq Nyu-York görüşü xüsusilə əhəmiyyətli oldu desək yanılmarıq. Çünki məhz ATƏT-in Minsk qrupunun həmsədlərinin vasitəçiliyə ilə XİN rəhbərlərinin Nyu-Yorkada baş tutan görüşündən sonra Azərbaycan və Ermənistan arasında daha bir yüksək səviyyəli görüş reallaşdı. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikolay Paşinyan arasında baş tutan görüşdən gedir.  Xəbər verildiyi kimi Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Qeyd etmək lazımdır ki, Düşönbədə Azərbaycan və Ermənistan rəhbərliyi arasında hər hansı bir görüşün keçirilməsi əvvəlcədən proqnozlaşdırılmamışdı və İlham Əliyevlə Paşinyanın görüşü gündəmdə deyildi. Bu isə bir neçə səbəblə bağlı idi.  İlk növbədə   Ermənistanda hakimiyyət dəyişikliyindən sonra formalaşmış yeni hökumətin Dağlıq Qarabağ problemi, bu problemin həlli məqsədilə aparılan danışıqlar prosesinin detalları ilə yaxından tanış olması zəruri idi. Bunun üçünsə müəyyən zamana ehtiyac vardı.

İkincisi, hakimiyyət dəyişikliyindən sonra ölkədə mövcud olan daxili siyasi gərginliyi aradan qaldırmaq, siyasi sabitlik yaratmaq  Paşinyan hökumətinin qarşısında duran ən vacib məsələlər sırasında yer alırdı. Ona görə də Paşinyan hökuməti bir müddət Dağlıq Qarabağ porobleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən imtina edərək daxili siyasi gərginliyi normallaşdırmağa üstünıük verdi. Ötən müddət Nikol Paşinyan üçün həm Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinin detalları ilə yaxından tanış olmaq, həm də daxili siyasi gərginliyi yoluna qoymaq üçün kifayət etdi.

Ən əsası artıq Ermənistan hakimiyyəti də Dağlıq Qarabağ probleminin həllinin yalnız danışıqlar prosesindən keçdiyinin fərqindədir və İrəvan danışıqlar prosesinə sadiqlik nümayiş etdirir. Baxmayaraq ki, Paşinyan hakimiyyətə gəldiyi günlərdə problemin həlli ilə bağlı aparılan danışıqların Azərbaycan və qondarma Dağlıq Qarabağ Respublikası arasında keçirilməli olduğunu bildirirdi, ancaq son Düşənbə görüşü bir daha sübut etdi ki, danışıqlar məhz İrəvanla Bakı arasında keçiriləcək. Çünki Ermənistan tərəfinin ilk əvvəl ortaya atdığı bu ideya danışıqların ruhuna, eyni zamanda beynəlxalq hüquq və prinsiplərə ziddiyyət təşkil edirdi. Sevindirici hal ondan ibarətdir ki, artıq Ermənistan hakimiyyəti də bu prinsipdən çıxış edərək danışıqların əvvəlki formatda davam etdirilməsinə maraqlı görünür.

Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə keçirilən Düşənbə görüşü eyni zamanda problemin həllində sərt, aqressiv, qeyri-konstruktiv yanaşmaya ehtiyac qalmadığı, diplomatik yolun əsas variant olduğunu ortaya qoydu. 

Nəhayət, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Düşənbə görüşü xarici işlər nazirləri səviyyəsində baş tutan Nyu-York danışıqlarının da səmərəli olduğundan xəbər verir. XİN rəhbərlərinin Nyu-York danışıqlarından əldə edilən müsbət nəticədir ki, Düşənbədə yüksək səviyydə görüş reallaşdı. Artıq ümid etmək olar ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesi bərpa olunur və tezliklə problemin həlli ilə bağlı müsbət nəticələr əldə etmək olar. Hər halda Ermənistan tərəfindən qeyri-rəsmi formada müşahidə edilən diplomatik fəallıq da belə deməyə əsas verir ki, İrəvan artıq danışıqlar prosesinə maraqlı görünür.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR