Rusiya-Azərbaycan münasibətləri yeni mərhələdə

Azərbaycanın müstəqil siyasət Rusiya üçün faydalılıq əmsalını artırıb

Azərbaycanla Rusiya Federasiyası arasındakı əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin daha da dərinləşməsinə səbəb olur. Etiraf edilməlidir ki, artıq iki dövlət arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfəri də bir sıra məqamlarla müşahidə olundu. Dövlət başçılarının keçirdikləri görüşlər, bu görüşlərdə səsləndirdikləri bəyənatlar öz dövlətlərinin maraqlarını ifadə etməklə yanaşı, həm də iki tərəfdaş ölkənin ümumi maraqları baxımından diqqəti çəkdi. Rusiya Prezidenti Vladimir Putin birmənalı şəkildə bəyan etdi ki,  Rusiya və Azərbaycan qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlər qurur: "Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən, deyə bilərik ki, ölkələrimiz arasındakı münasibətlər yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Biz hər zaman maraqların tarazlığını axtarır və tapırıq". Rusiyanın dövlət başçısının məntiqindən çıxış etsək deyə bilərik ki, bu gün Rusiya-Azərbaycan münasibətlərini çox uğurlu və dinamik inkişaf edir. Rusiya ilə Azərbaycan liderlərinin tez-tez keçirilən görüşləri bunu bir daha təsdiq edir. Bunun əsas səbəbi odur ki, dövlətlərarası münasibətlər qarşılıqlı səmərəli fəaliyyət əsasda formalaşır, bütün məsələlərlə bağlı bir-birinin suveren seçiminə tam hörmət şəraitində qurulur. Məhz belə münasibətin nəticəsidir ki, bu gün Moskva ilə Bakı arasında heç bir ziddiyyət yoxdur və bu, böyük nailiyyətdir. Bundan əlavə, son zamanlarda iki ölkənin iri geosiyasi layihələrdə iştirakı ilə bağlı vacib irəliləyişlər qeydə alınıb. Buraya Xəzərin statusu barədə Konvensiyanı, Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran siyasi xətlərini aid etmək olar.

Siyasi ekspertlərin qənaətinə görə, Vladimir Putinin Azərbaycana səfərinin siyasi, iqtisadi əhəmiyyəti danılmazdır. Məhz belə səfərlər ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsilə paralel siyasi münasibətlərin də istiləşməsinə şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur: "Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik". Dövlət başçısının bəyənatından bəlli olur ki, Azərbaycan Rusiya ilə bərabərhüquqlu səviyyədə əməkdaşlıq etməkdə maraqlıdır. Özü də bu əməkdaşlığın bütün sahələrdə genişləndirilməsini məqsədəmüvafiq hesab edir. Etiraf edilməlidir ki, belə əməkdaşlıq  Dağlıq Qarabağ kimi mürəkkəb problemin həlli üçün də imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür və son zamanlar münaqişənin nizaman salınması istiqamətində fəallıq nümayiş etdirir.

Bu isə o deməkdir ki, artıq Rusiya-Azərbaycan münasibətlərində bəyanatlar dövrü arxada qalıb, Dağlıq Qarabağ tənzimlənməsində Putinin yeni mövqe ortalığa qoyacağı şübhə doğurmur. Daha doğrusu, real praqmatik münasibətlər sistemi hər iki ölkənin qarşılıqlı əlaqəsini daha da genişləndirmiş olur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin təzimlənməsində real fəaliyyətin öz sözünü deyəcəyi gözləniləndir. Odur ki, Putinin Dağlıq Qarabağ tənzimlənməsilə bağlı siyasi həll yoluna təkan verəcəyi onun Azərbaycana səfərinin ümumi kontekstində ümidsiz hesab etmək düzgün olmazdı.

Ümumiyyətlə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Qafqaz, Xəzər və ümumilikdə MDB məkanında yeni keyfiyyət mərhələsi yarada biləcək gücündə olan səfərdir. Azərbaycan və Rusiyanın bu regionlardakı birgə fəaliyyəti yaxın onilliklərdə sülhün və inkişafın təminatçısı olmaqla yanaşı, həm də qonşu regionlara da təhlükəsizlik ixracatçısı rolunu oynaya bilər. Putinin yeni siyasi mərhələ üçün Azərbaycanı seçməsi təsadüfi deyil. Azərbaycan dünyanın ən inkişaf etməkdə olan dövlətlərdən birinə çevrilib.

Nəzərə almaq lazımdır ki, Putinin Bakıya səfəri onun Azərbaycanın müstəqil siyasətinə göstərdiyi hörmətlə bağlıdır. Azərbaycanın müstəqilliyinin Rusiya tərəfdən dəstəklənməsi Rusiyanın maraqlarına cavab verir. Rusiya Ön Asiyada uğur zolağı yaradıb və bu uğur coğrafiyasında Rusiyanın gələcək işləri Azərbaycanla münasibətlərdən çox asılıdır. Çünki, dünyanın, eləcə də MDB-nin başqa regionlarında aparılan siyasətin bu coğrafiyaya aiddiyyatı yoxdur. Heç şübhəsiz ki, Rusiyası bu həqiqəti dərk edib. Odur ki, Rusiyanın Azərbaycana qarşı qarşılıqlı əməkdaşlıq siyasətinin davam etdirəcəyinə əmin olmaq olar. Qədim, möhkəm fundament üzərində qurulan, yeni, möhtəşəm perspektiv vəd edən siyasətin davamlı olacağı inandırıcı görünür. Çünki, Azərbaycanın müstəqil siyasət yürütməsi və daha güclü dövlətə çevrilməsi təkcə ölkəmizə deyil, eləcə də Rusiya üçün faydalılıq əmsalını artırıb.  

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR