Faiq Ələkbərli: “Bakının qurtuluş günü ilə bağlı filmlərin, serialların çəkilməsi də vacibdir”

"15 sentyabr Bakının qurtuluş günü, Azərbaycan xalqının tarixində öz yerini təsdiq etmiş bir tarixdir. Bu günün əhəmiyyəti xalq arasında hər il daha da dərindən dərk edilməkdədir. Azərbaycan xalqı, o cümlədən Bakı əhalisi 15 sentyabr 1918-ci ildə hansı müsibətdən xilas olduğunu daha aydın şəkildə dərk etdikcə, bu günə olan münasibətdə də yüksək düşüncələr ortaya qoymaqdadır".

Bu fikirləri Olaylar.az -a AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakının erməni-daşnak, bolşeviklərdən azad edilməsinin 100 illiyinin qeyd edilməsi münasibəti ilə verdiyi açıqlamada bildirib.

Faiq Ələkbərli bu il Bakının qurtuluşunun 100 illiyinin daha yüksək səviyyədə təşkili təqdirəlayiq hal hesab edir.

"Hər halda Azərbaycan və Türkiyə ordusunun Bakı şəhərində birgə hərbi parad keçirməsi bambaşqa bir hissdir, duyğudur. Hər iki dövlətin əsgərlərinin bir millətin əsgəri kimi yan-yana addımlaması, Türk birliyi baxımından çox önəmlidir. Əlbəttə, biz istərdik ki, belə bir gündə Nuru Paşanın Bakıda möhtəşəm abidəsinin də açılışının şahidi olaq. Hesab edirəm ki, Nuru Paşa və onun əsgərləri bu şərəfə layiqdirlər".

Tarixçi Faiq Ələkbərli qeyd edir ki, hələ, Azərbaycan Cümhuriyyəti dövründə belə bir abidənin layihəsi hazırlanmış, ancaq 27 aprel işğalı nəticəsində yarımçıq qalmış idi. "Bizim boynumuza düşən o yarımçıq qalmış ideyanı həyata keçirmək olmalıdı. Eyni zamanda, 15 sentyabr Bakının qurtuluş günü ilə bağlı filmlərin, serialların çəkilməsi də vacibdir. Bir şeyi daha yaxşı dərk etməliyik ki, 15 sentyabr Bakının qurtuluş günü yalnız torpaqlarımızın işğaldan azad olunması deyil, həm də Türklüyün, İslamlığın və İnsanlığın da qurtuluşdur. Əgər o zaman Quzey Azərbaycan və Güney Qafqaz işğaldan azad edilməsi idi, sonrakı dövr daha acınacaqlı olacaqdı. Təklif edirəm ki, 15 sentyabr Bakının qurtuluş günü təhsil müəssisələrində xüsusilə tədris olunsun. Bu günün əhəmiyyəti daha detallı şəkildə yeni nəsilə ötürülməlidir".

Faiq Ələklbərlinin fikrincə,15 sentyabr Bakının qurtuluş günü Türkiyə və Azərbaycan tərəfindən ortaq bayram günü elan edilməlidir. Bu yalnız Azərbaycan Türkiyə birliyini deyil, bütövlükdə Türk birliyini daha da gücləndirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR