Ermənilərin xəyanətkarlığına qarşı Rusiyanın dözümü son həddədir - ŞƏRH

Mübariz Əhmədoğlu: "Moskva reaksiya vermək məcburiyyətindədir"

"Makron Frankofoniyanın Ermənistanda keçirilməsinin icazəsini Putindən almalıdır"

Ermənistanın inqilabçı hakimiyyətinin siyasi nüfuzunun getdikcə zəifləməsi və xalq kütlələrinin Paşinyan hökumətindən narazılığının artması baş naziri antipaşinyançılara qarşı hərəkətə keçmək məcburiyyətinə qoysa da, lakin inqilabçı baş nazirin bu istiqamətdə atmış olduğu addımların heç də onun xeyrinə işləmədiyi görünməkdədir. Daha dəqiq desək Paşinyanın Ermənistanda əvvəlki hakimiyyətlərə xas olaraq diktatura rejimi yaratmaq istəyi, rəqiblərini ciddi cəhdlə sıradan çıxarmaq üçün etdiyi gedişlər xaricdə heç də normal qarşılanmır. Təsadüfi deyil ki, Ermənistanın ağası hesab edilən Rusiyanın özündə belə Paşinyan hakimiyyətinin siyasi represiyaları kəskin etiraz doğurur. Hətta Moskvadan Paşinyanın hədəfinə çevrilmiş siyasilərə dəstək nümayiş olunur. Hər halda bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryana ad günü münasibətilə Kremldən gələn təbrik zəngi təsadüfi deyildi. Bu həm də o anlam daşıyırdı ki, Rusiya Ermənistanın daxilində gedən bütün siyasi prosesləri yaxından izləyir. Hətta ən məxfi çevrədə gedən siyasi söhbətlər barədə Rusiya tam mənada məlumatlıdır.  Elə bu günlərdə Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri ilə bu ölkənin istintaq qrupunun rəhbəri arasındakı telefon danışığının yayılmasında da Rusiya amilinin olması istisna deyil. Elə əksər ekspertlər bu qənaətdədirlər. Siyasi İnnovasiyalar və Teexnolgiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da hesab edir ki, Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri ilə bu ölkənin istintaq qrupunun rəhbəri arasındakı telefon danışığının yayılması hamının yadına Rusiyanı saldı və bu təsadüfi deyil. Politoloqun sözlərinə görə, Ermənistan təmsilçiləri harada olmasından asılı olmayaraq onların arasında Rusiyanın adamları olur və yaxud Rusiyanın texniki imkanları hədsiz güclüdür: "Maraq üçün bir fakt deyək ki, 2009-cu il Sürix protokolları ərəfəsində Ermənistanla Türkiyə arasında danışıqların tam mətnini Rusiya tərəfinin yazıb Azərbaycana ötürülməsi ilə bağlı məlumatlar yayıldı. Sonradan bu məlumatlar heç kim tərəfindən də təkzib olunmadı. Rusiya bununla hadisələrin gedişinə təsir etdi. İndi də Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri ilə Ermənistanın istintaq qrupunun rəhbəri arasındakı telefon danışığı iki prizmadan dəyərləndirilə bilər:  Birincisi, bu, Nikol  Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməsi ilə bağlı bildirdiyi fikrə Rusiyanın reaksiyasıdır. Bu bəyanatla Paşinyan Avrasiya İqtisadi Birliyinə zərbə vurmuşdu. İkincisi, Ermənistanda Frankofoniya sammitinin keçirilməsinin prelyüdiyasıdır. Frankofoniya sammiti zamanı Ermənistana xaricdən çoxlu qonaqlar gələcək və onların öz ölkələri ilə əlaqə saxlaması təbiidir. Bu zaman Rusiyanın yenə nə vəziyyət yaradacağını da heç kəs deyə bilməz. Yaranmış vəziyyətdə Rusiyanı günahkar hesab etmək o qədər də düzgün deyil. Çünki Rusiya-Ermənistan münasibətlərinin əsas xarakterini müəyyənləşdirən Ermənistan tərəfidir. Ermənistan özünü Rusiyanın strateji müttəfiqi adlandırır, amma digər tərəfdən Rusiyanın arxasına xəncər saplamaqla məşğuldur. Bu kursu ermənilər özləri müəyyənləşdiriblər. Əslində bu kurs deyil, manera stilidir və ermənilərin xəyanətkarlığına qarşı Rusiyanın dözümü son həddədir. Reaksiya vermək məcburiyyətindədir. Ona görə Ermənistan tərəfinin atdığı addımlara qarşı Rusiya belə cavab verməyə sanki məcburdur. Həm də o da nəzərə alınmalıdır ki, Nikol Paşinyanın inqilabı tipli hadisələrin həm Ermənistanda, eləcə də bütövlükdə MDB məkanında kökünün kəsilməsi, bir daha baş verməməsi Rusiyanın marağındadır. Ona görə "məxməri inqilab" yolu ilə hakimiyyətə gələn Paşinyanın heç vaxt ciddi bir uğuru ola bilməz və Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan elə halda olmalıdır ki, bu digər MDB məkanında olan dövlət və xalqları qorxutsun".  Mərkəz rəhbərinin sözlərinə görə, Frankofoniyanın keçirilməsi Rusiyanın əlində Ermənistanın kimə məxsus olduğunu, necə bir dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etmək üçün çox əla bir imkandır və yəqin ki, Rusiya bundan istifadə edəcək: "Yalnız Makronun Vladimir Putindən Ermənistandakı Frankofoniyanın keçirilməsi məsələsini müzakirə edərək razılıq aldıqdan sonra Ermənistanda Frankofoniya insidentsiz keçirilə bilər. Ermənistanın vəziyyətinin düzəlməsi üçün bu ölkə hökmən işğalçılıqdan, qonşulara qarşı ərazi iddialarından əl çəkməli və Dağlıq Qarabağ problemini həll etməlidir. Bunları etməklə regional coğrafiyaya daxil olan Ermənistan, regiondakı qonşularının köməyi ilə özünü tədricən ayaq üstə qaldıra bilər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR