15 sentyabr - Bakının qurtuluş günü

Bütün müsəlmanları qırmaq əmri verilmişdi

15 sentyabr Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biridir. Mənbələrdə rəsmi adı Qurtuluş Günü kimi qeyd olunan bu tarixin Azərbaycan üçün əvəzsiz əhəmiyyəti var. 1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbə ilə həm ölkəmizin müstəqilliyinə yaranacaq ciddi təhlükə aradan qalxmış, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik ağalığına son qoyulmuşdur. 1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar 12 mindən artıq günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnmişdi. Tarixi faktlar o gün paytaxtın Türk əhalisinə tutulan divanın dünyanın ən vəhşi vandalizmləri ilə müqayisə oluna biləcəyini sübuta yetirir. O dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, orqanları doğranmışdı..." Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.Quduzlaşmış ermənilər müdafiəsiz insanları, xüsusən qadınları daha ağır işgəncələrlə öldürürdülər. Azərbaycanın böyük sənətkarı Nəsibə Zeynalova xatirələrində deyirdi ki, o gün azğınlaşmış ermənilər onun baba mülkünə daxil olub, həyətdə çörək bişirən nənəsini təndirə atıb yandırmışdılar. Amma bu soyqırımı həyata keçirən qaniçənlər təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər. Onlar şəhərin ən görkəmli məscidi sayılan Təzəpir məscidini aramsız top atəşinə tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan "Ismailiyyə" binasını yandırmış, Şirvanşahlar Sarayını güllə yağmurundan tanınmaz hala salmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıtmışdılar. Bu faciənin miqyası yalnız Bakı şəhəri ilə məhdudlaşmamışdı. Bu ərəfədə Şamaxıda, Qubada, Xaçmazda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Göyçayda, Lənkəranda, Muğan bölgəsində, Dağlıq Qarabağ və başqa bölgələrdə qətlə yetirilən insanların sayı 50 mindən artıq idi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir".1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən, qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv edilmişdi. Cəlladlar ölkənin Türk soylu müsəlman əhalisinə olan nifrətini həm də dini ziyarətgahları darmadağın etməklə göstərirdilər. Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu. O dövrdə göydələn minarələri olan Irəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Irəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə inşa olunmuşdu. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırdılar. Məscid insanlarla birgə tamamilə yanıb külə döndü. Belə bir zamanda Bakıya köməyə çağırılan Osmanlı Türkiyəsi Avropa dövlətlərinin etiraz etməsinə baxmayaraq, qardaş ölkəyə köməyini əsirgəmədi. 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirən Türk ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1200-dən çox şəhid verdi.

Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?   Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və ermənilərin "Böyük Ermənistan" xəyalı istiqamətində heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri ucbatından uğurla aparıla bilmirdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində Türklər qətliama məruz qalırdılar. 1918-ci ilin mart ayında ermənilər tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan Türkü ya öldürülmüş, ya da başqa mahallara qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərinə divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən təşkil olunmuş mütəşəkkil dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə AXC elan olundu.   Həmin illər Anadolu Türkləri üçün də ən ağır illər idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu dövrlərdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu Türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi. Qafqaz İslam Ordusunun meydana gəlməsi Rus əsarətindən qurtulub Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il dekabrın 29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabiti Ənvər Paşa ilə də görüşdürmüşdü. Avstraliyalı zabit ilə görüşdən sonra Ənvər Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud şəraitin köməklik göstərmək üçün münasib olduğu barədə ciddi qənaətə gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi.    Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözu olan İngilis və Alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahib olmasını planlayırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün (çünkü Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu formalaşdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə göndərdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.   Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndləri ilə görüşündə Qafqazda federativ, ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuri Paşanının Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi.    İyun ayının 4-də Osmanlı Dövləti ilə AXC arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi.   Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın AXC-nin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücumlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR