Ermənistan hakimiyyəti hərbi əməliyyatların başlaması üçün zəmin yaradır - ŞƏRH

İrəvandan Bakıya ünvanlanan təhdid dolu bəyanatlar bunu qaçılmaz edir

Ermənistan rəhbərliyi öz qeyri-konstruktiv mövqeyini davam etdirir. İşğalçı ölkənin yeni hökumətinin Ermənistanda idarəçiliyə gəldiyi ilk gündən Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə ortaya qoyduğu mövqe belə deməyə əsas verir. Maraqlısı odur ki, İrəvanın sözügedən problemlə bağlı açıqlama və bəyanatları daha çox Azərbaycanı təhdid və beynəlxalq hüquq və prinsiplərə hörmətsizlik xarakteri daşıyır. Ermənistan rəhbərliyinin bu aqressiv davranışlarına beynəlxalq birliyin seyrici qalması isə Azərbaycan tərəfində haqlı narazılıq yaradır və rəsmi Bakı İrəvan barədə ölçü götürülməyəcəyi təqdirdə Ermənistanın cəzalandırılacağını istisna etmir. Ekspertlər də hesab edir ki, Ermənistan rəhbərliyinin bu tipli açıqlamaları cəbhədə gərginliyin artması və hərbi əməliyyatların başlamasını qaçılmaz edir.

Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Nikol Paşinyan baş nazir olduğu ilk dövrlərdən fərqli olaraq, getdikcə Qarabağla bağlı mövqeyini daha da sərtləşdirir. Ekspertin sözlərinə görə, Paşinyan jurnalistin sualına cavab olaraq "biz referendum keçirəcəyik" deməsi ilə açıq aşkar Azərbaycanın daxili işlərinədə müdaxilə edir və Dağlıq Qarabağın Azərbaycanın tərkibində beynəlxalq hüququn subyekti olduğunu unudur: "O bu kütləyə hesablanmış fikrinin ardınca isə deyir "referendum keçirib, məsələni həll edəcəyik". Sual olunur məsələni "həll edəcəksənsə" onda daha referendiumu nə üçün keçirirsən?. İkincisi isə o referendiumun ki, nəticəsi başlanğıcdan məlumdursa, belə "referendumu keçirməyə" hansı axmaq sənə imkan verər? Nikol Paşinyan bu kəskin, həm də sərsəm bəyanatlar verməklə sülh danışıqlarından yayınır və bununla da Sərkisyan kimi nə sülh, nə də müharibə, yaşasın mövcud status-kvo siyasəti aparır. Paşinyan getdikcə Azərbaycana qarşı daha kəskin bəyanatlar verir, hədə-qorxu gəlir bizə. Bu cür sərt bəyanatlarla o, Ermənistanda möhkəmlənmək istəyir. Onun bu təbliğat xarakterli, gerçəklikdən uzaq bəyanatlarını xalq bəyənir və onun ardınca daha da sıx gedirlər. Bax bu fakt, yəni Paşinyanın öz nüfuzunu gücləndirmək üçün Qarabağ faktorundan bəhrələnməsi, onu göstərir ki, ermənilər heç də biz düşündüyümüz kimi nə vaxtsa ağıllanmayacaqlar, nəticə çıxarmayacaqlar". Rövşən Məmmədli deyib ki, Nikol Paşinyan bu cür bəyanatlarla Ermənistanda möhkəmlənib, seçkilərə möhkəmlənmiş vəziyyətdə getmək istəyirsə, deməli erməni cəmiyyətidə elə bu cür bəyanatlara aşiqdirlər: "Belə aşiqləri nə etmək lazımdır. İstədiyini əlindən alıb başından vurmaq lazımdır. Əslində isə Azərbaycan bu boşboğaz Paşinyanı vaxtında vurmalı, onu və onun kimi düşünənləri cəbhədə hər gün atəşə məruz qoymaq, hissə-hissə hər gün torpaqları geri almaq, onların beynəlxalq hüquqa zidd olan fikirlərini beynəlxalq aləmdə tənqid etmək, çevik diplomatiya aparmaqla dediklərinə peşiman etməlidir. Belə olarsa özlərinin olmayan Qarabağı əldən vermək istəməyən kütlədə özünə nəticə çıxarar. Bununla da Paşinyana ilham verən küçə kütləsi onun arxasından çəkilər, Paşinyanın da Yusif Sərrac kimi ulduzu parlamadan sönüb gedər".

Ekspert bu arada Ermənistanın daxilində cərəyan edən proseslərə də toxunub. Bildirib ki, keçmiş prezident Sərkisyanın ilkin mərhələdə .5 rayonun qaytarılması ilə bağlı işğalçı ölkədə yayılan "məxfi" sənədlər də əslində Paşinyanın özü tərəfindən hazırlanıb. Məqsəd xalq arasında siyasi nüfuzunu qoruyub saxlamaqdır: "Guya ki, sənəddə  bölgəyə sühməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışı kimi məqamlar əksini tapıb. Sənəddə Qarabağa yalnız aralıq statusu verilməsi nəzərdə tutulur, ancaq onun da nə vaxt olacağı qeyri müəyyən olaraq qalır. Paşinyan deyib ki, bu sənəd keçmiş rəhbərlikdən ona miras qalıb. Guya Rusiya da sənədə əməl olunması üçün ona təzyiq edir, ondan keçmiş razılaşmalara sadiq qalmaq tələb olunur".

Rövşən Məmmədlinin sözlərinə görə, ortada sənəd olsa belə, bununla Paşinyan Qarabağı qaytarmır, sadəcə söhbət 5 rayondan gedir: "Başqa sözlə Madrid prinsiplərinə əməl olunmasından söhbət gedir. Elə bizim üçün ən arzuolunmayan da o "aralıq statusudur".Ermənilər min fırıldaqla buna nail olmaq istəyirlər. Aralıq statusu o deməkdir ki, Qarabağ müəyyən müddətə (əslində həmişəlik) Azərbaycanın tərkibindən çıxır və sərbəst statusu olur. Sonra da məlum Referendium məsələsi. Yəni Qarabağ erməniləri arasında Ermənistana daxil olub-olmamaq haqqında referendum keçirilir. Bu da aydındır ki, referendum Qarabağın əldən getməsi deməkdir. Aralıq statusu alıb sərbəstləşən kimi Ermənistana tərəfdaş olan dövlətlər dərhal Qarabağın müstəqilliyini tanıyacaqlar". Ekspertyin qənaətincə,  Azərbaycanın KTMT-yə üzv olması məsələsi də elə bununla bağlıdır: "Ola bilsin ki, Putin də bununla bağlı Bakıya gəlir. Gəlir ki,guya 5 rayonu bizə qaytardı, əvəzində isə Azərbaycan KTMT-yə üzv olmalıdır". Rövşən Məmmədli hesab edir ki, rəsmi Bakı bəyanat verib  Minsk Qrupunun səlahiyyətinin alınıb BMT-yə qaytarılmasını tələb etməlidir: "Qarabağ nə qədər erməni əsirliyində qalsa da, beynəlxalq hüquqla ora Azərbaycanın ərazisidir və heç bir yolla bizdən alına bilməz. Azərbaycan hakimiyyəti bəyanat verib Madrid prinsiplərinin beynəlxalq hüquqa uyğun olmadığını və Azərbaycanın beynəlxalq hüquqla qorunan maraqlarını birbaşa pozduğu üçün ondan imtina etdiyini bildirməlidir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR