Beynəlxalq hüququ ayaqlar altına alan Paşinyana Bakıdan vacib xatırlatma

Bundan sonra baş verənlərin məsuliyyətini o daşıyacaq

Ermənistanın inqilab yolu ilə foirmalaşmış yeni hakimiyyəti də sələfinin yolunu gedir. Sərkisyan hakimiyyəti kimi Paşinyan hökuməti də Dağlıq Qarabağ probleminin həll istiqamətində mümkün danışıqlar prosesinə mane olmaq, onu yubatmaq, beləliklə mövcud status-kvonu saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə edir.  Hər halda Ermənistan baş nazirinin son həftələrdə Dağlıq Qarabağ problem ilə bağlı səsləndirdiyi sərsəm açıqlamalar belə deməyə əsas verir.

Hakimiyyətə gəldiyi gündən istər daxili siyasətdə, istərsə də iqtisadi sferada cüzi belə uğura nail ola bilməyən, əksinə bütün istiqamətlərdə, hətta diplomatik sahədə uğursuzluqlara düçar olan baş nazir Nikol Paşinyan artan xalq etirazlarını önləmək, daxildəki siyasi nüfuzunu qaldırmaq üçün əvvəlki hakimiyyətlər kimi Qarabağ kartından istifadə edir. Paşinyanın bu günlərdə Rusiya Federasiyasında səfərdə olarkən Dağlıq Qarabağın işğal altında olan ərazilərinin Ermənistana birləşdirilməsi mümkünlüyü barədə açıqlaması da bunun bariz nümunəsidir. Siyasi cəhətdən naşı və savadsız olan Paşinyanın ortaya atdığı ideyanın reallaşmasının nə hüquqi, nə də beynəlxalq norma və prinsipləri baxımından mümkün olmadığı inqilabçı baş nazirin özünə də bəllidir. Sadəcə görünür Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə üzləşdiyi uğursuzluqları buy olla ört-basdır etməyə, diqqətə bu kimi məsələlərdən yayındırmağa, beləliklə daxili auditoriyanı Qarabağ məsələsinə yönəltməyə çalışır. 

Nikol Paşinyanın Dağlıq Qarabağ problem ilə bağlı verdiyi son açıqlama həm də mövcud olan cəzasızlıq mühiti və bu mühitdən işğalçı ölkə rəhbərliyinin yararlanması kimi də xarakterizə edilə bilər. Təbii ki, burada söhbət beynəlxalq səviyyədə mövcud olan cəzazılıq mühitindən gedir. Belə ki, Ermənistan baş nazirinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı sərsəmləməsi nə qədər beynəlxalq hüquq və prinsiplərə zidd olsa da, hələlik heç bir beynəlxalq təşkilat və qurum, eləcə də münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu günə qədər Paşinyanın sərsəm açıqlamalarına reaksiya bildirməyiblər. Elə Azərbaycan tərəfini də əsas narahat edən məsələ məhz budur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən sözügedən məsələyə toxunub. Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir. Azərbaycan Prezidenti  Tomas Qremingerin diqqətinə xüsusi olaraq çatdırıb ki, Azərbaycan ATƏT-in bu təhlükəli bəyanatlara reaksiya verməsini istəyir. Çünki Paşinyanın son açıqlaması  öz növbəsində beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədlərinə qarşı hörmətsizlikdir. İnqilabçı baş nazir bu açıqlaması ilə konkret olaraq beynəlxalq hüquq və prinsipləri ayaqlar altına alır.

Dövlət başçısının ATƏT-in baş katibi ilə görüşdə  Tomas Qreminger vasitəsilə açıq şəkildə Ermənistan rəhbəırliyinə xəbərdarlıq da edib. Azərbaycan rəhbərliyinin sözlərinə görə, rəsmi Bakıda belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Yəni Azərbaycan dövlət başçısı Ermənistan rəhbərliyi, eləcə də beynəlxalq təşkilatları xəbərdar edir ki, işğalçı ölkə rəhbərliyini ağıllandırmasalar, o halda bu işi Azərbaycan özü icra etmək məcburiyyətində qalacaq. Bu isə yeni bir Aprel müharibəsi, nəticə etibarilə Ermənistanın ciddi və ağır məğlubiyyəti demək olacaq.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR