Bulanıq suda balıq axtarışı

Dayaq sütunu laxlayan Paşinyana qarşı çıxan qüvvələrin əhatə dairəsi genişlənir

Artıq dayaq sütunu laxlamış Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin vaxtını uzatmaqdan ötrü bütün mümkün üsullardan yararlanmağa çalışır. Baş nazir postunu əldən vermək istəməyən Paşinyan vətəndaşların sosial-rifah halının yüksəldilməsi iqtidarında olmadığını dərk etdiyindən boş-boş bəyanatlar verməklə xal qazanmaq yolunu seçib. Hələ   hakimiyyətinin 100 günlüyü ilə bağlı keçirdiyi mitinqdə səsləndirdiyi fikirlər göstərdi ki, onu ölkənin ağır sosial-iqtisadi durumu yox, yalnız hakimiyyətini uzatmaq məsələsi maraqlandırır. Siyasi ekspertlər hesab edirlər ki, Paşinyan bu müddət ərzində xalqa verdiyi vədləri nəinki yerinə yetirməyib, əksinə mövqelərini zəiflədib. Ermənistanın baş naziri hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsindən mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışsa da, tezliklə onun məqsədinin sadəcə zaman qazanmaq olduğu bilindi.İndi isə sələflərini təqib etmək yolunu tutan Ermənistan baş nazirini parlamentdə çoxluğun Respublikaçılarda olması narahat edir. Elə bu səbəbdən də Konstitusiyaya düzəlişlər ediləcəyinin anonsunu verib. Bu kimi fəaliyyətin nəticəsi olaraq hazırda Ermənistanda Paşinyana qarşı çıxan qüvvələrin əhatə dairəsi daha da genişlənib.

O da sirr deyil ki, Paşinyan hakimiyyətdə olduğu ötən müddətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçılıq mövqeyi dəyişməyib. İndiki məqamda Ermənistanda vəziyyəti real qiymətləndirə bilən qüvvələr hakimiyyətə gələcəyi halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişdən və regionda sabitliyin təmin olunmasından danışmaq olar. Paşinyan isə sözügedən münaqişə ilə bağlı cılız fikirlərini səsləndirməkdə davam edir. Onun Rusiya səfəri zamanı Qarabağ problemi ilə bağlı irəli sürdüyü ittihamlar baş nazirin bir daha üç üzünü açmış oldu. Ekspertlər hesab edirlər ki, bu cür ziddiyyətli açıqlamalar verilməsi Paşinyanın qeyri-ciddi siyasətçi olduğunu göstərir. Paşinyanın Rusiya səfəri onun gözləntilərini puça çıxarıb, ona görə də bu cür bəyanatlar verməklə diqqət yayındırmağa çalışır. Ermənistanın baş nazirinin Moskva səfərində səsləndirdiyi bəyanatlar həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir. Bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməsi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik, danışıqlar prosesinə isə zərbədir. XİN sözçüsü əlavə edib ki, bu tip bəyanatlar bir daha Ermənistanın münaqişənin tənmzimlənməsi ilə bağlı əsl niyyətini sübut edir: "Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Və onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu açıqlama bilavasitə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan rəhbərliyi bu ziddiyyətli və  təxribat xarakterli açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir".

Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada iş adamları ilə görüşdə söylədiyi sözlər sırf təxribatdır və açıq-aşkar avantüradır. Bu adam əvvəlki cinayətkar həmkarlarının yolu ilə gedərək, öz xislətini və mahiyyətini nümayiş etdirmiş oldu. Göstərdi ki, Ermənistanda hələ ki, normal düşüncəli siyasətçi, ağlı yerində olan dövlət adamı yoxdur, bütün siyasətçilər, idarəçilər daşnak ideologiyasına tutulublar və bu xəstəlikləri də sağalan deyil. O, qeyd edib ki, Paşinyanın sözləri həm də beynəlxalq hüquq normalarının, Azərbaycanın BMT Nizamnaməsi ilə təsbit edilmiş və tanınmış hüquqlarının açıq-aşkar və kobud şəkildə pozulmasıdır: "Bu adam hələ də anlamır və ya anlamaq istəmir ki, Azərbaycan 1992-ci ildə BMT-yə qəbul olunarkən, bu beynəlxalq təşkilat tərəfindən Qarabağ və ona bitişik işğal olunmuş ərazilər Azərbaycanın tarixi və qanuni əraziləri kimi tanınıb. BMT Təhlükəsizlik  Şurasının münaqişənin həlli ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamədə, həmçinin, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların  qətnamələrində bir daha Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb və işğalçı erməni hərbi birləşmələrinin, cinayətkar quldur dəstələrinin qeyd-şərtsiz həmin ərazilərdən geri çəkilməsi tələb olunub. Bütün dünya ictimaiyyətinə gözəl bəllidir ki, Qarabağ Azərbaycanın ayrılmaz, əzəli-əbədi ərazisidir. İşğal faktının hələ də aradan qaldırılmasına baxmayaraq, bu ərazi, bu torpaq heç zaman ermənilərin, Ermənistanın olmayıb və olmayacaq da. Azərbaycan öz ərazilərindən, öz torpaqlarından heç kimə güzəşt edən deyil. Bu, Azərbaycanın birmənalı və dəyişməz mövqeyidir. Odur ki, Paşinyan, nə qədər gec deyil, sələflərinin səhvlərindən düzgün nəticə çıxararaq, bölgədəki reallıqları nəzərə almalıdır.  Eyni zamanda, bəyanatlar verməkdən savayı, ötən 20-25 il ərzində heç nə ilə məşğul olmayan, heç nəyə nail olmayan həmsədrlər, ATƏT-in Minsk Qrupu da artıq hərəkətə keçməli, Ermənistanı ədalətli sülhə məcbur etməlidirlər. Bəyanatlar dövrü geridə qalıb, artıq konkret iş, əməli fəaliyyət dövrüdür". Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Nikol Paşinyanın Moskvada Dağlıq Qarabağ haqqında səsləndirdiyi fikirlər absurddur. Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi cəfəngiyyatdan başqa bir şey deyil. E.Məmmədov bildirib ki, Ermənistanın baş naziri belə mövqeyi ilə münaqişənin həllinə maraqlı görünmür. Onun sözlərinə görə, Paşinyan cəfəng fikirləri ilə danışıqlar prosesini də əngəlləyir: "Qarabağ tarixi torpağımızdır. Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Hələ ki, sülh danışıqlarına üstünlük verilir. Əgər Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR