Nikol Paşinyanın dövlətçilik anlayışı formalaşmayıb - ŞƏRH

Mübariz Əhmədoğlu: "Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkibi adlandırmaqla ölkəsinin AİB qarşısında götürdüyü öhdəliyi pozdu"

Ermənistan rəhbərliyi rəsmi Bakı tərəfindən ona verilən şansdan yararlanmaq əvəzinə, daha da aqressivlik nümayiş etdirərək həm Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, həm də Azərbaycanı təxribata çəkməyə çalışır. Son bir həftə ərzində işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar belə deməyə əsas verir. Qeyd edək ki, Paşinyan Ermənistanda hakimiyyət çevrilişinə nail olandan sonra da, bu tipli bəyanatları, aqressiv, qeyri-konstruktiv mövqeyi ilə gündəm yaratmağa çalışırdı. Oğlunu hərbi xidmət keçmək üçün Qarabağa göndərməsi, problemin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın deyil, Dağlıq Qarabağın separatçı rəhbərliyinin təmsil olunması kimi sərsəm təşəbbüsü bütün bunların tərkib hissəsi idi. İndi isə inqilabçı baş nazir bir qədər də irəli gedərək işğal altında saxladıqları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mümkünlüyündən danışıb. Ermənistan rəhbərliyinin çıq-aşkar Azərbaycana meydan oxumaq, onu təxribata çəkmək cəhdi nə qədər erməni cəmiyyəti, daxili auditoriyaya hesablanıb, 2016-cı ilin Aprel savaşından sonra ruh düşkünlüyünə, qorxuya uğramış erməni cəmiyyətində yüksək əhval-ruhiyyə yaratmağa hesablansa da, bir o qədər də işğalçı ölkənin maraqlarına, onun beynəlxalq aləmdəki onsuz da olmayan imicinə zərbə vurmağa xidmət edir. Çünki Nikol Paşinyanın işğal altında olan Azərbaycan ərazilərini Ermənistana birləşdirmək istəyi kökündən yalnış olmaqla bərabər, həm də beynəlxalq hüquq və prinsiplərə kobud şəkildə ziddir. Təsadüfi deyil ki, elə ekspertlər də bu qənaətdədirlər. Həmçinin ekspertlər Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi inqilabçı baş nazirin siyasi cəhətdən kasad olması kimi də xarakterizə edilir.  

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın dövlətçilik anlayışı hələ də formalaşmayıb. Onun sözlərinə görə,  Dağlıq Qarabağın "müstəqilliyi" qeyd olunanda Dağlıq Qarabağda olmadı, amma ondan bir neçə gün öncə oğlunun andiçmə mərasimində ailəsi ilə birlikdə iştirak etdi: "Təkcə bu fakt özü göstərir ki, Nikol Paşinyan ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin nə olduğunu başına yeridə bilməyib. Ermənistanın daxili problemlərindən, özünün bacarıqsızlığından diqqəti ayırmaq üçün Dağlıq Qarabağ məsələsində məntiqsiz, savadsız, ziddiyyətli fikirlər səsləndirir. Əgər doğrudan da Ermənistanın adından danışıqlarda iştirak edirsə və Rusiya ilə münasibətləri səmimi şəkildə normallaşdırmaq istəyirsə, o zaman çox asanlıqla Mehri dəmir yolunu açmaq məsələsini aktuallaşdırmalıdır. Mehri dəmir yolunun keçdiyi ərazilərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Sofistika ilə məşğul olması isə onu çətin vəziyyətə qoyur. Amma onun Moskvada olarkən Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə verdiyi bəyanat birbaşa Avrasiya İqtisadi Birliyinə qarşı yönəlib. O, Qərbin maraqlarına uyğun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ləkələdi. İndi də eyni bu motivasiya üzrə AİB-ə qeyri-ciddi qurum donu geyindirmək istəyir". Mərkəz rəhbəri deyib ki,  Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələsində Nikol Paşinyanı pis vəziyyətə saldı: "Hətta rusiyalı mütəxəssislər Birləşmiş Ştatların Ermənistandakı məxfi laboratoriyasına girdi. Nikol Paşinyanın düşüncəsinə görə o Qərbi inandıra biləcək ki, Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatına cinayətkarın başçılıq etdiyini sübut etmək Qərb üçün Rusiyanın onun biolaboratoriyalarına girməkdən daha faydalıdır. İnamı möhkəmləndirən faktor kimi AİB-ə zərbə endirdi. Ermənistan AİB-ə üzv olarkən Dağlıq Qarabağı öz tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürüb. İndi Ermənistanın birinci şəxsi bu öhdəliyi danır. Rusiyanın susması maraqlıdır. Ola bilər Ermənistandan daha əlavə nələrsə bunun əvəzində qoparacaqdır". Mübariz Əhmədoğlu deyib ki, amma Rusiyanın susması hələ hər şey demək deyil. Qarşıda minimum 2 variant var: "Birincisi, rəsmi Bakı rəsmən AİB rəhbərliyinə müraciət edə bilər. İkincisi, Avrasiya İqtisadi Birliyi təkcə Rusiyadan ibarət deyil. Qazaxıstan və Belarus da AİB üzvləridir. Maraqlı vəziyyət yaranıb. Rusiya hansı qaydada MDB məkanında dövlətlərin milli maraqlarını, suverenliyini inkar edirsə, eynilə o qaydada ABŞ və iri dövlətlər Rusiyaya qarşı davranırlar. Rusiya milli maraqlarının danılmasını istəmirsə, MDB məkanındakı dövlətlərin milli maraqlarını danmasın".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR