Elman Nəsirov: “İlqar Məmmədov onun üzərində daha çox baş sındırmalıdır ki...”

Tural Abbaslı: "Azər Qasımlı və Natiq Cəfərli daha realist və dolğun danışdılar, nəinki liderləri..."

REAL Partiyasının sədri İlqar Məmmədovun sentyabrın 4-də keçirdiyi mətbuat konfransında verdiyi mesajlar geniş müzakirələr doğurub. Keçmiş vicdan məhbusunun iqtidar və müxalifətə ünvanladığı mesajlar daha çox diqqət çəkib.

REAL rəhbəri hakimiyyətlə debatlara hazır olduğunu bəyan etməklə yanaşı, uğur qazanıb hakimiyyətə gələcəklərini bildirib. Bundan əlavə, o, iqtidarın ünvanına sərt tənqidlər də səsləndirib.

İ.Məmmədovun demokratik düşərgəyə verdiyi mesajlarda isə əsas diqqətçəkən məqam REAL-ın mitinqlər keçirib-keçirməyəcəyi barədə verilən suala cavabıdır. O, indiyə qədər keçirilən bəzi aksiyaların hakimiyyətin işinə yaradığını və iqtidarın bundan bəhrələndiyini qeyd edib. Bununla da o, Müsavat və AXCP-nin bostanına "daş atıb". REAL rəhbəri dolayısı ilə ənənəvi müxalifətin uğursuz olduğunu da önə çəkib.

YAP-çı deputat Elman Nəsirov İ.Məmmədovun dediklərinə bu cür reaksiya sərgilədi: "Əvvəlcə onu deyim ki, İlqar Məmmədov iddia etdiyi kimi siyasi məhbus deyildi. Sübutlar əsasında o, həbs edilmişdi. Ümumiyyətlə, tək o deyil, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib edilmir, həbs olunmur. Bu da ondan ibarətdir ki, cənab prezident Azərbaycanın demokratik inkişaf yolunu müəyyən edib. Bu gün ölkəmizdə müxalifət istədiyi vaxt mitinqlərini keçirir. Əgər o mitinqlərə 800-1000 nəfər gəlmirsə, bu artıq onların öz problemidir. İlqar Məmmədovun azadlığa çıxdıqdan sonra verdiyi bu bəyanatların mahiyyətini biz dərk edirik. O nikbin ruhda danışmaqla öz tərəfdarları arasında nüfuzunu qoruyub saxlamaq istəyir. Onun hakimiyyətə iddialı olması normaldır. Bu baxımdan İlqar Məmmədovun prezidentlik arzusunda qeyri-adi heç nə yoxdur. Kimin hakimiyyətə gəlməsini xalq müəyyən edir. İlqar Məmmədov yaxşı bilir ki, 2016-cı ildəki referendumla xalq İlham Əliyevin mövqeyini dəstəklədi. Bu həm də cənab prezidentə olan böyük etimadın ifadəsi idi. Bu ilin aprelindəki seçkilərlə cənab prezident xalqın mütləq əksəriyyətinin səslərini qazanmaqla növbəti dəfə prezident seçildi. Bu baxımdan İlqar Məmmədov yaxşı bilməlidir ki, ölkə başçısının reytinqi hansı səviyyədədir. Onunla siyasi mübarizə aparıb qalib gəlmək imkanları olan ikinci bir siyasətçi yoxdur. İlqar Məmmədov onun üzərində daha çox baş sındırmalıdır ki, bundan sonrakı fəaliyyətində cinayət tərkibli hərəkətlərə yol verməsin. Digər tərəfdən, bu suala cavab tapsın ki, müxalifət nədən bu qədər zəifdir, mitinqlərinə nə üçün qohum-əqrəbaları, dost-tanışları toplanır. REAL Partiyasını bu gün Azərbaycan cəmiyyətində çox az adam tanıyır. İlqar Məmmədov ilk növbədə, sualı özünə, müxalifət düşərgəsinə verməlidir".

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat"a bildirdi ki, İlqar Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirlər və bəyanatlar azadlığa çıxdığı gündə səsləndirdiyi fikir və bəyanatlardan nisbətən fərqli idi: "Azadlığa çıxdığı ilk gündə mətbuata verdiyi bəyanatlarda daha radikal, pafoslu və eyforik idi. Bu, haradasa anlaşılandır. Çünki adam 5 ildən artıq bir müddətdə həbsdə olub və bir çox siyasi məsələlər və müasir siyasi dəngələr barədə məlumatsız qalıb. Bu məlumatsızlığın və aydın təsəvvürün yoxluğu da konfransda açıq şəkildə görünürdü. Hətta deyərdim ki, jurnalistlər İlqar bəyin azadlığa yeni çıxmasını nəzərə alaraq onun üzərinə çox getmədilər, suallarla çox da basqı yaratmadılar. Ancaq REAL-çılar bunun daima belə davam edəcəyini də düşünməməlidirlər və mətbuat qarşısına daha hazırlıqlı çıxmalıdırlar. Düşünürəm ki, REAL sədrinin həbsdə olması səbəbi ilə formalaşan imici və bu imicin təsiri altında insanlarda yaranmış fantastik gözləntilərin qarşılığını vermək bu qurum və onun təsisçiləri üçün heç də asan olmayacaq. Əksinə, bu gözləntilərin reallaşmadığını görən dəstəkçilər xəyal qırıqlığına uğraya və dəstəkçiləri əleyhdara, kəskin tənqidçilərə çevirə bilər. Şəxsən bir siyasətçi kimi mətbuat konfransından gözləntilərim qətiyyən doğrulmadı. Partiya rəhbəri olaraq İlqar Məmmədovun azadlığa çıxmasından 20 gün sonra ilk mətbuat konfransını keçirməsini nəzərə alsaq, mətbuat nümayəndələri önünə bundan daha hazırlıqlı çıxmaq olardı, deyə düşünürəm. Müxtəlif istiqamətlərdə verilən suallara konkret cavab verilmədi. Hətta bəzi suallara ümumiyyətlə cavab vermək istəmədiyini bildirdi. Azərbaycandakı digər müxalifət partiyaları ilə əməkdaşlığın mümkünlüyü barədə verilən suala verdiyi ironik cavabın isə qətiyyən yeri yox idi. Bu cavabdan açıq şəkildə aydın olurdu ki, İlqar bəy hələ də türmə eyforiyasından ayılmayıb. Hətta müxalifət liderləri ilə çıxdıqdan sonra ünsiyyəti barədə danışanda belə ona zəng edərək təbrik etmiş siyasilərin adlarını belə çəkmədi, sadəcə, təmsil etdikləri partiyaların adları ilə kifayətləndi. Belə nüansların sadə vətəndaşlar arasında yaradacağı rəyi deyə bilmərəm, ancaq müxalif siyasi çevrələrdə heç də xoş rəylər formalaşdırmayacağını dəqiq deyə bilərəm. İddialı olması barədə nəsə deməyim doğru olmaz. Çünki istənilən siyasi quruluş iddialı olmalı və bu iddialara uyğun addımlar atmalıdır. Bu arada İlqar Məmmədovun REAL-ın yeganə ideoloji partiya olduğunu deməsini də qəbul etmirəm. Ola bilsin bəy azadlığa təzə çıxıb deyə bu barədəki ictimai fikirdən o qədər də xəbəri yoxdur. Əslində Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların ideoloji yanaşmasında cümhuriyyətçilik faktoru var. Bu barədə REAL-ın nəsə yenilik gətirdiyini düşünmürəm. Məncə, jurnalistlərin verdiyi suallar ətrafında Azər Qasımlı və Natiq Cəfərli daha realist və dolğun danışdılar, nəinki liderləri. Özlərinin əsasən ideologiyaya dayalı bir partiya olduğunu bəyan edən sədrin, elə həmin tədbirdəcə Erkin Qədirlinin timsalında daxildə fikir ayrılıqlarının olduğunu etiraf etməsi də ayrı bir nonsens oldu mənim üçün. İdeologiyanı əsas götürən bir siyasi qurumda fikir ayrılığı necə və nəyin ətrafında ola bilər axı? Hətta REAL-dan artıq istefa vermiş şəxslər barədə suala cavab verərkən İlqar Məmmədov partiyadaxili məsələlərə hələ də hakim olmadığını nümayiş etdirdi. Hətta bu barədə ətraflı məlumatı olmadığını açıq şəkildə etiraf da etdi. REAL sədrinin Azərbaycanın siyasi gündəminin əsas mövzularından biri olan "Nardaran hadisələri" və hadisələrdə həbs olunanlar barədə açıq mövqe nümayiş etdirə bilməməsi və bu barədə də hələ maraqlanacağını deməsi başqa bir maraqlı məsələdir. Çünki bu insanların demək olar ki, hamısı elə İlqar Məmmədovun özü kimi siyasi məhbus hesab olunur və bir çox təşkilatlar tərəfindən bu belə də tanınıb. Bu açıq məsələ barədə fikir bildirməkdə çətinlik çəkməsi mənə başqa mətləblərdən xəbər verir. Zaman hər şeyə aydınlıq gətirəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR