Türk Birliyinə aparan YOL

Bizim şan kitabımız, kimlik kitabımız olan "Kitabı Dədə Qorqud"da yazılır: "Xanlar xanı Xan Bayandur yılda bir kərə toy edib Oğuz bəglərini qonuqlar idi. Bir gün genə toy edib atdan ayğır, dəvədən burğa, qoyundan qoç qırdırmışdı".  
 

İki gün bundan əvvəl Qırğızıstanın Çolpan-Ata şəhərində  İssık Kul gölünün sahillərində  belə bir TOY qurulmuşdu. Dövlət başçısı Sooronbay  Jeenbekov  Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Macarıstan  prezidentlərini TOY mağarında qarşıladı.
 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinə dəvət olunan qonaqlar Müqəddəs İssık Kul gölünün ətrafında  qaim qədim türk oyunlarını, mərasimlərini, adət-ənənələrini seyr etdilər. İssık Kul gölünün ətrafında xaqanlar, xanlar dövründə olduğu kimi ağ çadırlar quruldu. İssık Kul həmin məkan idi ki,  uzun illər, qərinələr, əsrlər bundan əvvəl Coru, Börü, Barqı, Bekten Bayqut, Avat, Quşçu, Jaqalmay, Adıgenə, Munquş, Nayman, Oğuz, Qıpçaq tayfaları buralarda at qovuq, qurşaq atıb, ov obvlayıb, quş quşlamışdılar. İndi dost evinə gələn qonaqlara  bu günümüzə qədər qoruyub saxladığımız adət-ənələrimizi, oyunlarıımızı təqdim etmək üçün  dünyanın 62 ölkəsindən türkdilli, türk mənşəli xalqlar, tayfalar bu yarışlarda öz güclərini, biliklərini, məharətlərini Ümumdünya Köçəri Oyunları  festivalında sınamağa gəlmişdilər.
 

Qırğızıstanda keçirilən SAMMİT-də nələr oldu...
 

1. Bundan əvvəlki oyunların da, indiki oyunların da  qaliblərin, çempionlarının  adı xüsusi kitaba yazılacaq. Ümumdünya Köçəri Oyunları  Festivalı 1aliblərinin kitabı muzeydə saxlanılacaq.
 

2. Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının görüşü ərəfəsində  Macarıstan Respublikası Beynəlxalq Türk Akademiyasının daimi üzvlüyünə qəbul olundu.  Sammitdə Macarıstanın Baş nazirirnin öz arzusu ilə iştirak etməsi, bu şurada iştirakçı - müşahidəçi status alması, Türk birliyinin Avropanın Mərkəzində bərqərar olması, qədim kökünə və tarixinə bir daha baş vura bilməsi üçün böyük şansdır.  Bu şans türk dünyasnın böyük sərkərdəsi  Əmir Teymurun ağlı və diplomatiyası hesabına qazanılmışdı. Əmir Teymur öz  hakimiyyəti illərində 27 ölkəni  bir ittifaqda birləşdirmişdi. İndi Macarıstan kimi dost ölkənin də Akademiyaya üzv olması türk birliyini coğrafiyasının genişlənməsinə imkan verir.
 

3. Mirvarı dalğalı, zümrüd gözlü İssık Kulun sahilindəki Çolpan-Ata şəhərində  "Rux Orda" Mədəniyyət mərkəzində keçirilən Türkdilli Ölkələrin VI Sammitdə iştirakçı ölkələrin dövlət başçıları prezidentlər  İlham Əliyev, Nursultan Nazarbayev, Rəcəb Tayib Ərdoğan və samittə qonaq qısmində qatılan  Şavkat Mirzyayev və Macarıstanın Baş naziri Viktor Orbanı salamlayan Soornbay Jeenbekov iştirak edirdi.
 

4. Maraqlı məqamlardan biri də o idi ki, böyüyə hörmət, ağsaqqala ehtiram prinsipləri dövlət başçıları arasında xüsusi olaraq riayət edilirdi. Türk dünyasının ağsaqqlı Nursultan Nazarbayev hər yerdə irəlidə görünürdü. Sammitdə iştirak edən dövlət başçılarının hər birinin üzünə gülüş, hərəkətlərində mehribanlıq və doğmalıq var idi.
 

5. Soornbay Jeenbekov hər bir birliyin əsasının iqtisadiyyatdan keçidyini vurğulayaraq, eyni zamanda  Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın artmasının mühüm əhəmiyyəti olacağını, bu sahədə daha çox özəl sektorlara şərait yaradılmasının vacibliyini vurğuladı. Bütün mədəniyyətlərin YOL-dan başladığını nəzərə alsaq, elə Qırğız prezidentinin də  Şərqlə-Qərbin arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün Çin-Qırğısıtan-Özbəkistan  dəmir yolu magistrlanın böyük rol oynadığını qeyd etməsi, bunun bir isbatıdır.
 

6. Turizm dinamik inkişafı da  ölkələr arasında əməkdaşlığı gücləndirəcək şərtlərdən biridir. "Müasir İpək Yolu"  turizm paketi bu marşrutu daha da reallaşdıra bilər. Çünki bu layihə Azərbaycan, Qazaxıstan və Qırğısıtandan keçir. Tədricən Özbəkistan və Macarıstan da bu marşruta qoşulacaqlar. Çünki Özbəkistan Türk daynyasınnı nadir tarixi abidələri ilə zəngindir. Təsadüfi deyil ki, Qazaxıstan prezidneti "Ruhani mənəviyyatımız" adlı xalqa müraciətində qədim ibadət, ocaq, yurd yerlərimizin abadlaşdırılıb, axtarılıb tapılması üçün etdiyi öyüd-nəsihət, elə bu paketin Türk dünyasının tarixi abidələrini dünyaya, insanlara tanıtmaq üçün ən əlverişli formasıdır.
 

6. Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğanın da Qırğızıstana ikigünlük səfər etməsi  görüşə xüsusi rəng qatdı. Bu tədbrilər çərçivəsində  Qırğızstan biznes forumu keçirildi, nəticədə Qırğızıstanın Narın vilayətinin Azad İqtisadi Zonaya çevrilməsi qərara alındı. İki ölkə bu məqsədlə mal dövriyyəsini 1 milyard $-a çatdırmaq niyyətindədirlər. Bu da türkdilli ölkələrdə insanların iş yerlərinə sahib olmaq, dolanışıq və firavan həyat keçirməsi üçün əsas şərtlərdən biridir.
 

7. Sammitdə iştirak edən türkdilli ölkələrdən Müstəqillik tarixi ən böyük olanı Azərbaycandır. Bu münasibətlə Qırğız Respublikasının prezidenti Soornbay Jeenbekov Azərbaycan Prezidneti İlham Əliyevi Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə təbrik etdi.
 

8. İlham Əliyev öz növbəsində Sooronbay Şərifoviçə göstərilən qonaqpərvərliyə görə və Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyi üçün dərin minnətdarlığını bildirdi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edən Qazaxıstan tərəfinə də öz minnətdarlığını bildirirdi.  Azərbaycan dövlət  başçısı ölkəmizin  bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını,bu əlaqələrin gündən-günə möhkəmlənib və genişləndiyini dedi. Siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə  və bütün istiqamətlərdə  üzrə gözəl nəticələr olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verməsinin əhəmiyyətini qeyd etdi. "Qırğızıstanla əlaqələrimiz hər zaman yüksələn xətlə davam edib. Biz həm siyasi, hə iqtisadi, həm nəqliyyat sahəsində ən mehriban əməkdaşlıq münasibətlərimiz vardır. Bu günkü görüş isə, əlaqələrimizin möhkəmlənməsinə yeni impuls verir"-deyə qeyd etdi.
 

9. Təsadüfi deyil ki, Türk dövlət başçılarının iştirak etdiyi Zirvə görüşündə Azərbaycan prezidenti keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük bir layihənin adını çəkdi.  Həmin oktyabr ayında Turana ilk yol Bakıdan başladı.  Çünki bu  yol Asiyanı Avropa ilə birləşdirir. Nəqliyyat baxımından  çox əlverişli olan  bu yol Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı birləşdirir.  Ötən ildən etibarən artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir.
 

10. Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Prezident Nursultan Nazarbayev dedi ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Qazaxıstan prezidenti təşkilata sədirlik etdiyi dövrdəki üç il ərzində gördükləri işlərdən danışdı: 
 

"Bizim sədirliyimiz dövründə elmi-maarifləndirilmə məsələləri önə çəkildi. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan çəktəbləri üçün "Ümumi türk tarixi" dərsliyi yazıldı.  Beynəlxalq Türk akademiyası tərəfindən 90-a yaxın kitab nəşr edildi. "Atalar mirası" adlı portal fəaliyyətə başldı. "Türkbarometr" layihəsim reallaşdı. Türkdilli ölkələr arasında Türizmi inkişaf etdirmək üçün"Müasir İpək Yolu" layihəsi çərçivəsində  müqəddəs və tarixi yerlərə 14 günlük səyahət hazırlandı".
Qeyd etmək lazımdır ki, Nursultan Nazarbayevin önə çəkdiyi bu layihələrin hamısını Beynəlxalq Türk Akademiyası  (TWESCO) həyata keçirdi.
 

11. Müasir Türk dünyasının lideri və ağsaqqalı Nursultan Nazarbayev Türk Şurasında "Türk dünyasının 100 tanınmış şəxsiyyəti" adlı layihənin, "Türk dünyasının qədim dini mərkəzlərin, iqamətgahların, müqəddəs ziyarətgahların  coğrafiyası"nın hazırlanması layihələırinin həyata keçirilməsini irəli sürdü.
 

12. Özbəkistanın  Türk Şurasına qoşulması qardaş iştirakçı dövlətlər üçün əsl sevinc oldu. Həmin sevinci  Qırğız Respublikasının prezidneti Soornbek Jeenbekov belə dilə gətirdi:
 

"Özbəkistan Respublikasının Türk Şurasına qoşulmağını və bizi dəstəkləməsini, üzv dövlət olmasını çox yüksək qiymətləndirirəm. Bu addım bizim Şuranın  beynəlxalq aləmdə  nüfuzunu artırılmasına xidmət edən bir addımdır. Özbəkistanın yanımızda olması  Türk Şurasına yeni nəfəs verməklə yanaşı, eyni zamanda yeni mənbələri  təzələyəcək".
 

13. Özbəkistan prezidenti Savkat Mirziyoyevin  samitdəki çıxışını şərh etməzdən əvvəl, çox yaxın vaxtlarda olan hadisəni xatırlatmaq istəyirəm. Özbəkistan prezidenti  ikinci səfərini qardaş Türkiyəyə etmişdi. Həmin gün çox mutlu və qayğısız görünürdü. Türkiyədə Rəcəb Tayyib Ərdoğanın iqmətgahında etdiyi çıxışda belə söylədi: "Gözlərimizdən görünür ki, 20 illik ayrılıqdan sonra keçirilən bu görüş bizim üçün çox dəyərlidir. Sevincimiz gözlərimizdən də oxunur. Bir-birimz üçün nə qədər darıxdığımızı göstərir" - demişdi. İndi dostlar üçün darıxan, türkdilli ölkələr, eləcə də qonşu ölkələrlə sıx dostluq əlaqələri və münasibətləri qurmaqda maraqlı olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, bildirdi:
 

"Sonuncu dəfə rəsmi Daşkənd Türk Şurasının  2000-ci ildə Azərbaycanda keçirilən  Qurultayında təmsil olunub. 2006-ci ildən etibarən isə rəsmi Daşkənd Sammitdə iştirakdan imtina etmişdi. Mən belə hesab edirəm ki,  bizim ölkələrimiz beynəlxalq, regional məsələlərdə irəli sürdükləri mövqeləri ilə bir-birlərinə yaxındırlar. Bununla belə bizim  xalqlarımızın həyat tərzi də həyatın bütün sahələrində - iqtisadiyyat, investisiya, innovasiya, nəqliyyat və kommunikasiya, turizm, elm və təhsil kimi mühüm sahələrdə işləməyə və əməkdaşlığı genişləndirməyə imkan verir. Qazaxıstan, Qırğızstan,Türkiyə və Azərbaycanla olan əməkdaşlığımızın nəticəsində ölkələrimiz arasındakı ticari-əmtə əmsalı 40 faiz artıb. Bu yaxınlarda nəzərdə tutduğumuz Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açacaq".

14. Zirvə görüşündə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor Orban macar xalqının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Viktor Orban Avropanın mərkəzində yerləşən Macarıstanın da öz dilini və mədəniyyətini qoruduğunu dedi, bu məqsədlə ölkəsində həyata keçirilən tədbirlərdən danışdı:
 

"Biz macarlar macar dilində danışırıq. Bu türk dilləri ilə qohum olan  çox nadir və gözəl bir dildir. Biz qıpçaq-türk dəyərləri əsasında xristianlığı qəbul etmişik. Hər il Macarıstanda türkdilli xalqların qurultayı keçirilir.Şuraya üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar və Türkiyə ilə olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bir neçə ildir ki, strateji tərəfdaşlıq səviyyəsindədir. Məqsəd həm də Qırğızıstan və Özbəkistan ilə münasibətləri eyni səviyyəyə çatdırmaqdır. Onu da deyim ki, Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd verir".

15. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrildiyini diqqətə çatdıraraq dedi:
 

"2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var".
 

Prezident Rəcəb Tayyib Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafından danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğuladı, onun həm də xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini söylədi. Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm verdiklərini söyləyən Türkiyə prezidenti Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmindən danışdı.  Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə fdüşdüyünü xatırladı. Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasından duyduğu məmnunluğu  xüsusi olaraq dilə gətirdi. 
 

16.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin önəmli olduğunu bildirərək dedi:
 

"Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik".
 

17. Sammitin sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  DEKLARASİYAsı qəbul olundu.
 

1) TDƏŞ-nın yeni baş katibinin və müavinin təyin edilməsi, 2) Macarıstanın müşahidəçi statusunun alması, 3) TDƏŞ-nın dövlət başçılarının birgə bəyanatı. 


Bəyanatda deyilir ki:
 

1) Türkdilli  dövlətlərin inteqrsiyasının  konsepsiyası,
 

2) TDƏŞ-nın dövlət başçılarının  milli idman növləri və gənclər siyasətinin genişləndirilməsi üzrə əməkdaşlığın möhkəmlənməsi.
 

3) Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi.
 

18. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Sammiti 2019-cu ildə Bakıda keçiriləcək.
 

19. Türkdilli Dövlətlərin Əməkdaşlıq Sammitində Bağdad Amreyev yeni Baş katib seçildi. Təşkilatın yeni sədri bildirdi ki, Qırğızıstanda başa çatmış sammitdə birgə bəyannamə imzalanıb ki, bu sənəddə təşkilatın fəaliyyətinin bütün istiqamətləri, eləcə də türk dövlətlərinin inkişaf konsepsiyası öz əksini tapıb.
 

20. Sammitin daha bir vacib məqamı Macarıstanın müşahidəçi statusunun alması oldu. Hazırda isə Özbəkistanın Şuraya üzvlük məsələsi müzakirə olunur.
 

21. Türk Şurası dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdıralı  ikinci müddətə təşkilata rəhbər təyin olundu.


Sammit iştirakçıları olan dövlət başçıları  ötən 4 il ərzində Akademiyanın gördüyü işlər, irəli sürdüyü layihələr və qazandığı uğurlara görə, Darhan Kıdıraıya təşəkkür ediblər. Qeyd olunub ki, qısa zaman kəsiyində dr.Darxan Kıdıralının rəhbərliyi və təşəbbüsü ilə türk dünyasının tarixini, keçmişini əhatə edən səəmərəli  elmi-praktik konfarnslar, arxeololoji qazıntılar aparılıb. Məktəblilər üçün "Ümumi Türk tarixi" dərsliyi, "Əcdadlarımızın irsi", "Türkbarometri" adlı layihələr, BMT və UNESKO-da Türk dünyası və ədəbiyyatı, şəxsiyyətləri haqqında keçirilən beynəlxalq simpoziumlar, beynəlxalq forumlar, 90-dan çox  elmi əsərlərin işıq üzü görməsi Akademiyanın Türk düyasına verdiyi töhfədir. Dövlət  başçıları tərəfindən  Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə verilən yüksək qiymət Samiitin qəbul etdiyi deklarasiyada bu müddəalar öz əksini tapıb.
 

Artıq rəsmi Bakı da gələn il Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasının qədim türk yurdu Azərbaycanda keçirilməsinə hazırlaşır. İnanıram ki, Odlar yurdu Azərbaycanda da Dədə Qorqud Ənənlərinə uyğun olaraq çadırlar qurulacaq, mərəkələr başlayacaq,  TOY qazanları asılıb, od-ocaq yandıracaq!!! 

Çünki Turanın müasir yolu da Azərbaycandan başladı. Və o birlik o qədər möhkəm olacaq ki, dünyaya sülh-əmin-amanlıq bəyənatları yenə Azərbaycandan veriləcək. Və bir gün də Türk Dünyasının Əməkdaşlıq Şurası Göy Türklərin təşəkkül tapdığı Ötükəndə bir araya gəlib, BİRLİKlərini elan edib Əbədi Bəngü daşa imzalarını atacaqlar!!!

 

Aida Eyvazlı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR