Yunus Oğuz:“Bu gün Azərbaycan strateji xətlər üzərində klapan rolunu oynayır”

"İlham Əliyevin Qırğız Respublikasında Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə ilə bağlı səsləndirdiyi mesaja dost ölkələrin müsbət reaksiya verəcəyi heç bir şübhə doğurmur"  

Bu gün Azərbaycan özünü dünya dövlətlərinin strateji əməkdaşı kimi təqdim edir. Bütün iri regional neft-qaz, infrastruktur layihələrin əsas aparıcı qüvvəsinə çevrilən ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli proyektlərin həyata keçməsində yaxından iştirak edir. Məlum olduğu kimi Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihəsinin reallaşmasında aparıcı rol oynayıb.

Bu günlərdə Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev "Bütün dost ölkələri Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməyə çağırıram"-bəyanatını səsləndirib.

"Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru, siyasi icmalçı, yazıçı, tədqiqatçı Yunus Oğuz "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, özünü Azərbaycana dost sayan dövlətlərin hər biri Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə maraqlıdır. Yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün əhəmiyyətli dövlət olan Azərbaycanın bir sıra beynəlxalq iqtisadi, infrastruktur layihələrinə həyat verməsi diqqət çəkəndir: "Əlbəttə, Prezident İlham Əliyev "dost ölkələr" sözünü çox düzgün vurğulayıb. Bəli, bu gün Azərbaycanla dost olmayan Ermənistan kimi ölkə də var. Tutalım, Ermənistan Hindistanla yükdaşımaq istəyir. Azərbaycan buna imkan verərmi ki, bu marşrut üzrə Hindistandan Ermənistana, Ermənistandan da Hindistana yük daşınsın. Baxmayaraq ki, Hindistanda ermənilərin sayı kifayət qədərdir və orada erməni lobbisi fəaliyyət göstərir. Təbii ki, ölkə başçısı "dost ölkə" deyərkən Qazaxıstanı, Rusiyanı,  Türkiyəni, Özbəkistanı, Belarusu, digər ölkələri nəzərdə tutub. O ölkələri ki, həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Bu gün Azərbaycan regionda böyük bir gücə, bütün sahələrdə strateji əhəmiyyətə malikdir. Ölkəmiz Şərqlə Qərbi birləşdirən strateji bir məkanda yerləşir. Azərbaycan güclü geostrateji gücə malik olduğundan ölkə başçısı İlham Əliyev bütün dost dövlətləri əhəmiyyətli Şərq-Qərb dəhlizindən,  Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəyə çağırıb.  Burada söhbət təkcə yükdaşımadan, sərnişin, turist daşımadan getmir, strateji neft-qaz borularından, Azərbaycan qazının borulara yüklənərək Avropaya ötürülməsindən, gəmidaşımadan və s gedir". "Tutalım, Türkmənistan Ermənistanla müqavilə bağlaya bilər ki, biz sizə Azərbaycan vasitəsilə qaz verəcəyik, amma Azərbaycan bunun qarşısını kəsəcək"-deyə bildirən Y.Oğuz hesab edir ki, Azərbaycanla dost olan, strateji müttəfiq olan dövlətlər ölkə başçısının mesajını yüksək dəyərləndirəcək. Y.Oğuzun fikrincə, Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən də yükdaşıma sahəsində əməkdaşlıq etmək istəyən dövlətlər saysızdır: "İlham Əliyevin Qırğız Respublikasında Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə ilə bağlı səsləndirdiyi mesaja dost ölkələrin müsbət reaksiya verəcəyi heç bir şübhə doğurmur. Bu gün dünya ölkələri yükdaşımada, turizmdə və strateji məhsullar olan karbohidrogen məhsulların ötürülməsində və alınmasında Azərbaycana ehtiyacları olduğu üçün  Azərbaycanla daha yaxın dost olmağa çalışacaqlar.  Bildiyiniz kimi Gürcüstan Respublikasına yeni baş nazirin ilk rəsmi səfər etdiyi ölkələrdən biri Azərbaycan oldu. Bu da heç də təsadüfi deyildi. Şərqdən gələn əhəmiyyətli neft-qaz xəttlərinin çoxu Gürcüstandan keçir. Ölkəmiz bu işə maneçilik törətsə təsəvvür edin ki, hansı hadisələr baş verə bilər. İnvestisiya qoyuluşu məsələsini də önə çəkməliyik. Bu gün Azərbaycanla Türkiyə fəal investisiya qoyuluşu rolunu oynayırlar. Bunlar da çox vacib məsələlərdir".

Y.Oğuz onu da qeyd etdi ki, əslində, bu bütün tərəflərdən gələn məhsulların, strateji xətlərin Ermənistana tərəf getməməsi üçün əhəmiyyətli məsələdir. Bu gün Azərbaycan strateji xətlər üzərində qlapan rolunu oynayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR