“Avropa Ermənistanın “göy muncuğu”nu götürmədi” - Yunus Oğuz

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla "Yaxın plan" rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz Yunus Oğuzdur.

- Cənab Oğuz, fikrinizcə, hazırda Ermənistanın daxilində hansı proseslər gedir?

- Əslində Ermənistanın daxilində çox ciddi və geriyə dönüşü olmayan proseslər gedir. Yəni Ermənistanın dirçəlməsi üçün guya demokratiya uğrunda mübarizə prosesi gedir. Lakin, bu gerçəkliyi əks etdirmir. Ermənistanda Qarabağda doğulmuş cinayətkar klanla digər klanlar arasında qarşıdurma var. Təbiidir ki, bu Ermənistanı daxildən kifayət qədər çökdürəcək. Guya Paşinyan qərbyönümlü, Sarkisyan və onun komandası isə rusiya yönümlüdür. Lakin, proses Qarabağ danışıqlarının uzadılmasına xidmət edirdi. Sarkisyanın artıq limiti bitmişdi, küncə sıxışdırılmışdı. O, Qarabağla bağlı danışıqlar prosesinin vaxtını uzatmaq üçün məcbur oldu ki, hakimiyyəti Paşinyana versin. Məncə, bu onun daxili faktorlar baxımından böyük bir səhvi idi. Bu səhvdən də Azərbaycan kifayət qədər istifadə edəcək. Öz torpaqlarını geri qaytarmaq üçün münbit zəmin yaradacaq.

- Bəs, Paşinyan hakimiyyətinin xarici siyasətində bu gün hansı əsas prioritetlər var?

- Paşinyanın əslində bu gün xarici siyasəti yoxdur, əksinə olanı da vurub dağıdır. NATO-nun iclasında iştirak etmək o demək deyil ki, xarici siyasət mövcuddur. Paşinyanın, guya Rusiya, Qarabağ siyasəti var idi və bunlar artıq çökür. Hal-hazırda ortalıqda yeni bir mövqe yoxdur. Əslində Paşinyan onları dağıdır, özü ortalığa bir şey qoymayıb. Ola bilər ki, gələcəkdə qoyacaq, ideya irəli sürəcək, xarici siyasətini müəyyənləşdirəcək. Ermənistan faktiki olaraq iqtisadi, siyasi, geopolitik cəhətdən çökür. Yeni siyasət o vaxt ortalığa qoyacaq ki, seçkilər keçiriləcək və onun seçkilərdə udub-uduzacağı bilinmir.

- Müşahidələr göstərir ki, Paşinyan hazırda obrazlı desək regionda marağı olan dövlətlərə "göy muncuq" göstərir. Bu siyasət nə qədər davam edəcək?

- Kimə göy muncuq göstərir? Avropa "göy muncuğu" götürmədi. Götürsə, Ukrayna kimi Ermənistanı da dolandırmalı olduğunu bilirdi. Rusiya əksinə "qara muncuq" göstərir ki, mən səninlə deyiləm. Ermənistan hal-hazırda heç kimə "göy muncuq" göstərə bilmir. Paşinyanın ortalıqda mövqeyi yoxdur. "Göy muncuq" göstərməklə deyil ki, ortalığa demokratiya qoya bilmir. Xəzər kimi geostrateji problemin həll olunması belə onu göstərir ki, artıq bu gün Azərbaycanın nüfuzu yüksəlir. Petrosyanın tərəfdarları ötən günlərdə müsahibə verdi ki, biz Qarabağı işğal eləmişik. Bu da oyunun bir hissəsidir. Paşinyan da gözəl bilir ki, Qarabağı güzəştə getsə, o da hakimiyyətdən gedəcək. Bütün sahələrdə Ermənistan çökür. İnsanların həyat şəraitlərində belə bu çöküş müşahidə olunur. Onlar yavaş-yavaş ölkədən xaricə axın edir. Siz təsəvvür edin ki, guya demokratiya mövcuddu və yezidi kürdləri Paşinyan hakimiyyətindən cuşa gəlib Trampa məktub yazıblar ki, Ermənistanın daxilində biz də dövlət yaratmaq istəyirik. Ermənistanın hal-hazırda 2 milyon 925 min əhalisi var. Trumpa məktubda isə deyilir ki, biz Ermənistanda iki milyon nümayəndəmiz var. Yaxşı, bəs, onda ölkədəki ermənilər hanı?

- Paşinyanın daxili siyasətdə əsas hədəflərindən biri də Qarabağ klanını zərərsizləşdirməkdir. Sizcə, Paşinyan buna nail ola biləcək?

- Qarabağ klanını zərərsizləşdirmək elə-belə bir şey deyil. Həmin klan kifayət qədər güc toplayıb. Bu qədər oturuşmuş klanı qısa zamanda zərərsizləşdirilmək mümkün deyil. Zərərsizləşdirmək üçün addım atılanda artıq daxildə toqquşmalar baş verəcək və son nəticədə isə vətəndaş müharibəsinə gətirib çıxaracaq. Seçkilərə qədər Ermənistanda vətəndaş müharibəsi başlayacaq. Bu dəfə "Narıncı inqilab" yox, silahlı vətəndaş müharibəsi baş verəcək. Kimin qalib gələcəyi isə artıq sonrakı məsələdir. Baş verəcək müharibə bir daha sübut edəcək ki, Ermənistan özü özünü idarə etmək gücündə deyil.

- Beynəlxalq KİV-də tez-tez açıqlama və rəylər səslənir ki, Rusiya Paşinyanı cəzalandıracaq. Bu ehtimal barədə nə düşünürsünüz?

- Elə bayaq qeyd etdiyim vətəndaş müharibəsinin bir səbəbi də bu ola bilər. Rusiya özü birbaşa müdaxilə etməyəcək. Rusiyanın Paşinyanı cəzalandırması məhz vətəndaş müharibəsi yolu ilə olacaq. Mən bayaq örtülü mənada dedim ki, klanlar toqquşacaqsa, burada Rusiyanın rolu olacaq.

- Bildiyiniz kimi Ermənistanın əsas ticarət əlaqələri İranladır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistandakı sosial vəziyyətə necə təsir edəcək?

- Bilirsiniz , İranı bu saat Ermənistan düşündürmür. Çünki İranın özünə də təzyiqlər artır. İran bundan necə çıxacağı məsələsini düşünür. Əgər Ermənistan ABŞ-ın xüsusi nəzarətində olan iqtisadi məsələlərdə güzəştə gedən tərəf idisə, artıq Ermənistandan da tələb olunacaq ki, İranla əlaqələri saxlasınlar. Əvvəllər Rusiyanın zavalına gəlirdisə, indi də Amerikanın zavalına gələcək. Amerika Ermənistana təzyiqləri davam etdirəcək.

- Ümumiyyətlə, sizin fikrinizcə, ABŞ-ın İrana qarşı sanksiyaları qarşısında nə qədər tab gətirəcək?

- İran bu sanksiyalara necə davam gətirə bilər? Çünki İranda artıq çox sürətlə infilyasiya gedir. Təsadüfi deyil ki, İranın eks-prezidenti Ahmed Necat artıq Ruhanidən istefa verməsini istəyir. İranda da klanların mübarizəsi başlaya bilər. Burda isə xalq kütlələrindən istifadə olunacaq.

- Bu sanksiyaların Azərbaycana və Türkiyəyə təsirləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan qaz məsələsində sərbəstdir. Azərbaycan TAP, TANAP da istisna olub və Azərbaycana kifayət qədər güzəştlər olunur. Bu güzəştlər də təsadüfi deyil. Azərbaycanın 8.5 mlrd neft, milyonlarla qaz ehtiyatı var. Təbiidir ki, bu Azərbaycan üçün güzəşt deməkdir. Amerika və Avropa heç vaxt istəməz ki, neft ehtiyatları başqa bir dövlətin, özəlliklə Rusiyanın əlində cəmlənsin. Türkiyə də bizim strateji müttəfiqimiz olduğu üçün düşünmürəm ki, Amerika axıra qədər Türkiyəni belə sıxacaq. Merkelin səsini eşidən Avropa da Türkiyəyə dəstək verəcək. Çünki bütün enerji daşıyıcılarının strateji yolu Azərbaycandan keçir. Buna görə də Türkiyəyə güzəşt edəcəklərini düşünürəm. Çünki başqa yolları yoxdur. Avropaya nə gedirsə Azərbaycan-Gürcüstün-Türkiyə xətt ilə gedir. Buna görə də üç dövlətə həmişə güzəşt olunacaq.

- Sizcə, İran ABŞ sanksiyalarına müqavimət üçün AB ilə hansı səviyyədə əməkdaşlıq etməlidir?

- Fikir verdinizsə, Tramp Avropa Birliyi ilə ticarətdə vergiləri qaldırdı. Əgər bu saat Trump aliminium və metallara qarşı gömrük vergisini 25 faiz qaldırmasaydı, həmin əməkdaşlıqdan söhbət gedə bilərdi. Tramp vergiləri azaldan kimi, Avropa İranla heç müttəfiqlik etməyəcək. Çünki Avropanın öz siyasəti, strateji maraqları var. Öz vətəndaşlarının normal yaşamalarını və dövlətə ziyan gəlməməsini istəyirlər. Siyasətdə dost və düşmən anlayışı olmur, maraq olur. Avropa da marağını tam təmin edəndə İrana qarşı olacaq və bu siyasətdə təbii haldır.

Sanksiyalar fonunda İran-Rusiya münasibətlərini necə şərh edərdiniz?

- Əslində İranın Qafqaz və Orta Asiyada geopolitik mövqeləri və marağı var. Ona görə də onlar Rusiyanın geopolitik maraqlarına toxunur. Amma belə demək olarsa onlar "mehriban düşmənlər"dir. Rusiya həm Avropada həm Orta Asiyada həm də Qafqazda özünün kifayət qədər maraqlarını qorumaqda iddialıdır. İranı da konvensiyaya gəlməyə razı saldı. Bilirsiniz ki, 22 ildə Türkmənistanı yola gətirmək olardı. Əslində İran imkan vermirdi ki, bu konvensiya hazırlansın. İran bu konvensiya ilə razılaşmasaydı, Xəzər siyasətində ortalıqda qala bilərdi. Avqustun 12-də imzalar atıldı. Lakin bu o demək deyil ki, imzalayanların beşi də dost dövlətdir. Məsələn, imkan olan kimi Rusiya İrandan Suriya məsələsində istifadə edib çox ciddi addımlar atır. Türkiyənin isə Suriyadan çıxmaq fikri yoxdur. Belə ki, əslində, Türkiyənin rahibi buraxıb buraxmaması boş şeylərdir və əsl dava Orta Şərq davasıdır. Diqqət etsək görərik ki, Suriyada ən azı 4 dövlətin marağı var. hələ Avropanı qoyuram qırağa, Rusiyanın, Türkiyənin, İranın, Amerikanın marağı var. Toqquşmalar da elə buradan başlayır. Amerika üçün nə fərqi var rahibdir ya kimdir. Rusiya özü də nəhəng dövlət olub dünyanı idarə etmək istəyir. Dünən" biz kosmosda hegemonluğumuzu göstərəcəyik" demələri də təasdüfi deyil. Bu gün əsas olan odur ki, yıxılan güc divarlarının altında biz qalmayaq və siyasətimizi düz yeridək.

- Bütün tendensiyalar onu göstərir ki, bölgədəki diplomatik konfliktlər latent fazadan çıxmaqdadır. Fikrinizcə, hazırki vəziyyətdə Azərbaycanın diplomatik hədəfləri necə olmalıdır?

- Azərbaycanın diplomatik hədəflərindən biri Xəzər məsələsi idi və artıq Azərbaycan istədiyinə nail olub. Əslində Azərbaycan bu konvensiyadan uduşla çıxdı. İkinci diplomatik hədəf isə təbii ki, bizim Qarabağ məsələsidir. Bu mövzuda çox ciddi anlaşmalar gedir, beynəlxalq bəyanatlarda Qafqaz məsələsi müzakirə olunanda Qarabağ problemi də ortalığa çıxır. Əvvəllər isə bu cür tendensiya yox idi. Bu da bizim diplomatik qələbəmizdi. Bizim ən vacib səylərimizdən biri də TAP,TANAP layihəsidir və bu da həyata keçir. Azərbaycanın 3-cü siyasi hədəfi Azərbaycanın iqtisadi yüksəlişini  təbliğ etmək və Azərbaycan məhsullarının, brendlərinin diplomatiya vasitəsilə insanları Azərbaycana cəlb etmək və tanıtmaqdır. Bu da əvvəlcə siyasi təbliğatın düzgün aparılmasından keçir.

AzNews.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR