Şimal və cənub qonşumuzu bürüyən maliyyə böhranı Azərbaycanı da gözləyirmi?

Ekspertlər bunun üçün heç bir əsasın olmadığı qənaətindədirlər

Dünyada güclü iqtisadi mübarizə gedir. Ancaq etiraf etmək lazımdır ki, bir çox güc mərkəzləri və ölkələrin apardığı mübarizə heç də sağlam mübarizə deyil. Daha çox iqtisadi sahədə təzyiqlər göstərmək, sanksiyalar tətbiq etməklə aparılan bu mübarizənin bir tərəfində dünya nəhəngi Birləşmiş Ştatlar, digər tərəfində isə Türkiyə, İran və Rusiyadır. Hər üç ölkəni hazırda maliyyə baxımından demək olar ki. çökdürən Birləşmiş Ştatların iqtisadi baxımdan Türkiyə-Rusiya-İran üçbucağına hələlik qalib gəldiyini söyləyə bilərik. Hər halda Türk lirəsi, Rusiya rublu və İran rialının sürətlə dəyərdən düşməsi belə deməyə əsas verir. Elə ekspertlər də bu qənaətdədirlər. Bu arada belə bir iddialar da səslənir ki, Birləşmiş Ştatlar təkcə Rusiya-Türkiyə-İran üçbucağı ilə kifayətlənməyəcək. Qarşıda hər üç ölkə ilə daha sıx münasibətlərdə olan ölkələrdə də anoloji proseslər yaşanacaq və milli valyutalar dəyərini itirəcək. Rusiya-Türkiyə-İran üçbucağına ən yaxın ölkələrdən birinin Azərbaycan olduğunu nəzərə alaraq, Azərbaycanda da həmin mənfi tendensiyanın yaşana biləcəyi ehtimalı səsləndirilir. Proseslərə diqqət edək.

Birləşmiş Ştatlar Azərbaycanın 3 qonşusu - Rusiya, İran və Türkiyəyə qarşı səlib yürüşünə başlayıb, hər birini sanksiyalar hesabına iqtisadi zəmində çökdürməyə çalışır. Nəticədə hər 3 ölkənin pul vahidləri - rubl, rial və lirə sürətlə dəyərdən düşür, qiymət artımı müşahidə olunur. Əlbəttə, Birləşmiş Ştatların siyasətində istənilən qədər yanlışlıq tapmaq olar, ancaq fakt göz qabağındadır, dolların çap maşını əlində olduğundan Vaşinqton hədəf seçdiyi ölkəni iqtisadi zəmində zəiflətmək imkanına malikdir. Tərsi mümkün deyil.

Ancaq Azərbaycanda anoloji mənfi tendensiyanın yaşanması ehtimalı minimum səviyyədədir. Bunun da bəlli səbəbləri var. Düzdür, Azərbaycan Rusiya, Türkiyə və İranla geniş iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycanın adı çəkilən 3 dövlətdən fərqli olaraq Vaşinqtonla münasibətlərində ciddi problemləri yoxdur. Ancaq əgər 3 əsas iqtisadi tərəfdaşımızın pul vahidləri çökürsə manatı qorumaq üçün titanik əmək sərf etmək lazım gələcək. Əgər bu alınmazsa Mərkəzi Bankın arqumentini indidən təxmini belə təsəvvür etmək olar: "Hər üç qonşumuzda devalvasiya müşahidə olunduğundan manatın devalvasiyası zərurəti yarandı".

Məlumat üçün onu da qeyd edək ki, Rusiya rublu bu gün səhər saatlarından etibarən yenidən ucuzlaşmağa başlayıb. Hazırda dolların rubla nisbətdə dəyəri 66,55 rubl olub. Dollar səhər saatlarından etibarən 1 rubl bahalaşıb. Avro isə 1,15 rubl bahalaşaraq, 77,17 rubla çatıb. Qeyd edək ki, sonuncu dəfə dollar 66 rublu 2017-ci ilin noyabrında keçmişdi. Birləşmiş Ştatların Rusiyanın dövlət borcuna və dövlət banklarının ABŞ-dakı fəaliyyətinə qarşı sanksiya tətbiq etmək istəməsi haqqında informasiya yayıldıqdan sonra rubl dəyər itirməyə başlayıb. Təkcə rubl dünən dollara nisbətdə 1,51 rubl ucuzlaşaraq 65 dolları keçib.

Azərbaycanda milli valyutanın dəyərini itirməsi ehtimalını ekspertlər də mümkün saymırlar. Xüsusilə, məlum böhran zamanı hökumətin zamanında atmış olduğu antiböhran tədbirlərinin bu kimi arzuolunmaz situasiyalardan çıxmaq üçün imkan yaratdığı bildirilir. Millət vəkili Kamilə Əliyeva da bu qənaətdədir. O, bildirib ki, Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir: "Bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Şübhəsiz ki, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR