Türk dövlətləri arasında vahid viza təşəbbüsü müsbət dəyərləndirilir

"Türk dövlətlərinin vahid viza tətbiq etməsi çox təqdirəlayiq addım olardı. Yəni, qardaş və dost Qazaxıstanın Türkiyə, Azərbaycan və Qırğızıstanı turistlər üçün nəzərdə tutan "İpək yolu" vizasına qoşulmağa çağırışını çox müsbət və əhəmiyyətli addım hesab edirəm". Bunu Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Eldar İbrahimov deyib. Onun sözlərinə görə, türk dövlətləri arasında hər bir sadədə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: "Bunu həm də dünyada yaşanan proseslər, mövcud reallıqlar tələb edir. Bu gün turizm hər bir ölkənin inkişasfına, onun dünyada ön mövqelərə çıxmasında da böyük rol oynayır. Adları çəkilən hər bir ölkə də güclü turizm potensialına malik ölkələrdir. Yəni, onların iqlimləri, təbii gözəllikləri, coğrafi relyefləri və sair amillər turizmin inkişafı üçün böyük imkanlar, fürsətlər yaradır. Bu gün həm də dünyada elə ölkələr var ki, onlar yalnız turizm hesabına öz mövcudluqlarını təmin edə, öz inkişaflarını davam etdirə bilirlər. Elə qardaş Türkiyənin özünü götürək. Bu ölkədə demək olar ki, neft-qaz ehtiyatları yoxdur, amma böyük turizm imkanları var. Rəhmətlik Özalın dövründən bu ölkədə turizmin inkişafı və bununla da ölkənin bütövlükdə inkişafının təmin edilməsi istiqamətində böyük addımlar atıldı və artıq neçə illərdir ki, Türkiyə dövləti bunun bəhrələrini dadmaqdadır. Türkiyə bu gün dünyada turizmin ən inkişaf etdiyi ölkələrdən biridir. Eyni zamanda, son illər Azərbaycanda da turizmin inkişafı istiqmətində ölçüyəgəlməz addımlar atılmaqdadır. Qanunvericilik səviyyəsində də turizmin inkişafının təkmil hüquqi bazası formalaşdırılmaqdadır. Bu istiqamətdə "Turizm haqqında" yeni qanunu göstərmək olar. Əvvəllki illərlə müqayisədə artıq Azərbaycanda xaricə gedənlərin deyil, Azərbaycana gələn turistlərin və Azərbaycan daxilində qalıb daxili turizmə üstünlük verənlərin sayı artmaqdadır. Bunu gözlə də görmək mümkündür. Ona görə də hesab edirəm ki, qardaş və dost Qazaxıstanın bu yöndəki təçşəbbüsü gözəl təşəbbüsdür və hər bir türk dövləti tərəfindən də dəstəklənməlidir. Çox güman ki, belə də olacaq".

MM-in Azərbaycan-Qazaxıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sona Əliyeva da Qazaxıstanın son çağırışını və təklif olduqca müsbət dəyərləndirib. Bildirib ki, bu, reallıqdan və zərurətdən doğan bir çağırışdır. S. Əliyevanın bildirdirdiyinə görə, artıq türk dövlətləri arasında vahid viza tətbiqi vacibdir və qaçılmazdır: "Azərbaycan hər zaman qardaş və dost dövlətlər tərəfindən irəli sürülən belə təkliflərə açıq olub, onları dəstəkləyib və zamanında da reallaşdırıb. İnanıram ki, bu dəfə də belə olacaq, Qazaxıstanın bu yöndəki təklifi də cavabsız qalmayacaq, onun gerçəkləşdirilməsi istiqamətdə gərəkən addımlar atılacaq. Bu, günün, dövrün tələbidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR