“Surroqat ana” məsələsi sənəddən çıxarılıb

"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" haqqında qanun layihəsi müzakirəyə hazırdır

Artıq Milli Məclisin payız sessiyası yaxınlaşmaqdadır. Geridə qoyduğumuz  yaz sessiyası ərzində parlamentdə bir sıra qanunlar qəbul edilib, bəzi sənədlərə isə əlavə və dəyişikliklər edilib. Amma bəzi qanun layihələri var ki, onların qəbulu illərdir ki, müşkül məsələyə çevrilib. Qəbulu gecikdirilən qanun layihələrindən biri Rəqabət Məcəlləsidir. Məcəllə  2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi parlamentdə iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Dəfələrlə bu qanun layihəsinin qəbulu üçün parlamentdə məsələ qaldırılıb. Hətta Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da öz əksini tapıb. Qəbulu gecikdirilən digər sənəd "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir. Qanun layihəsi 27 maddədən ibarətdir. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan "surroqat ana" məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" müddədi etirazlara səbəb olduğundan, o bənd layihədən çıxarılıb. Sənəd indiyədək bir neçə dəfə dəyişikliyə məruz qalıb. Və nəhayət ki, sənədin yekun variantı artıq  hazırdır. Qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasının işlər planına daxil edilməsi gözlənilir. Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, parlamentin qarşıdan gələn növbəti-2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyi gözlənilir: "Çünki həm qanun layihələrini, həm də növbəti ilin-2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq. Qeyd edək ki, dünyada da payız sessiyaları əsasən bücdə sessiyaları sayılır, bu baxımdan əsas müzakirələr büdcə ilə bağlı olacaq. Amma bununla belə, 3 aylıq müddət dövründə fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə də bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək". Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində də payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir: "Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının)  transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər də olunacaq. Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Bununla yanaşı, "Psixoloyi yardım haqqında" qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən onun müzakirəsi qaldı. Onu da komitədə baxıb, plenar tövsiyə iclasa təqdimk etmək niyyətindəyik. Belə bir qanuna da ciddi ehtiyac duyulur. Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahəsi mövsusu olan, hətta, 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur. Çünki qanunda mübahisə predmeti olan "surroqat ana" və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də artıq sənədə ciddi irad yoxdur. Odur ki, onu da payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun da müzakirəsini və qəbulunu çoxdan gözləyir.Eyni zamanda, komitəmizin əksər üzvləri "Ailə həkimi haqqında" qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə də təkliflər səsləndirilməkdədir. Eyni zamanda,icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri, diktə edir. Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə də bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırıacaq, müvafiq qərar veriləcək".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR