ABŞ-İran müharibəsinin vaxtı açıqlandı – avqustda dəhşətli savaş gözlənilir

İki ölkə arasında söz atışması yerini bombardmanlara verməyə hazırlaşır; bölgəni humanitar və iqtisadi fəlakət təhdid edir; Azərbaycan özünü necə sığortalayacaq...

Uzun illərdir bölgəmizi və ümumiyyətlə, dünyanı təhdid edən təhlükənin "ayaq səsləri" eşidilməkdədir. Söhbət ABŞ-İran müharibəsindən gedir. Beynəlxalq ekspertlər, o cümlədən Azərbaycanın rəsmi və qeyri-rəsmi qurumları gözlənilən savaşla əlaqədar daim narahatlığını bildirib, bunun arzuolunmazlığını ifadə edib. Ancaq deyəsən, arzu olunmayan situasiyanın gətirəcəyi dəhşətlər çox da uzaqda deyil.

Nüfuzlu "ABC News" məlumat yayıb ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırdır və bu, avqust ayında baş verə bilər (APA). Əgər əvvəlki dönəmlərdə İrana qarşı ümumi şəkildə hərbi hücum gözləntisindən bəhs olunurdusa, artıq indi konkret zaman göstərilir. Üstəlik, Avstraliya mediasında bildirilib ki, Avstraliya dövləti mümkün hədəflərin müəyyənləşdirilməsində ABŞ-a kömək etməyə hazırdır. Bu isə anti-İran koalisiyasının formalaşması istiqamətində hazırlıqlara başlanmasının nümayişidir.

Avstraliya hökumətindən "ABC News"a bildiriblər ki, əməliyyat hazırlığı zamanı Avstraliyanın hərbi obyektləri hədəflərin seçilməsində iştirak edəcək. Analoji rolu Britaniya xüsusi xidmət orqanları da oynayacaq. Avstraliyanın Şimal ərazisində xüsusilə məxfi kəşfiyyat obyekti var. Bu obyekt ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya xüsusi xidmət orqanlarını birləşdirən "Beş göz" alyansının aparıcı obyektlərindən sayılır. Bu obyekt ABŞ casus peyklərinin idarə olunmasında rol oynayır. İrana hücum hazırlığı zamanı məhz bu obyektdən istifadə oluna bilər. Bundan başqa, Avstraliyanın çox tanınmayan geoməkan kəşfiyyatının analitiklərindən də istifadə olunacağı gözlənilir. Bununla yanaşı, hələlik rəsmilər hücum planı barədə açıqlamalardan yayınırlar. Avstraliyanın baş naziri Malkolm Törnbull bildirib ki, ABŞ-ın İranla müharibəyə hazırlaşdığını söyləməyə əsası yoxdur.

30 ildən artıq müddətdə ABŞ-ın sanksiyaları ilə üz-üzə qalan İran son illərdə kompromislərə getməyə, nüvə enerjisi ilə bağlı obyektlərini tam şəkildə beynəlxalq ekspertlərin ixtiyarına verməyə hazır görünürdü. ABŞ administrasiyasına Barak Obamanın başçılıq etdiyi dövrdə "buz"ların əriməzi müşahidə olunsa da, Donald Trampın prezident kürsüsünə oturması ilə geridönüş başlandı.

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: "İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, "Hizbullah", "Həmas", "Taliban" və "Əl-Qaidə" kimi terrorçu qruplaşmalara dəstək verir". Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

Bir müddət öncə İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırmışdı. H.Ruhani demişdi ki, İranla müharibə "bütün müharibələrin anasıdır". Ruhaninin "cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız"-xəbərdarlığı da baş verəcəkləri təsəvvür etməyə imkan yaradır. Əgər bir prezident digərinə "sataşmayın, odla oynamayın, buna görə peşman olarsınız" deyirsə, deməli, vəziyyət kritik həddədir və bölgə hər an bomba yağışının altında qala bilər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a açıqlamasında ABŞ-İran qarşıdurmasının təhlükəli mərhələyə adladığını təsdiqlədi və bölgədə vəziyyətin gərginləşəcəyini bildirdi: "Həqiqətən gələcək ayların gərgin olacağını indidən proqnozlaşdırmaq olar. Bir tərəfdən Ermənistanın yeni hakimiyyəti köhnələr kimi işğal altındakı torpaqları boşaltmaq istəmir və bu bölgədə müharibə riskini artırır. Digər tərəfdən də ABŞ İrana qarşı sanksiyalarını sərtləşdirir, bunun qarşılığında da Tehran Hörmüz boğazını qapadacağı ilə hədələyir ki, bu faktiki müharibənin başlanmasına şərait yaradacaq".

E.Şahinoğlu bildirdi ki, bu situasiyada ABŞ Türkiyəyə qarşı da siyasətini sərtləşdirir: "Amerika prezidenti və viste-prezidenti Türkiyəni və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanı təhdid edirlər, keçmiş müttəfiqini sanksiyalarla hədələyirlər. Vaşinqtona görə, PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalıydı. Ankara bəlkə də Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələni qəlizləşdirdi. Ərdoğan prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibi sərbəst buraxsa zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz. Əslində Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Alınmadı. Türkiyə Güləni istədikdə Amerikanın cavabı belə oldu: "Məhkəmənin qərarına tabeyik". İndi Amerika rahibi istədikdə Türkiyə də eyni sözü deyir: "Məhkəmənin qərarına tabeyik".

Ancaq Amerika Türkiyə üçün məhkəmə hüququnu tanımır və tələb edir: "Rahibi buraxmalısan!" Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamət qalmayıb. Hər halda, Ankara bir yolla rahibi evinə göndərmək istəyərkən Vaşinqton işi korladı, bəlkə də qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdilər. Çünki bir gün əvvəl Ərdoğan demişdi ki, Amerika istəyir deyə İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətlə siyasi və iqtisadi təmaslarına davam edəcək. Üstəgəl, bu gün Cənubi Afrika Respublikasında - bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir - rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla Amerikanı nəzərdə tutaraq belə bir ifadə işlətdi: "Bizim münasibətləri pozmaq istəyənlər var". Amerika bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır. Dərd, yəni sanksiyalar iki ölkəni bir-birinə yaxınlaşdırır. ABŞ-ın Rusiya, İran və Türkiyə ilə münasibətlərini gərgin saxlaması Cənubi Qafqazda da yeni vəziyyət yaradır. Çünki Amerikanın gərgin münasibətlərdə olduğu adıçəkilən 3 dövlət Azərbaycanın qonşularıdır. Azərbaycan Ermənistanı çıxmaq şərtilə, qonşuları ilə münasibətləri gərginləşdirə bilməz, ancaq eyni zamanda adıçəkilən 3 dövlətin istəyi ilə Amerika ilə münasibətlərə də yenidən baxmamalıdır".

E.Şahinoğlu qeyd etdi ki, Tramp administrasiyası Yaxın Şərq siyasətinə İsrailin maraqları prizmasından baxır: "İsrailin düşmənləri Amerikanın da düşmənləri kimi qiymətləndirilir. İsrail İranla müharibə vəziyyətindədir, Türkiyə ilə isə yola getmir. Buna görə də Tramp administrasiyası həm İran, həm də Türkiyə ilə sərt davranır".

Bölgədə yaşanacaq iqtisadi fəlakətlər barədə proqnozlarını bölüşən sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov isə qəzetimizə dedi ki, İran-Amerika münasibətlərinin bu qədər gərginləşməsi bölgədə ciddi bir hərbi münaqişə ocağının yaranmasına aparır: "Bu isə regionda yerləşən dövlətlərin heç biri üçün arzuolunan deyil. İlk öncə onu deyək ki, İran tərəfin bütün hədə qorxularına baxmayaraq, ABŞ hərb maşını ilə İran hərbi qüvvələrinin gücü müqayisəedilməzdir. 15 il bundan öncə ABŞ-ın İraqa hərbi müdaxiləsini xatırlayaq. O vaxtlar İraq lideri də Birləşmiş Ştatların prezidentinə hədə-qorxu gəlirdi. Ancaq müharibə başlayandan sonra nə baş verdi? 2003-cü ilin mart ayının 20-də başlayan müharibə aprel ayının 9-da, yəni cəmisi 20 gün sonra İraqın tam məğlubiyyəti ilə yekunlaşdı. Odur ki, ABŞ İrana hərbi müdaxilə edərsə, bunun uzun zaman davam edəcəyi gözlənilən deyil. Müharibə bitdikdən sonra isə hadisələrin İraq müharibəsindən sonra yaşanan ssenari ilə davam etməsi ehtimalı böyükdür.

Bu gün İran daxilində sabitlik dövlətin güc maşınının hesabına bərpa edilir. Bu yaxınlarda İranda baş verən çaxnaşmalar bunun belə olduğunu bir daha göstərdi. Ona görə də müharibə İranın süqutu ilə nəticələnərsə, bu halda İran daxilindəki dini hakimiyyətdən təngə gəlmiş qüvvələrin qarşıdurması başlaya bilər". F.Yusifov bildirdi ki, iki böyük dövlət  arasında baş verəcək hərbi toqquşma qonşu dövlətlərin iqtisadiyyatına, ilk növbədə neft ixrac edən ölkələrə ciddi ziyan verə bilər: "Bu gün dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Bu yaxınlarda İran dini lideri Ayətullah Xameneyinin "İran neftinin ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək" deməsi çox ciddi bir məsələdir. Fars körfəzi vasitəsilə daşınan neftin həcmi azalarsa, bu tək qonşu ölkələrin iqtisadiyyatına deyil, bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir edə bilər. Müharibə başlayarsa, 81 milyon nəfər əhalisi olan İrandan hərbi münaqişə zəminində əhalinin 8-10%-nin ölkənin ərazisini tərk etmək ehtimalı var. Bu isə 8 milyon insan deməkdir. Heç şübhəsiz, bu qaçqınlar ilk növbədə qonşu ölkələrə - o cümlədən Azərbaycana üz tuta bilərlər. Belə olan halda humanitar fəlakətin ölçülərini təsəvvür etmək çətin deyil".

Hər halda, milyonlarla soydaşımızın da yaşadığı qonşu ölkədə belə fəlakətlərin yaşanmasını heç istəmirik. Ümid edək ki, sağlam düşüncə qalib gələcək və liderlər masa arxasında məsələləri çözüb İranın 80 milyon əhalisinə də suriyalıların taleyini yaşatmayacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR