Ermənistan tərəfinin uzun illər apardığı anti-Azərbaycan siyasəti fiaskoya uğrayır - MÜSAHİBƏ

Məhəmməd Əsədullazadə: "Nikol Paşinyan Qarabağ məsələsində sələfi Sarkisyandan kifayət qədər naşıdır"

Dağlıq Qarabağ problem ətrafında qeyri-müəyyənlik qalmaqda davam edir. Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən bu tərəfə yalnız bir dəfə iki ölkənin xarici işlər nazirləri səviyyəsində baş tutan görüşdən bəzi analtiklər çox şey gözləsələr də, lakin prosesləri yaxından izləyib təhlil edən ekspertlər İrəvanın cığallığı səbəbindən danışıqlar prosesinin davam etməyəcəyini söyləyirdilər. Hazırda da eyni situasiya müşahidə edilir və inqilabçı lider Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət Sərkisyan dövründə olduğu kimi qeyri-konstruktiv mövqe ortaya qoyur. Bəs belə olan halda proseslər hansı məcraya doğru davam edə bilər və Azərbaycan yaranmış situasiyda hansı addımı atmalıdır? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədillazadə ilə danışdıq.

-Məhəmməd bəy, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən prosesləri necə dəyərləndirirsiniz və bu vəziyyətdə Azərbaycan hansı addımı atmalıdır?

-Əvvəla onu qeyd edim ki, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamtində heç bir fəallıq yoxdur. Yalnız xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən son görüşüdür ki, həmin görüşün də mən əvvəlcədən nəticəsiz olacağını bildirmişdim. O ki, qaldı, hazırkı situasiyada rəsmi Bakının atmış olduğu və ya atmalı olduğu addımlara hesab edirəm ki, Azərbaycan Qarabağ probleminin həlli istiqamətdə diplomatik hərəkətliliyi artırıb, Ermənistan üzərində müəyyən dərədəcə siyasi üstünlüyə nail olub. Məlumat üçün qeyd edim ki, NATO-nun Brüssel sammitinin son bəyannaməsində və Avropa İttifaqı ilə imzalanan sənəddə ölkəmizin ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi. Hazırda rəsmi Bakı Ermənistanın yeni hakmiyyətinin anti-Rusiya siyasətindən maksimum istifadə edib, ərazilərin işğaldan azad olunması üçün Kremllə siyasi təmasları sıxlaşdırıb.

-Bu arada Azərbaycan prezidentinin Rusiya Federasiyasına səfəri nəzərdə tutulur və səfər çərçivəsində mühüm görüşlər keçiriləcək, danışıqlar aparılacaq. Dövlət başçısının şimal qonşumuza səfəri hansı müsbət nəticələrlə yadda qala bilər?

-Dövlət başçısı İlham Əliyevin avqust ayında Rusiyaya gözlənilən səfərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə münaqişənin həlli ilə bağlı indiyə qədər olmadığl kimi geniş və əhatəli, konkret danışıqlar aparması gözlənilir. Çünki, regionda dəyişən şərtlər, Yerevanın Moskvaya qarşı demarşı, Putinin Qarabağ münaqişəsinin həllində İlham Əliyevlə danışıqlarda maraqlı olmasını şərtləndirir. İki ölkə liderinin avqustda görüşü konfliktin həlli baxımından önəmli görüş olacaq.

-Hazırda rəsmi Bakı bu istiqamətdə hansı addımları atır?

-Rəsmi Bakı hazırda münaqişənin həlli ilə bağlı iki istiqamətdə siyasət aparır. Birinci, Rusiya ilə danışıqları ona görə aparır ki, Ermənistana hərbi təzyiqlər fonunda Moskva neytral qalsın. İkincisi, Qərblə aparılan danışıqlarda isə, ölkəmizin ərazi bütövlüyü birmənalı şəkildə təsdiqlənməklə,  Ermənistanı işğalçı ölkə kimi tanınması təsbit olunsun. Rəsmi Bakı hazırda Rusiyanın vasitəçiliyinə ümid etmir və yeni formatda danışıqlar üçün Qərblə əməkdaşlıqda maraqlıdır. Həmçinin Rusiyadan silah idxalını azaldaraq, Fransa, İtaliya, İngiltərə və Çexiya ilə silah alışı müqaviləsində maraqlıdır. Hazırda Çexiya, İngiltərə ölkəmizə silah satır. Fransa və İtaliya da artıq silah ticarətində maraqlıdır. Göründüyü kimi Ermənistan tərəfinin uzun illər apardığı anti-Azərbaycan siyasəti fiaskoya uğrayır.

-Sizcə, bundan sonra hansı addımlar atılmalıdır?

-Rəsmi Bakı maksimum şəkildə Vaşinqton və Avropa dövlətləri ilə münaqişənin həlli üçün fəaliyyətini artırmalıdır. Bu ölkələrlə diplomatik əməkdaşlıq Rusiyanın Qarabağ münaqişəsində əsas vasitəçiliyini zəiflətməlidir. Qeyd edim ki, Rusiyanın yenidən "Kazan təkliflərini" masaya gətirməsi gözlənilir və növbəti aylarda münaqişə ətrafında ya manipulyasiya edəcək, ya da 25 illik işğalçı siyasətindən əl çəkib konfliktin həllinə yaşıl işıq yandıracaq. Rəsmi Bakının hələki bir neçə aylıq siyasi reveransları Moskva ilə görünür.

-Bu arada Azərbaycanın artan hərbi qüdrəti Ermənistanı nə dərəcədə narahat edir?

-Bu narahatçılıq kifayət qədərdir. Təsəvvür edin ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusuna Azərbaycanın artan hərbi təzyiqləri fonunda adekvat cavab tədbərləri görmələri ilə bağlı təlimatlandırdı.  Baş nazirin bu göstərişdən sonra , cəbhə xəttində erməni hərbiçilərinin aktivliyi artıb. Ordumuzun son günlər iki şəhid verməsi birbaşa bununla bağlıdır. Görünür, Nikol Paşinyan bununla Azərbaycan tərəfinə özlüyündə təzyiq etmək istəyir. Qeyd edim ki, erməni ordudusunun bu təxribatları bizə unikal şans yaradır ki, növbəti aprel hərbi əməliyyatlarına başlayaq. Görünür, Nikol Paşinyan sələfi Sarkisyandan kifayət qədər Qarabağ məsələsində naşıdır. Cəbhə xəttində silahlı qüvvələrimiz bir şəhidimizə görə, həmin istiqamətdə erməni hərbi postlarını darmadağın etməlidir. Məhz, bu taktiki hərbi zərbə ilə ermənilərin müdafiə istehkamını ciddi şəkildə zəiflətmək lazımdır.  Bir əsgərimiz şəhid olacaqsa, ermənilərin qərargahı, postları göyə uçurulmalıdır. Bunu daima etmək lazımdır ki, işğalçı ölkənin torpaqlarımızda qalmağı həm maddi, həm də canlı qüvvə sarıdan ona baha-başa gəlsin.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR