Aqil Abbas: “Amerikada da polisi öldürəni məhv edirlər”

"Azərbaycanın gerbini alnında, ulduzlarını çiynində daşıyan polisə əl qaldıranı mən bağışlamaram"

İyulun 13-də Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək, onu qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.

Belə bir ağır cinayət törətmiş şəxsin diri tutulub ağır cəza verilməsinin tərəfdarı olanlarla yanaşı, belələrinin yerindəcə güllələnməsinin doğru olduğunu düşünənlər də çoxdur. Həmçinin ən inkişaf etmiş ölkələrdə də ağır cinayət törətmiş, xüsusi ilə polisi öldürmüş, yaralamış şəxslərin məhv edilməsi taktikasının tətbiq edildiyi bildirilir.

Millət vəkili Aqil Abbasın bununla bağlı maraqlı fikirləri var.

Deputat məsələyə dair musavat.coma açıqlamasında deyib: "Bunu millət vəkili kimi demirəm, ziyalı, vətəndaş kimi deyirəm. Polisə əl qaldıran əllər qırılmalıdır! Dövlətə əl qaldıran əllər qırılmalıdır! Mən belə düşünürəm. Amerika Birləşmiş Ştatlarında edam hökmü rəsmi ləğv olunub. Amma bir qanun hələ də yaşayır. Bir polis işçisini öldürəndə öldürülən polisin çiyindaşı vəzifəsindən istefa verir, silahını da, nişanını da təhvil verir və gedir onun intiqamını alır. Faktiki olaraq Amerikada da polisi öldürəni məhv edirlər. Hətta ABŞ-da yol polisinin ona müqavimət göstərən sürücünü güllələmək icazəsi var. Bunu deyəndə məni qınayırlar. Gəncə hadisələrində polisə silahlı müqavimət göstərən şəxs Şəmkirdə tapılaraq zərərsizləşdirilib. Polisə əl qaldırmaq, dövlətə əl qaldırmaqdır. Sizə qəribə görünə bilən bir hadisəni danışım. Ağdamda Aliko adında polis vardı, cinayət-axtarış şöbəsinin rəisi idi. Adı xarici ad olsa da, azərbaycanlı idi. Qapıbir qonşumuz idi. Əslən şuşalı idi. Sonra gəldi Bakıda bölmə rəisi oldu. 40 ilə yaxın polisdə qulluq elədi. Ağdamda işləyəndə Azərbaycanda ən gözəl cinayət axtarış müfəttişi idi. Bir adamla dilləşəndə deyirdi ki, "Mən alnımda 5 ton gerb, çiynimdə 4 ton ulduz daşımışam. Sən mənimlə danışığını bil!" İndi Azərbaycanın gerbini alnında, ulduzlarını çiynində daşıyan polisə əl qaldıranı mən bağışlamaram".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR