"Xaricdən idarə olunan saytlarla bağlı həmin ölkələrə nota verilməlidir" - Yunus Oğuz

"Xaricdə xüsusi olaraq yaradılan saytlar var ki, onların əsas fəaliyyəti Azərbaycana qarşı kampaniya aparmaqdır. Onlar Vətəni satıb getdikləri üçün ölkəmizə qarşı da bütün fəaliyyətlərdə iştirak etməyi qəbul edirlər".

Bu fikirləri SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda multikulturalizm və dini dözümlülüyün geniş təbliğ edilməsi bir çoxlarını qane etmir: "Baş verən son hadisələr Azərbaycanın inkişafına kölgə salmaq üçün hesablanıb. Bununla da dövləti gözdən salmağa çalışırlar. Hətta həmin qüvvələr ermənilərin də köməkliyi ilə bu istiqamətdə işləyirlər. Bu gün Azərbaycan artıq həm siyasi və iqtisadi, həm də hərbi cəhətdən regionun ən nüfuzlu, güclü dövlətinə çevrilib. Bunun qarşısını almaq üçünsə ölkədə iğtişaşlar yaratmaq, təxribat törətmək, silahlı hücumlar təşkil etmək, polis zabitlərimizi qətlə yetirmək kimi ssenarilər hazırlanıb".

Y.Oğuz söyləyib ki, həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncənin icra başçısına qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir: "Hesab edirəm ki, Azərbaycana qarşı kampaniya aparan xaricdən idarə olunan saytlar müəyyən edilməli, onların hansı ölkədə fəaliyyət göstərdiyi dəqiqləşdirilərək həmin ölkələrə də nota verilməlidir".

Baş redaktor qeyd edib ki, ölkəmizə qarşı aparılan heç bir fəaliyyətin cəmiyyətə təsir edə bilməz: " Son hadisələrdən də göründü ki, Azərbaycanda heç kim mütəşəkkil cinayətkar dəstəyə dəstək vermir. Azərbaycan əhalisi xaos deyil, əksinə sabitlik, dövlətinin inkişafını istəyir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR