Ölkəmizdə sabitliyin pozulmasında marağı olan qüvvələr fəallaşıblar - ŞƏRH

Bu qüvvələr ənənəvi iqtidar-vətəndaş  qarşıdurması ssenarilərindən bəhrələnməyə cəhd edirlər

İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməyi ilə respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bir daha xatırladaq ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Məsələ orasındadır ki, qətli törətməkdə şübhəli bilinən şəxslərin bioqrafiyası bəzi maraqlı faktları üzə çıxarıb. Belə ki, qətldə adı çəkilən Rəşad Böyükkişiyev (1988-ci il təvəllüdlü) iki dəfə məhkumluq həyatı yaşayıb. 2007-ci ildə o, doğma anasının qətlində təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum olunub.İkinci dəfə o, cinayət məsuliyyətinə Rusiyada cəlb olunub. Ona qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Fərrux Qasımov isə cinayət mühitinin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 2016-cı ildə o,xuliqanlıq məqsədilə ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətində azadlıqdan məhrum edilib. Ən təəccüblüsü isə odur ki, kriminal anlayışlarla hərəkət edən bu adamlar din pərdəsinə bürünüblər. Gəncədə qanunsuz etiraz aksiyaları zamanı çəkilmiş videokadrlarda ərəb dilində cümlələr və əsasən də "Allahu Əkbər" şüarları çox aydın eşidilir. Gəncədə çəkilmiş kadrlara əsasən demək olar ki, qanunsuz etiraz aksiyasının iştirakçılarının geyimlərini nəzərə almasaq, asanlıqla İŞİD nümayəndələri ilə qarışıq salmaq olardı. Elə Elmar Vəliyevə atəş açan Yunis Səfərov  da maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə "solçu inqilabı" haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Sadalanan faktlar deməyə əsas verir ki, Gəncədə təşkil edilən təxribatın ən fəalları xüsusi hazırlıq keçib və xarici havadarlarının əmrini gözləyiblər. Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli insanların heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və əhalimiz imkan verməyə di və bundan sonra da verməyəcək. Amma ürək bulandıran odur ki, ölkədə  sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Ancaq hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı deməyə əsas verir ki, bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxarmaq elə də çətin olmayacaq. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir ki, görülmüş müvafiq tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Elə ölkə ictimaiyyəti tərəfindən də Gəncədə keçirilən qeyri-qanuni aksiya və yüksək rütbəli zabitlərin həlak olması Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Odur ki, bu hərəkətləri törədənlərin, təşkilatçıların, onların arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılması, aşkar olunaraq  cəzalandırılması tələb olunur. Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına qarşı sui-qəsdi və iyulun 10-da şəhərdə Gəncə şəhərində asayişin kobud şəkildə pozulmasını və iki polis əməkdaşının qətlə yetirilməsini qətiyyətlə pisləyir. Bu barədə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib. X.Əhmədov qeyd edib ki, baş verən son hadisələrin Azərbaycanın həssas siyasi mərhələyə qədəm qoyduğu ərəfəyə təsadüf etməsi xeyli düşündürücüdür: "Bu prosesdə ölkəmizdə stabilliyin pozulmasında marağı olan qüvvələrin rolunun olduğunu da istisna etmək olmaz. Təəssüf ki, bu qüvvələr ənənəvi üsullardan, iqtidar - vətəndaş  qarşıdurması ssenarilərindən bəhrələnməyə cəhdlər etməklə, Azərbaycanda gərginlik yaratmaq xəttinə üstünlük vermək niyyəti güdürlər. Ona görə də, baş verən bu xoşagəlməz olaylar hüquq-mühafizə orqanları tərəfindən ciddi və ədalətli şəkildə araşdırmalı, təcili tədbirlər görülməlidir. Vətəndaşlar da qanunun alililiyinə hörmətlə yanaşmalıdır ki, ölkəmiz üçün daha qorxulu və kortəbii proseslərə şahidlik etməyək. Eyni zamanda, Vətənimiz üçün indiki həssas məqamda ölkəni nəzarətdən çıxa biləcək situasiyalara doğru apara biləcək bütün hadisələrdən hamılıqla narahat olmalıyıq". Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki,  ölkəmizdə belə hadisələrin olması yaxşı hal deyil: "Bizi əsas dövlətimizin müstəqilliyi maraqlandırmalıdır. Kimin kimə qarşı nə iddiası, tələbi varsa bu başqa məsələdir. Mən hesab edirəm ki, Gəncədə baş verən hadisədə xarici qüvvələrin əli var. Onlar Azərbaycanı qarışdırmaq istəyirlər". Deputat bildirib ki, biz elə etməliyik ki, Azərbaycanda belə problemlər yaranmasın: "Hadisə nəticəsində ölən 2 yüksək vəzifəli polis zabitlərinə Allahdan rəhmət diləyirəm. İndiki zamanda zora əl atmaq qəbulolunmazdır. Bunların hamısı Azərbaycanın müstəqilliyinə xələl gətirə bilər. Hansısa məmura qarşı məyyən nöqsanlar, etirazlar ola bilər. Amma bu etirazlar Azərbaycan dövlətinə qarşı olmamalıdır. Ona görə də biz bütün bunları yoluna qoymaq üçün hamı bir nəfər kimi birləşib Azərbaycanın dövlətçiliyini müdafiə etməliyik. Əlbəttə ki, mən belə halları pisləyirəm. Belə hallara yol vermək olmaz".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR