Ərdoğanın Bakı səfərinin mesajları ŞƏRH

Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana edən Rəcəb Tayyib Ərdoğanın səfərindən sonra aydın oldu ki,Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf etdirilir və eyni zamanda iki ölkə arasında əlaqələr bundan sonra daha da möhkəmlənəcək.

"Türkiyə prezidenti Ərdoğan ənənəvi olaraq seçkilərdən sonra ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdi. Necə ki, Azərbaycan prezidenti də seçkidən sonra ilk olaraq Türkiyəyə səfər edir. Lakin Ərdoğanın bu səfəri əvvəlkilərdən bir sıra xüsusiyyətləri ilə fərqlənirdi. İlk olaraq onu qeyd etmək lazımdır ki, bu səfərdə artıq Ərdoğan prezident üsul-idarəsinə keçmiş ölkənin səlahiyyətləri genişləndirilmiş dövlət başçısı kimi Azərbaycana gəldi. Bildiyimiz kimi, ötən ilin aprelində keçirilən referendumda və bu il iyunda baş tutan seçkilərdə Ərdoğana və onun başçılıq etdiyi AK Parti zəfər qazanaraq həm ölkənin siyasi sistemini dəyişməyə nail oldu, eyni zamanda parlamentdə üstünlüyünü qoruyub-saxlaya bildi. Eyni zamanda, Ərdoğanın səfəri Türkiyəyə, eləcə də Azərbaycana daxili və xarici təhdidlərin artdığı, terror təhlükəsinin bu ölkələri hədələdiyi bir dövrə təsadüf edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova deyib.

O bildirib ki, bu terror təhdidlərinin ən başlıca səbəbi iki ölkə liderinin yürütdüyü müstəqil, milli maraqlara uyğun siyasətdir:

"Buna ən son misal olaraq, iki ölkənin bu yaxınlarda həyata keçirdiyi Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən biri olan TANAP-ın açılışıdır. Lakin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bu layihə və bu kimi digər layihələr bəzi dövlətlərin narazılığına səbəb olur. Onların bəziləri regionda islam pərdəsi altında öz təfriqəçi məzhəb ideologiyasını yayır, terrora dəstək verir, Türkiyənin və Azərbaycanın bölgədə nüfuzunun artmasını qəbul etmək istəmirlər. Azərbaycan və Türkiyə hazırda böyük təhdidlərlə üz-üzədir. Türkiyədə düz 2 il əvvəl dövlət çevrilişi cəhdi oldu, son hadisələr göstərdi ki, Azərbaycan da bu təhdidlə qarşılaşmışdı. Lakin bunların qarşısı indiyədək uğurla alındı və bundan sonra da alınacaqdır".

Nəzakət Məmmədovanın sözlərinə görə bir mühüm amili də nəzərə alaq ki, bu günlərdə Naxçıvan ərazisində düşmən təxribat yaratmağa çalışdı. Lakin onun bu cəhdlərinin qarşısı uğurla alındı, işğal olunmuş Günnüt kəndi azad olundu. Naxçıvan olduqca strateji əhəmiyyətli bölgə olmaqla yanaşı, Azərbaycana məxsus anklavdır. Naxçıvanın təhlükəsizliyinin qarant dövlətlərindən biri də Qara müqaviləsinə əsasən Türkiyədir. Ərdoğan bildirib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və bundan sonra da etməyə davam edəcək: "Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım atacağıq".

Ərdoğanın sözlərinə görə Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər".

Bu giriş bir də onunla əlamətdardır ki, Brüsseldə keçiriləcək NATO sammiti ərəfəsinə təsadüf edir. Ərdoğan Brüsseldə iki ölkənin müştərək problemlərini gündəmə gətirəcəyini vəd etdi.

Politoloq son olaraq əlavə etdi ki, diqqət çəkən məqamlardan biri Azərbaycan-Türkiyə əməkdaşlığının hərbi müstəvidə də xeyli güclənməsidir. Azərbaycan prezidenti İlham Əliyevin söylədiyi "Türkiyənin hərbi potensialı çox güclüdür. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü artıq keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır" sözləri bunu sübut edir.

Lakin İlham Əliyev onu da qeyd edib ki, bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Türkiyə prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR