Yaşamadığım həyatın əvəzi...

Çox emosional, çılğınca düşüncədir. Bəlkə pafos da deyər kimsə adına. Qınamaram, çünki bu duyğumuzun başına nə oyunlar gəlmədi ki? Nə qədər alçaldılmadı ki? Amma yenə inam elə ona qalıb. Ən böyük ehtiyac da onadır, SEVGİyə...

Vətənə, insana, insanlığa sevgiyə. Bu sevgi o qədər böyük və təmiz ki, onu kimsəyə vermərik.  Vətəndaşı, insanı, anası, atası, övladı, qadını, kişisi, jurnalisti, məmuru, polisi, hərbçisi olaraq, vermərik. Görün neçə adam saydım? İndi bunu onlarla, yüzlərlə, milyonlarla adama vuraq bir də. Ağla gəlməz insan seli yaranır, adı AZƏRBAYCAN!..

***

Yaşıdım olan, indi müxtəlif vəzifə və mənsəb sahibi dostlarla bir həmkar toyuna getmişdik. Bizdən xeyli gənc olan nəsil şənlənir, sevinir, ürəyi istədiyi kimi sərbəst davranır, bizsə bu mənzərəyə ancaq baxırdıq. Gülümsəyib baxırdıq, sevgi ilə həm də. Çünki hamısı yaşamadıqlarımız idi. Bəzi yaşantılar, qıvraq, oynaq davranışlar üçün gecdir artıq. Bəlkə də gec deyil, biz yaşımızdan çox böyükük, bilmirəm.  Amma hər halda bir-birimizə pıçıldayıb etiraf da elədik: biz itirilmiş nəsilik, sevinməyi də, şənlənməyi də vaxtında yaşaya bilməyən, itən nəsil. Üzərimizdən qazanılan bircə şey var, müstəliq AZƏRBAYCAN!

***

İndi özümüzün bahasına başa gələn, müstəqillik təhlükədədir. Və mən onu öz adıma kimsəyə vermərəm. Nə Rusiyaya, nə İrana, nə Avropaya, nə Amerikaya. Niyə?!..

Meydan hərəkatını yaşayan cocuğam çünki...

Əyalətdə meydandan qaçmadım, iyirmi yanvarı gətirdilər başıma...

Ardınca Xocalı soyqırımına apardılar məni...

Sonra OMON-çu qiyamı, Gəncə faciəsini göstərdilər...

Onacan da Sumqayıt olayları yaşamışdım...

Nənəm, babam qıtlıq, aclıq deyəndə gülərdim. Onu da yaşadım, müharibə cocuğu kimi...

Mənim göy qurşağım olmadı heç. Rayondakı evimizin, pilləkənimizin başından, gecə raket qurğularının atışından geriyə qalan izlərə göy qurşağım dedim mən...

Dağlıq Qarabağda döyüşləri səngitmədilər, hər gün onlarla şəhid verdilər əlimizə...

Qulaqlarımı əllərimlə şıltaqlıqdan, məsələn, sevmədiyim mahnını eşitməmək üçün qapamadım mən, ağılardan üşənib qapadım...

Məktəbimin yarısını əlimdən aldı müharibə. Ufaq bir qız cocuğuydum. Silah anbarı lazım idi dövlətimə. Qurdular və mən də gücüm yetən qədər silah qutusu daşıdım dövlətim üçün balaca əllərimdə...

Sonra bir məktəb yoldaşımın şəhadətini, üstəlik itkinliyini gördüm...

Dedim nə zaman böyüdüm axı?!...

Atamın  yadigar aldığı, ən sevimli üzüyümü müdafiə fonduna yollayandamı?..

Yoxsa anam bütün zinət əşyalarından vaz keçib, atam qanuni bir silah alanda, "fikir eləməyin, düzələr" deyib ağbirçək-ağbirçək təsəlli verəndəmi?..

Bu hadisələrdə nə vaxtsa, necəsə zaman tapıb böyümüşdüm. Uşaq, yeniyetmə, olmadan, gənc olmuşdum...

Onda da hərbi tibb bacısı olmaq üçün təcrübəyə gönrədildiyim xəstəxanada qolumda ölən, əlim yarasında, laxtalanan qanında qalan əsgərlər gördüm...

Bu dövlət olsun deyə, ölümü yaşamadım, amma gördüm mən...

Çörək növbələrində ayaq altında qala-qala, mitinqlər, siyasi mübarizələr görə-görə böyüdüm mən oldum...

Bu dövlət mənim sevgimdir, başıma min oyun açsa da, imtina edə, ata, sata, yanından çıxıb gedə, xəyanət edə bilmədiyim, sevgim...

Bu dövlət  yaşamadığım uşaqlıqdır...

Bu dövlət keçirmədiyim yeniyetməlik dövrümdür...

Bu dövlət itirdiyim gəncliyimdir...

Bu dövlət mənə həyatım bahasına başa gələndir...

Yaşamadığım hər şeydir bu dövlət...

Təkcə mənimmi? Yox, milyonlarla mənim kimi hər şeyi itən azərbaycanlı yaşıdımındır bu dövlət...Bizdən ahılların, bizdən gənclərindir həm də.

Hamınındır, hər şeydir!

Hər şey olandan vaz keçilməz!

Canın uğruna fəda olsa da,  məslən bir polis zabiti olub şəhid edilsən də, vaz keçilməz!..

Jalə Mütəllimova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR