Gəncə olaylarının gizli kodları: onları necə oxuyaq?

Ümumilikdə şiəlikdə "kripto cinayət" qrupları təcrübəsi yoxdur;  qətl fitvası isə konkret iki halda verilə bilər

Gəncədə iyulun 10-da baş verənlər böyük bir provokasiyanın izlərini üzə çıxardı. Rəsmi məlumatda qeyd olunur ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Məlumatda 150-200 nəfərlik təxribatçı qrupun olduğu qeyd olunur. Qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov olduğu müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır.

Əgər buna qədər Mingəçevirdə baş verən qəza və iyulun 3-də Elmar Hüseynova atəş açılması qəza və kriminal hadisə hesab olunurdusa, indi artıq bir çoxları haqlı olaraq bu hadisələrin bağlantılı olduğunu, planlı təxribat kimi qiymətləndirir. Bunun üçün bir sıra əsaslar da var.

gəncədə iğtişaş ile ilgili görsel sonucu

Açıq-aşkar təxribat

İyulun 3-də Gəncənin icra başçısı güllələnəndə ilk günlərdə birmənalı münasibət yox idi. Hökumət qurumları və rəsmilərin açıqlamalarında hadisə kriminal cinayət, daha sonra isə radikal dini fanatik tərəfindən həyata keçirildiyi, hadisəni törədən Yunis Səfərovun Suriyada təlim keçdiyi qeyd olunurdu. Eyni zamanda sosial şəbəkələrdə hadisənin dini motivli olduğu, Y.Səfərovun icra başçısından dini zəmində qisas aldığı haqda yazılar, kollajlar paylaşılmağa başlandı.

Daha sonra məlum oldu ki, sosial şəbəkələrdə, "whatsapp" mesajları ilə xalqı iyulun 10-da Gəncənin mərkəzində etiraz aksiyasına çağırırlar. Bu aksiyanın təşkilatçısı və ya təşkilatçıları bilinmirdi. Eyni zamanda hökumətin bu aksiyaya hazırlaşdığı haqda məlumatlar yayıldı. Hətta Gəncəyə Daxili Qoşun hissəsinin və texnikanın yeridildiyini əks etdirən kadrlar yayıldı. Bu səbəbdən də bir çoxları Gəncədə hər hansı aksiyanın baş verəcəyini gözləmirdi. Lakin görünür ki, hesablar səhv olub. Təxribat işi təşkil olunmuşdu və Gəncənin mərkəzində məlum hadisə baş verdi. Belə görünür ki, rəsmi qurumlar da Gəncədə bu şəkildə təxribat olacağını gözləməyib. Polis rəislərinin hədəf olması onu göstərir ki, təxribat planı yaxşı hazırlanıb və rəsmi orqanlar buna hazırlıqlı olmayıb. 

Bu, dini hadisədirmi?

Gəncə hadisələrini dini motivə calamaq cəhdləri var. Hadisələrin arxasında din və İranın olması ilə bağlı rəsmi qurumlar olmasa da, mediada və ayrı-ayrı şəxslərin dilindən iddialar var. Əlbəttə, Yunis Səfərovun dindar olması və iyulun 10-da Gəncədə polisləri vurarkən "Allahu Əkbər" şüarı səsləndirilməsi ilə bağlı dəlillər var.

Ancaq Səfərovun və ya polisləri qətlə yetirən şəxslərin dindar olması bu hadisənin dini başqaldırma olmasını demək üçün əsas vermir. Əksinə, bu hadisələrdə dinin açıq-aşkar gözə soxulması məqsədli ola bilər. Mümkündür ki, bu hadisəni hazırlayanlar əhalinin dini həssaslığı, dindarların narazılığı amilini bildikləri üçün bu hadisəyə dini rəng qatılmasında maraqlı olublar.

gəncədə iğtişaş ile ilgili görsel sonucu

Bu hadisələrə dini zəmində provokasiya demək üçün bir sıra faktorlar olmalıdır. İlk növbədə dini çağırış, fətva olmalıdır. Gəncə hadisəsi ilə bağlı elə bir çağırış yoxdur. Nə sui-qəsd zamanı, nə də ondan əvvəl Yunis Səfərovun bu hadisə ilə bağlı çıxışı, çağırışı, dini qisas haqda bir açıqlaması yoxdur. Eyni zamanda dünənki qətllə bağlı da hansısa bir çağırış olmayıb. Məsələn, Yaxın Şərqin müsəlman ölkələrində dini zəmində hadisələr planlaşdırılanda əvvəlcə bunun videosu çəkilir, müraciəti hazırlanır, prosesin özü bir teatrlaşdırılır. Amma Gəncədə bunların heç biri yoxdur. Gəncə hadisələrində əsas ittiham olunan şəxsin dindar olması və polislər qətlə yetirilərkən dini şüar səsləndirilməsi faktı var. Bu isə qeyd etdiyimiz kimi, provokasiya ola bilərdi.

Yunis Səfərov ile ilgili görsel sonucu

Amma bunlar hadisələrin din uğrunda olduğunu deməyə əsas vermir. Ümumilikdə şiəlikdə bu cür kripto cinayət qrupları təcrübəsi yoxdur. Qətl isə konkret iki halda verilə bilər. Birincisi mühakimə ilə - bu, edamdır. İkincisi isə xüsusi hallarda dini liderlər qətl fətvası verə bilərlər.

İranla bağlı onu demək olar ki, İslam Respublikasında Azərbaycana qarşı düşmən qüvvələr olsa da, hazırkı halda bu cür hadisələri açıq izlərlə törədib məsuliyyəti üzərinə götürmək Tehranın maraqlarına cavab vermir. Qətlin üzərində İranın "əl izinin" qalması onun maraqlarına cavab verə bilməz. Gəncədə baş verən iğtişaşlar ən uzağı Azərbaycanın qərb regionunda aksiya və xaosa gətirə bilər. Ancaq bunun əvəzində Bakı və Tehran arasında ciddi münaqişə yarana bilər. Bu isə indiki zamanda Tehranın maraqlarına cavab vermir. Üstəlik, Azərbaycanda sabitliyin pozulması Tehranın özü üçün ciddi risk daşıyır.

gəncədə iğtişaş ile ilgili görsel sonucu

Ölkədə din sahəsi nəzarətdədirmi?

Gəncə hadisələri bir ziddiyyəti ortaya qoydu. Hakimiyyət orqanları ilk günlərdən başlayaraq bu hadisənin dini zəmində, din şüarı ilə edildiyini qeyd etdilər. Bu isə həm də son illərdə Azərbaycanda dini sahədə vəziyyətin nəzarətdə olması ilə bağlı təbliğatı puça çıxarır. Belə çıxır ki, vəziyyət deyildiyi kimi olmayıb. Dövlət qurumları ölkənin ikinci böyük şəhərində dini situasiyanı nəzarətdə saxlaya bilməyib.

Yeri gəlmişkən, bu hadisələr həm də göstərdi ki, bir sıra dövlət qurumları həm informasiya axını, həm də qiymətləndirmək baxımından situasiyanı nəzarətdə saxlaya bilmir. Çevik reaksiya, operativ iş aparılmır. Bu isə nəinki indiki situasiyada, ümumilikdə müharibə vəziyyətində olan ölkə üçün çox təhlükəlidir. Ümumilikdə son Mingəçevir hadisələrindən sonra baş verənlər göstərdi ki, bəzi dövlət qurumlarının çevikliyi, operativ reaksiya və qərar qəbul etmələri ilə bağlı müəyyən sıxıntılar var. Bu sahədə ciddi işlər görülməlidir. Qəza və təxribatlar bir sıra əskikləri ortaya çıxardı.

Ortaya çıxan əsas pozitiv nüans isə budur ki, bütün cəhdlərə baxmayaraq Gəncə camaatı və inanclıların böyük əksəriyyəti bu təxribat və təhriklərə uymadı. 

yeni  musavat

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR