Ermənistanın iqtisadi perspektivləri yoxdur - ANALİTİK

Prezident: "Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq"

Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı ölkənin xarici siyasətinin prioritetlərini açıqlayıb. Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlara toxunan dövlət başçısı bildirib ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə  ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri daha da inkişaf etdirilib. Aparılan  uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir: "Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz".

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, son iclas da əvvəlki iclaslar kimi ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük rol oynayacaq, özünün müsbət töhfələri, müsbət tendensiyaları ilə müşaiyət olunacaq. E. Səlimovun dediyinə görə, bu cür iclaslar  həm də bir növ hesabatdır, xalq, dövlət qarşısında hökumətin, dövlət başçısının hesabatıdır: "Bundan gözəl nə ola bilər ki? Bu, Azərbaycan dövləti və hökumətinin nə qədər məsuliyyətli, nə qədər açıq və şəffaf, insanlara, ölkə vətəndaşlarına nə dərəcədə sayğılı olduğunu göstərir. Düzdür, Nazirlər Kabineti hər il mart ayında, parlamentin 5-ci iclasından gec olmayaraq, son bir illik fəaliyyəti ilə bağlı deputatlar və onların vasitəsilə  bir növ cəmiyyət qarşısında hesabat verir, amma bu iclasların da cəmiyyət, dövlət qarşısında hesabatlılıq baxımından ayrı, özünəməxsus yeri var. Xüsusilə də, dövlət başçısının, fəaliyyətinin baş istiqamətini, ana xəttini yalnız və yalnız  xalqının və dövlətinin maraqları təşkil edən cənab İlham Əliyevin bu iclaslara qatılması, sədrlik etməsi ona ayrı bir rəng qatır, ona ayrı bir gözəllik verir. Hər dəfə ölkə başçısı yeni mesajlarla, təzə, bir-birini təkrarlamayan, amma bir-biri ilə üzvü sintez təşkil edən çağırışlarla çıxış edir. Öz irad və tapşırıqlarını verir, hər kəsi, ən çox da məsul şəxsləri və aidiyyatı qurumları xüsusi məsuliyyətə dəvət edir, ölkənin gələcəyinə, inkişafına yönəlik çağırışlarını edir. Bu dəfə də məhz belə oldu. Bu iclasda da cənab  prezident ölkənin, cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bəyan etdi, öz tövsiyə və tapşırıqlarını verdi". E. Səlimov dövlət başçısının çıxışında işğalçı dövlətlə bağlı da çox mühüm və maraqlı məqamların dilə gətirildiyini  söyləyib: "Dövlət başçısı dedi ki, Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Artıq onun  dediklərini erməni xalqı da deyir: "Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal- xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir"- deyən, dövlət başçımız onu da sözlərinə əlavə etdi ki,  bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki dövlət başçımızın sözlərinə görə,  əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Yəni, Azərbaycan prezidentinin fikrincə, Ermənistan uğursuz dövlətdir, onların qəhrəmanları oğrulardır, onların generalları oğrulardır, oların ordusu oğru ordusudur. Tamamilə haqlı, çox sərrastlıqla söylənmiş fikirlərdir. Bu fikirlər bütün Azərbaycan cəmiyyətinin fikirləri və mövqeyidir. Bu məsələdə heç bir fikir, mövqe ayrılığı da ola bilməz və olmamalıdır. Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti bundan sonra da ifşa edilməlidir".Millət vəkili əlavə edib ki, 8 iyul  iclasında dövlət başçısı tərəfindən səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə ölkəmizin sürətli və dinamik inikişaf yolunda daha iri addımlarla addımlamasında öz müsbət rolunu oynacayaq, müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq: "Kimsə də buna şübhə edə bilməz. Çünki Azərbaycan "gəmi"sinin sükanı  İlham Əliyev adlı kapitatın etibarlı əllərindədir". Millət vəkili Elman Məmmədov qeyd edib ki, dövlət başçısı müşavirədə birmənalı şəkildə bəyan edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü təmin edəcək. E.Məmmədov bildirib ki, iyunun 26-da Bakıda keçirilən möhtəşəm hərbi parad ordumuzun gücünü nümayiş etdirdi. Onun sözlərinə görə,  Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir: "Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq  və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək.  Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR