ADR 100: Britaniya rəsmiləri Azərbaycan heyətilə ilk görüşlərindən sonra məktublarında nə yazırdırlar?

Azərbaycanın Paris Sülh Konfransına nümayəndə heyəti Parisə gəldikdə dərhal müxtəlif ölkələrin təmsilçiləri ilə görüşlər keçirmiş və bu görüşlərdə Britaniyaya xüsusi diqqət yetirmişdi.

Britaniyanın bölgədəki hərbi rolu və bu dövrdəki yüksək nüfuzu və siyasi gücü Azərbaycan üçün önəmli idi.

BBC Azərbaycanca bu əlaqələrə dair Britaniya Xarici İşlər Nazirliyinin daxilindəki müzakirələri əks etdirən qeydləri və məktubları sizə təqdim edir.

Digər məktublarda:

ADR 100: Britaniyanın Azərbaycan-Türkiyə əlaqələrinə dair şübhələri və AXC-nin cavabı
Britaniya Səfirliyi,

PARİS.

13 May 1919

Zati-aliləri səfir üçün,

Aşağıda qeyd etdyim şəxslər bu gün Hərbi Konsulun qəbulunda olublar və özlərilə general Thompson-dan təqdimat məktubu gətiriblər:

ƏLİ MƏRDAN bəy TOPÇUBAŞOV, Azərbaycan Respublikasının Sülh Nümayəndə Heyətinin prezidenti.

MƏMMƏD HƏSƏN, Azərbaycan Respublikasının naziri.

MƏMMƏD MƏHƏRRƏMOV, Azərbaycan Respublikası parlamentinin üzvü.

ƏLİ QAFAROV, nümayəndə və tərcüməçi.

Bütün nümayəndə heyəti, ümumiyyətlə Britaniyaya dərin heyranlıqlarını bildirib və tezliklə səfirlə görüşmək istədiklərini söyləyiblər. Bunun üçün bir vaxt təşkil oluna bilərmi?

Bu centlmenlərin Hərbi Konsulla yeganə əlaqələri general Thompson-un təqdimat məktubu və Hərbi Konsulun heyət üçün Lloyd Bankında açdığı hesabdan ibarət olduğuna görə, düşünürəm ki, səfirlik işçilərindən biri onlarla istədikləri Kral Hökuməti üzvlərilə görüşlərin təşkil edilməsində vasitəçi kimi tövsiyə oluna bilər. Kimisə təklif etmək istəyirsinizmi?

Sir Louis Mallet-dən

Paris,

Mayın 14-ü, 1919.

Lordum,

Mən Hərbi Konsuldan Azərbaycan Respublikasının Sülh Heyətinə dair memorandumu təqdim etmək istyirəm. Eşitdiyimə görə, onlar mənimlə görüşmək istəyirlər.

Sizin hər hansı bir etirazınız yoxdursa, onlarla görüşməyimi təklif etmək istəyirəm.

Sonuncu bənddə qeyd olunan məqamla bağlı demək istərdim ki, sizin tövsiyənizlə, bəlkə Britaniya nümayəndə heyətinin bir üzvünü Azərbaycan heyətinə yardımcı kimi təyin edək?

Lordum, sizin ən mütaətkar qulluqçunuz olmaqla qürur duyuram,

Lord Hardinge üçün

17-ci Derby erli, Edward George Stanley, bu dövrdə Britaniyanın Fransada səfiri idi
16 May 1919

Azərbaycan nümayəndə heyəti yəgin ki, üç Zaqafqaziya respublikasının heyətləri arasından bizim dəstək verməyə ən az səbəbimiz olanıdır, ona görə ki, əvvəla onların keçmişdə Pan-Turanism və Osmanlı İmperiyasında İttihad və Tərəqqi komitəsilə əlaqələri olub.

İkincisi isə onların Rusiyadan tamamilə qopmaq və Bakının neft yataqlarına olan bütün xarici iddialardan azad olmaq istəkləri var. Bu isə gələcəkdə bu respublikanın öz məqsədlərinə nail olmasına dəstək göstərən müttəfiqlərə qarşı Rusiya hökumətində mənfi rəy yaradacaq.

Rusiya öz neft istehsalının ¾-ünü Bakının neft yataqlarından alır. Lakin gürcülərin və Qafqaz erməniləri heyətlərinin Parisə gəlmələrinə qarşı çıxmadığımıza görə, Azərbaycanın da Sülh Konfransında iştirakına etiraz etməyimizə heç bir səbəb yoxdur.

Yuxarıdaki qeydləri nəzərə alaraq bildirmək istəyirəm ki, onun səfir tərəfindən qəbul olunmalarına etirazımız yoxdur. Lakin onu da vurğulamaq istəyirəm ki, izah olunan səbəblərə görə, onları şövqələndirmək olmaz və nə səfirlik, nə də ki, bu heyətin hər hansı bir üzvü onlara xüsusi yardım göstərməyə təyin olunmalıdır.

Lord Derby

16 May 1919

Razıyam. Biz ehtiyatlı olaraq onların müstəqilliyə iddialarına dair heç bir öhdəliyi öz üzərimizə götürməməliyik. Əgər onlar utancverici suallar verərlərsə, onlara deyin ki, bu cür məsələlərlə yalnız konfrans məşğul ola bilər.

Lord Hardinge

Britaniya Nümayəndə Heyəti.

Paris.

Derby Erlindən

Nö. 22 (10-375/3/3/10092)

Mayın 17-si, 1919

Sizin 14 may tarixli məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası nümayəndə heyətinin üzvlərini qəbul etməyinizə etirazım yoxdur.

Lakin siz ehtiyatlı olmalısınız ki, onların müstəqilliyə iddialarına dair heç bir öhdəliyi öz üzərinizə götürməməliyik. Əgər onlar utancverici suallar verərlərsə, onlara deyin ki, bu cür məsələlərlə yalnız konfrans məşğul ola bilər.

Sizin işçilərinizdən birinin Azərbaycan nümayəndələrinə kömək etmək üçün təyin edilməsinə heç bir səbəb görmürəm.

Lordum, həqiqət və hörmətlə, sizin ən mütaətkar qulluqçunuzam,

Britaniya Nümayəndə Heyəti,

Paris,

Mayın 26-sı, 1919

Lordum,

Azərbaycanın Sülh Konfransına nümayəndə heyətinin prezidenti, cənab Topçubaşov, hazırki Azərbaycan hökumətində nazir, cənab Jalinsky (sənəddə ad Jalinsky kimi ifadə olunub, lakin böyük ehtimalla diplomatik heyətdə Topçubaşovun müavini olan Məmməd Həsən Hacınskidən söhbət gedir-red. ) və heyətin digər bir üzvü cənab Sakarov adlı bir tərcüməçiylə may ayının 23-də Sir Louis Mallet-in qəbulunda olublar.

Onlar bildiriblər ki, tezliklə istəklərinə dair sənədi Konfransa və bizim heyətimizə təqdim edəcəklər. Görünür ki, onların ərazi iddiası iki Rusiya departamenti - Elizavetpol və Bakıdan ibarətdir. Onlar soruşdular ki, Kral Hökuməti onların müstəqilliyinin tanınması üçün cəhdlərini dəstəkləyəcəkmi? Həmçinin soruşdular ki, Kral Hökumətinin Azərbaycan üzrə mandatı öz üzərinə götürməsinə hər hansı bir ehtimal varmı?

Mən onlara bildirdim ki, mandat məsələsinə gəldikdə, buna böyük ehtimal yox idi və onların müstəqilliyinin tanınması və mandatların müəyyən edilməsi yalnız Kral Hökuməti deyil, bütün Konfrans tərəfindən müzakirə edilməli olan məsələlərdir. Mən əlavə etdim ki, Konfransın Qafqaz barədə nə vaxt və necə müzakirələr keçirəcəyini ehtimal etmək mümkünsüzdur.

Azərbaycanın Rusiyanın digər bölgələrilə münasibətləri barədə sualıma cavabında, cənab Topçubaşov bildirdi ki, onlar Rusiyada tezliklə sabit bir hökumətin qurulmasını gözləmirdilər, lakin eyni zamanda hadiəslərin gedişini gözləməyə hazır idilər. Həmçinin, o, 1917-ci ildə olduğu kimi və türklərin Qafqaz işğalı ilə məhv edilən konfederasiyanın dörd Qafqaz respublikası (Gürcüstan, Ermənistan, Azərbaycan və Dağıstan) arasında yenidən qurulmasına ümid bəslədiyini bildirdi.

Söhbətimizin gedişində, o, hökumətinin gələcək dövlətlərinin sərhədlərinin daxilində qalan azlıqlara ədalətli yanaşma niyyətini vurğuladı və bu məsələ ilə bağlı qeyd etdi ki, onlar Azərbaycandan yola düşəndə hökumətdə erməniləri üç nazir və parlamentdə 20 deputat təmsil edirdi.

Yekun olaraq cənab Topçubaşov Azərbaycan hökumətinin general Thomson və Britaniya hərbiyyəsilə əla əlaqələri olduğunu, onlara xüsusi hörməti olduğunu və onlardan kömək və tövsiyələr aldığını qeyd etdi. Cənab Topçubaşov general Thomson-un və Britaniya hərbçilərinin bölgədən çıxışı barədə söz-söhbət eşitdiyini və hər iki halın onda narahatlıqlar yaratdığını bildirdi.

Heyət tezliklə Londona gələrək Xarici İşlər Nazirliyi ilə görüşmək niyyətindədir.

(cənab Balfour üçün)

Louis Mallet

BBC-Azərbaycanca

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR