Musa Qasımlı: "Ordumuz istənilən tapşırığı yerinə yetirməyə qadirdir"

"Millətimizin bağrından çıxan ordumuzun dünyanın 50 ən güclü ordusundan biri olması ilə hamımız fəxr edirik. Son bir neçə ilin təcrübəsi göstərdi ki, əsgər və zabitlərimiz istənilən tapşırığı ən az itki və böyük məharətlə yerinə yetirməyə, düşmənin başını əzməyə qadirdir". Bu fikirləri millət vəkili Musa Qasımlı deyib.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən hərbi paradı xatırladan millət vəkili bildirib ki, paradda qismən də olsa nümayiş olunan hərbi sursat, texnika ordumuzun nə qədər güclü olduğunu bir daha ortaya qoydu: "Son 15 ildə Azərbaycanın ordusu xeyli inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz ən güclü orduya çevrilib. Azərbaycan modern silah, hərbi texnikalar malik olmaqla yanaşı, artıq ölkəmiz özü bu cür silahlar istehsal edir".

Dövlət başçısı İlham Əliyevin hərbi paradda söylədiyi nitqdən sitat gətirən M. Qasımlı vurğulayıb ki, Ali Baş Komandanın "Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək" fikirləri xalqımızın iradəsini nümayiş etdirməklə yanaşı, dünyaya ünvanlanan növbəti mesaj idi: "Ölkə başçısının da söylədiyi kimi düşmən ordumuzun qarşısında qətiyyən tab gətirə bilməz. Ordumuzun işğal edilmiş Dağlıq Qarabağ regionunu və ətraf rayonları tezliklə işğalçılardan azad edəcəyinə inanıram".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR