Millət vəkili: “Ordumuz torpaqlarımızı azad etmək qüdrətindədir"

"Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu müstəqilliyimizi və suverenliyimizi qətiyyətlə müdafiə etmək, işğal altındakı torpaqlarımızı dərhal azad etmək qüdrətindədir".

Bu fikirləri iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parada münasibətini bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda çox parlaq və dərin məzmunlu nitq söylədiyini xatırladan S.Qafarovanın sözlərinə görə, Ali Baş Komandan həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi. Eyni zamanda, bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunuduğunu təsdiqlədi.

Azərbaycanda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir ordu quruculuğu istiqamətində çox geniş miqyaslı tədbirlərin uğurla həyata keçirildiyini deyən millət vəkili S.Qafarova vurğulayıb ki, son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş istənilən tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Sahibə Qafarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir. Eyni zamanda Azərbaycan Ordusunun döyüş qabiliyyəti də çox yüksəkdir. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması həm də bu reallığı sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir.

Sahibə Qafarovanın fikrincə, həm aprel döyüşləri, həm də Naxçıvan əməliyyatlarının ifadə etdiyi başqa bir məqam ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib: "İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirirlər. Hər halda son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir".

Əksinə, Azərbaycan cəmiyyətində isə Ordumuza böyük etimad və əminliyin hakim olduğunu deyən S.Qafarovanın sözlərinə görə, cənab Ali Baş Komandan paradda bildirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. "Azərbaycan xalqı da əmindir ki, ordumuz istənilən vəzifəni icra eməyə hazır və qadirdir. Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək", - deyə millət vəkili Sahibə Qafarova qeyd edib.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR