Yüksələn xətlə inkişaf edən Rusiya-Azərbaycan əməkdaşlığı - Bu əməkdaşlıqdan Bakı ilə yanaşı Kreml də məmnundur

Azərbaycanın xarici siyasət sahəsində həyata keçirdiyi balanslaşdırılmış uğurlu kursu Bakının həm region, həm də yaxın-uzaq ölkələrlə əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu münasibətlər sistemində Rusiya ilə əlaqələr xüsusi diqqət çəkir. Əvvəla onu qeyd etmək lazımdır ki, Moskva ilə Bakı dərin siyasi-iqtisadi, eyni zamanda mədəni və humanitar sahədə əlaqələrə malikdir. İki ölkənin liderləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsi, bu əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsinə imkan yaradır. Əslində Moskva və Bakını strateji baxımdan bir-birinin yaxın müttəfiqi kimi də xarakterizə etmək lazımdır. Çünki beynəlxalq təşkilatlarda hər hansı bir ölkə ilə bağlı prinsipail məsələ ortaya çıxanda Azərbaycan və Rusiya eyni mövqedən çıxış edərək bir-birinə dəstək nümayiş etdirir. Rusiya ilə bağlı Avropa Şurası Parlament Assambleyasında məsələ müzakirəyə çıxarılan və şimal qonşumuzu bu qurumda təmsil edən deputatlarının səlahiyyətlərinin dondurulması məsələsi gündəmə gələn zaman Azərbaycanın Moskvanın mövqeyindən çıxış etməsi və bunun əleyhinə səs verməsi, eləcə də oxşar məsələ gündəmə gələrkən rusiyalı parlamentarilərin anoloji mövqeni sərgiləməsi məhz iki ölkə arasında strateji tərəfsaşlığın bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi Azərbaycanla Rusiya arasında siyasi liderlər səviyyəsində yüksək formada əməkdaşlıq münasibətləri, dostluq əlaqələri mövcuddur.  İki ölkə liderinin qarşılıqlı səfərləri,  istər Moskva və Soçidə istərsə də digər beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərində həm Moskva və Bakı, həm də region üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi fonunda bunu aydın görmək mümkündür.

Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində dövlət başçısının rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparılması ekspertlərin diqqətindən qaçmayıb. Xüsusilə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan Preziedntinin rəsmi səfərlə Rusiyaya gedəcəyi barədə açıqlaması diqqət çəkib. "Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar".

Adətən yay aylarında ölkə liderlərinin istirahətdə olduğunu nəzər alsaq, belə qənaətə gəlmək olar ki, Azərbaycan dövlət başçısının məhz avqust ayında qonşu ölkəyə səfərə dəvət edilməsi sıradan bir səfər deyil və mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin avqust ayında Rusiyada keçirəcəyi görüşlərdə həm iki ölkə, həm də region üçün əhəmiyyətli məsələlərin müzakirə ediləcəyi istisna olunmur. Bu sırada Dağlıq Qarabağ problemi də yer ala bilər.

Vladimir Putin-İlham Əliyev görüşündə digər diqqət çəkən məqam Kreml rəhbərinin Azərbaycanla bağlı işlətdiyi xoş sözlər olub. Rusiya Federasiyasının prezidenti bildirib ki, Putin Azərbaycanla əməkdaşlıqdan məmnundur. "Bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir" deyən Putin səsləndirdiyi fikrini belə yekunlaşdırıb: "İqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir".

Həm ötən gün baş tutan, həm də avqust ayında Azərbaycan dövlət başçısının Rusiyaya dəvət edilməsinə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vladimir Putin Azərbaycan mövzusunu əvvəllər də avqusta saxlayırdı: "Məsələn Azərbaycanda 2013-cü ilin prezident seçkisinə iki ay qalmış, yəni avqust ayında Putin Bakıya gəldi və ikitərəfli danışıqlar apardı. Bu səfər rəsmi Bakı üçün çox vacib idi. Çünki, Azərbaycan hakimiyyəti Rusiyada müəyyən dairələrin müxalif Milli Şuraya dəstək verməsindən şübhəli idi və bu şübhələr Putinin avqust ayında Bakıya səfərinə qədər davam etdi. Putin gəldi, verdiyi açıqlamalar rəsmi Bakını rahatladı".

Politoloq onu da vurğulayıb ki, Türkiyədə TANAP-ın rəsmi açılış mərasimi ərəfəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycanın ünvanına məmnunedici fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, Kreml TANAP-dan iddia olunduğu kimi narahat deyil.  Eyni zamanda Rusiya Azərbycan qazını Avropaya çatdıracaq TANAP layihəsini dolayı yolla dəstəkləyir: "Başqa sözlə Putin Rusiyadan yan keçən və alternativ qaz mənbəyini Avropaya çatdıracaq layihəyə etiraz etmir. Putin "siyasi məsələlərdə vəziyyət sabitdir" deyirsə, demək Azərbaycandan narahatlığı yoxdur. Eyni sözləri Ermənistana şamil etmək çətindir. Putin Ermənistanın hansı yolla gedəcəyinə qəti əmin deyil". Politoloq onu da bildirib ki, Putinin Azərbaycanın ünvanına isti sözlərinə rəğmən, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv yanaşma ortaya qoyacağını gözləmək çətindir: "İndiki halda bu mümkün də deyil. Yetər ki, işimizə qarışmasınlar. Neçə ki, Azərbaycan ordusunun Naxçıvanda əraziləri işğaldan təmizləməsini görməzlikdən gəldilər. Bizə də elə bu lazımdır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR