"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın durumu acınacaqlı olardı"

Cahangir Hüseynov: "Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi"

25 il əvvəl baş verən prosesləri sabiq millət vəkili ilə birgə xatırlama

Əvvəli ötən saylarımızda

Müasir, müstəqil Azərbaycanın tarixinə qızıl həriflərlə yazılmış 15 iyun-Milli Qurtuluş Gününə sayılı günlər qalır. 25 il əvvəl ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkənin parçalanma, məhv olma təhlükəsindən xilas olduğu 15 iyun tarixi 1993-cü ildən etibarən hər il Qurtuluş Günü kimi qeyd edilir. Biz də həmin dövrdə, eləcə də ondan bir neçə il əvvəl ümummilli liderin Bakıya qayıdışı təşəbbüsü ilə çıxış edən sabiq millət vəkili Cahangir Hüseynovla görüşüb 25 il əvvəl baş verənləri vərəqlədik. Sabiq millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə o dövrdəki siyasi proseslərə də nəzər salıb.

-Cahangir müəllim,  iyun hadisələrinə qayıdaq. Səhv etmiriksə həmin hadisələr zamanı siz də Gəncəyə getmisiniz.

- Gəncə hadisələri başlayan ərəfədə biz Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, Gəncə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şöbə rəisi Cəbrayıl Nağıyevlə Gəncəyə gedərək orada görüşlər keçirdik, mitinqlərdə çıxışlar etdik. O zaman mən Polis Akademiyasında müəllim işləyirdim. Hətta akademiyada təhsil alan kursantları da yığıb Gəncəyə göndərdilər ki, orada baş qaldıran hadisələri yatırsınlar. Mən bir müəllim kimi onlara tövsiyə etdim ki, əmrə tabe olsanız da, heç bir qarşıdurmaya getməyin. Öz xalqınıza qarşı silah işlətməyin. Çox sağ olsunlar ki, onlar da həmin münaqişəyə qatılmadılar. Ancaq buna baxmayaraq həmin hadisələr zamanı onlarla insan həlak oldu.

-Gəncədə olarkən Surət Hüseynovla da görüşə bildinizmi?

-Əlbəttə. Gəncədə olarkən Surət Hüseynovla da görüşdük. Bildirdik ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin Bakıya dəvət edilməsidir və Heydər Əliyev Bakıya gəlməsə ölkədə daha böyük qarşıdurmalar olacaq. Ümumiyyətlə, həmin dövrlər çox acınacaqlı idi. Qeyri-qanuni silahlı birləşmələrin sayı kifayət qədər idi. Hətta uşaqlar belə silahlardan oyuncaq kimi istifadə edirdilər. Bunun da çox acı nəticələri olurdu. Ya əllərində partlayır, onlara xəsarət yetirir, ya da ehtiyatsızlıqdan digər xoşagəlməz hadisələr olurdu. Belə bir dövrdə iyunun 15-də Heydər Əliyev Bakıya gəldi və o zaman Ali Sovet rəhbərliyinə Heydər Əliyevlə yanaşı alternativ bir nəfərin də namizədliyinin irəli sürülməsi təklif edildi.

-Həmin təklifi kim səsləndirdi?

-Mən konkret ad çəkmək istəmirəm. Amma mən bildirdim ki, əgər Heydər Əliyevin Ali Sovet rəhbərliyinə namizədliyi irəli sürülübsə, başqa bir nəfərin ona alternativ olması tamamilə yersizdir. İclasda çıxışım zamanı qəti şəkildə bildirdim ki, bu məsələlərə birdəfəlik son qoyaq. Yeganə qüvvə Heydər Əliyevdir və biz onun namizədliyini dəstəkləməliyik. Elə də oldu və Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi məsələsi səsə qoyuldu və ümummilli lider Ali Sovetin sədri seçildi. İki gündən sonra isə belə bir məlumat aldıq ki prezident Əbülfəz Elçibəy qəflətən Bakını tərk edərək Naxçıvana gedib. Bu həmin qüvvələrin hüququ bilməmələri, hakimiyyəti idarə etmək gücündə olmamalarından irəli gəlirdi. Həmin sessiyada da çıxış edib bildirdim ki, əgər prezident heç kimə demədən paytaxtı tərk edib gedirsə, onun hüquqları konstitutsiyaya uyğun olaraq Ali Sovetin rəhbərliyinə verilməlidir. Belə də oldu və tezliklə ölkədə referendum keçirilərək Əbülfəz Elçibəy prezident səlahiyyətlərindən məhrum edildi. Daha sonra ölkədə prezident seçkiləri keçirildi və Heydər Əliyev dövlət başçısı seçildi. Etiraf edək ki, o dövrdə ölkədə vəziyyət kifayət qədər ağır idi. Ordu demək olar ki, yox idi. Hərənin əlində bir silah, nizamsız, nəzarətsiz formada silahlı birləşmələr mövcud idi. Bu arada bir məqama diqqət çəkim. 1993-cü ildə mən Abşeron rayonunda polis rəisi işləyirdim. Bizi 1993-cü ilin avqust ayından 15 nəfərlik heyətlə Cəbrayıl rayonuna ezam etdilər. Biz ora çatanda gördük ki, bütün şəhər boşaldılıb. Bildirdilər ki, guya ermənilər Cəbrayıla girib. Orda Bağırov soyadlı orduya rəhbərlik edən bir kapitanı çağırıb nə qədər canlı qüvvə və texnikaya malik olduqları barədə soruşdum. O da öz növbəsində 2 minə yaxın canlı qüvvələrinin olduğunu bildirdi. Mən həmin canlı qüvvə və texnikanın bir yerə cəmlənməsini xahiş etdim. İnanın ki, cəmi 30-40 nəfəri zorla toplaya bildilər. Hərbi texnika isə ümumiyyətlə olmadı. Biri tankın akkumlyatorunun xarab olduğunu, digəri BTR-in təkərinin partladığını dedi. Ancaq biz heç bir texnika olmadan, əlimizdəki avtomatlarla Cəbrayıl rayonuna daxil olduq və gördük ki, rayonda yalnız itlər ulaşır və bir də kimsəsiz insanlar var. Orada bir dənə belə erməni yoxdur. Rayonun Polis şöbəsində olarkən isə binanın həyətində onlarla yeşikdə silah-sursat olduğunu gördük. Təcili Bakıya məlumat verdim ki, həmin silahlar ərazidən çıxarılmalıdır. Çünki rayon onsuz da boşaldılmışdı. Oradan Beyləqan rayonuna gələrək Heydər Əliyevlə telefon əlaqəsi saxladım və məlumat verdim ki, Cəbrayıl rayonunda vəziyyət olduqca acınacaqlıdır, rayonu boşaldıblar. Bir sözlə keçmiş rəhbərliyin kadrları çalışırdılar ki, yenidən ara qarışsın, əlavə rayonlar işğal olunsun. Nəticədə müxalifətdə olanlar yenidən hakimiyyətə qayıtmağa cəhd göstərsinlər. Lakin buna imkan verilmədi. Heydər Əliyevin dühası, müdrikliyi sayəsində baş verə biləcək təhlükələrin qarşısı alındı. Heydər Əliyevlə telefon əlaqəsi saxladıqdan sonra bizə Cəbrayıldan olan ziyalıları və vəzifəli adamları göndərdilər və biz təxminən 15 günə yaxın orada mübarizə apardıq. Lakin artıq gec idi və bir müddət sonra Cəbrayıl rayonunu işğal etdilər. Təəssüflər olsun ki, bu gün də həmin ərazilər işğal altında qalır. Ancaq bu günkü Azərbaycan 20-25 il əvvəlki Azərbaycan deyil və qüdrətli, güclü bir ölkədir. Respublikamız qüdrətli, güclü orduya sahibdir. Hesab edirəm ki. Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək gücünə malikdir. Ermənilərin vəziyyəti isə təbii ki, məlumdur və onlar gün-gündən geri gedirlər. Ümid edirik ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında biz tezliklə öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi tezliklə işğal altında olan Dağlıq Qarabağda da Azərbaycan bayrağı dalğalanacaq.

-Bəs Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanı nə gözləyirdi?

-Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın durumu çox çətin, acınacaqlı olardı. Çünki hakimiyyət səriştəsiz, bacarıqsız adamların əlində idi. Nə qədər səriştəli kadrlar var, hamısını idarəetmədən uzaqlaşdırmışdılar. Gülməli bir vəziyyət yaranmışdı. Küçədən gələn birini nazir qoyurdular. Yaxud heç bir ixtisası olmayan birisi icra başçısı təyin edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə isə tez bir zamanda dövlətçilik bərpa edildi. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi.

-Artıq həmin vaxtdan 25 il keçib və bu günkü Azərbaycanın durumunu, vəziyyətini necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan öz inkişaf dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət kursu bu gün Cənab İlham Əlyev tərəfindən əzmlə. inamla davam etdirilir. Bu gün Azərbaycanın qarşısında yalnız bir problem dayanır. O, da erməni işğalı altında olan ərazilərimizin azad edilməsidir. Bu gün erməni lobbisi dünyada bizə qarşı çox güclü mübarizə aparır. Ancaq biz buna heyfslənməməliyik. Daha da uğurlu fəaliyyət göstərməliyik. Bildiyiniz kimi prezident seçkilərindən sonra yeni hökumət formalaşdı, Nazirlər Kabineti xeyli gəncləşdi. Nazirlər Kabinetində yer alan əksəriyyət mənə yaxın olan insanlardır və fürsətdən istifadə edib onları da təbrik edirəm. Düşünürəm ki, onlar da var qüvvələri ilə çalışıb indiyə qədər mövcud olan nöqsanları aradan qaldıracaqlar. Nəticə etibarilə Azərbaycan daha da inkişaf edəcək.

-Cahangir müəllim, bir müddət əvvəl Sizin 65 yaşınız tamam oldu. Bir növ buna yubiley də demək olar. Maraqlıdır, ad gününüzü necə keçirdiniz? Ümumiyyətlə, dəbdəbəli ad günləri keçirməyi xoşlayırsınızmı?

-Əlbəttə illər keçir, yaş artır. 65 il həyatımın geridə qalan hissəsidir. Hər bir il, hər bir gün insan həyatı üçün dəyərlidir. Əgər 60-dan sonra da yaşayırıqsa, deməli bu da Allahın bizə verdiyi xoşbəxtlikdir ki, həyatda varıq. Onu qeyd edim ki, bu keçən illərdə həyatımda çox çətinliklər olub. 41 yaşımda həyatıma edilən sui-qəsd nəticəsində aldığım güllə yaralarından bu gün də əziyyət çəkirəm və səhhətimdə müəyyən problemlər var. İki il bundan əvvəl Azərbaycanda yenidən adi bir həkim səhvindən dolayı səhhətimdə çətin bir proses baş verdi. Türkiyədə olan həkimlər sağ olsun ki, məni yenidən həyata qaytara bildilər. Hazırda çox şükürlər olsun ki, yaşayırıq. Ad günlərinə gəldikdə, onu deyə bilərəm ki, uşaqlıq illərində, valideynlərim sağ olarkən mənim ad günümü qeyd etməyi sevirdilər. Düzdür, mən ümumiyyətlə dəbdəbəli ad günləri keçirməyi sevməmişəm, amma nə qədər ki, valideynlərim həyatda idi, onlar ad günümü qeyd etməyi istəyirdilər. Bəlkə də ailədə bir oğul olduğum üçün mənə xüsusi diqqət göstərilirdi. Amma hiss edirdim ki, atam ad günü keçirməyi çox istəyir. Həmişə də çalışmişam ki, atam sağ olan müddətə qədər ad günümü qeyd edim. İndi isə ad günümü ailəm, övladlarımla birlikdə qeyd edirik.

-Ad gününüz ərəfəsində özəl olaraq kimdənsə təbrik zəngi, mesajı gözləyirdinizmi və belə bir zəng oldumu?

-Ümumiyyətlə, tək ad günlərimdə deyil, eləcə də bayram günlərində müxtəlif illərdə çalışdığım rayonlarda ünsiyyətdə olduğum insanlar, dostlar-tanışlar, qohum-əqrəbalar zəng edərək məni təbrik edirlər. Hətta, elə bir hal yaranıb ki, bəzən həmin insanlar hansısa səbəbdən zəng edib təbrik etməyəndə özümdə narahatçılıq hiss edirəm. Bildiyiniz kimi, mən Sabirabad rayonunda da milis rəisi kimi çalışmışam. Orada işlədyim illərdə mənim Zllfəli Əliyev adında bir dostum vardı. Hazırda da o yaşayır və özü də ikinci dünya müharibəsi iştirakçısı olub. Həmin şəxsin hazırda 95 yaşı var və elə bir bayram yoxdur ki, o zəng edib məni təbrik etməsin. Hər dəfə çalışıram ki, mən onu qabaqlayıb təbrik edim, ancaq hər zaman Zülfəli müəllim məndən irəli düşüb zəng edir. Eləcə də digər rayonlarda çalışdığım müddətdə dostluq etdiyim insanlar həm ad günü, həm də bayram günlərində zəng edib məni təbrik edirlər. Düzdür, bəzən yaddan çıxaranlar da olur və bu məcburi bir hal deyil. Mən də öz növbəmdə onların ad günlərini, bayram günlərini təbrik edirəm. Ümumiyyətlə, mən bu cür təbrikləri gənclik illərindən sevmişəm. Hələ milis akademiyasında təhsil alarkən bayram günlərində dost-tanışlarıma o zaman modda olan bayram açıqcaları göndərərdim. Eynən mənə də açıqcalar göndərilirdi və bu gün də həmin açıqcalar bizim evdə qalır.

-Son illər Siz elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olursunuz. Bir sıra kitablarınız Türkiyədə çap olunub. Hazırda hansı mövzu üzərində çalışırsınız?

-2011-ci ildə təqaüdə çıxdıqdan sonra elmi yaradıçılıqla məşğul oluram. 2012-ci ildə "Mənim xidməti və siyasi fəaliyyətim" kitabı, 2014-cü ildə "Azərbaycan Nadir Əfşar dövləti", 2015-ci ildə Türkiyədə yeni redaktədə "Azərbaycan Nadir Əfşar dövləti" və "Nadir şahın tarixi yazışmaları" kitabları çap edilib. Bundan başqa 2016-cı il, aprel döyüşləri ilə bağlı "Fikir və düşüncələrim" adlı elmi kitablarım işıq üzü görüb. Hazırda İslam Həmrəyliyi, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı elmi tarixi əsərlərimi tamamlamaq üzrəyəm. Gələcəkdə beynəlxalq hüquq sahəsində bir sıra elmi fəaliyyətimi davam etdirmək fikrindəyəm.

-Cahagir müəllim, yaxın gələcəkdə Azərbaycanı nə gözləyir və ölkəmizin inkişaf perspektivlərini necə dəyərləndirərdiniz?

-Azərbaycanı çox böyük, xoş gələcək gözləyir. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada Avropa ilə Asiya, şimal ilə cənub kəsişir. Həmçinin ölkəmiz İslam dünyası ilə xristian dünyası arasında körpü rolunu oynayır. Ona görə də Azərbaycanın çox böyük gələcəyi var. Çünki Azərbaycanın potensial imkanları həddən artıq böyükdür. TANAP layihəsi fəaliyyətə başlayır. Həmçinin Xəzər dənizin karbohidrogen ehtiyatları Avropaya çıxarılacaq. Gələcəkdə TANAP layihəsindən Yaxın Şərq, Orta Asiya ölkələri də istifadə edəcək. Dəmir yolları qovşağı Azərbaycandan keçəcək. Ümumiyyətlə, şimaldan cənuba, qərbdən şərqə doğru uzanan dəmir yolları məhz Azərbaycandan keçir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın xoş gələcəyi daha da artacaq, ölkəmiz bundan sonra da güclənəcək, inkişaf edəcək və Azərbaycanın bayrağı hər zaman yüksəkliklərdə olacaq.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR