“Etirazımız Türkiyənin həmin dövrdə prezidenti olan Turqut Özala qədər çatdırıldı”

Cahangir Hüseynov: "Görüş zamanı Heydər Əliyevdən bir xahiş də etdim ki,...."

25 il əvvəl baş verən prosesləri sabiq millət vəkili ilə birgə xatırlama

Əvvəli ötən sayıımızda

Müasir, müstəqil Azərbaycanın tarixinə qızıl həriflərlə yazılmış 15 iyun-Milli Qurtuluş Gününə sayılı günlər qalır. 25 il əvvəl ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkənin parçalanma, məhv olma təhlükəsindən xilas olduğu 15 iyun tarixi 1993-cü ildən etibarən hər il Qurtuluş Günü kimi qeyd edilir. Biz də həmin dövrdə, eləcə də ondan bir neçə il əvvəl ümummilli liderin Bakıya qayıdışı təşəbbüsü ilə çıxış edən sabiq millət vəkili Cahangir Hüseynovla görüşüb 25 il əvvəl baş verənləri vərəqlədik. Sabiq millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə o dövrdəki siyasi proseslərə də nəzər salıb.

-Cahangir müəllim, 1992-ci ilin Xocalı hadisələrindən sonra fövqaladə mart sesiyası zamanı Heydər Əliyevi ilk dəfə hakimiyyətə dəvət etmisiniz. Bu barədə nə deyə bilərsiniz

- Etiraf etmək lazımdır ki, həmin dövrlər kifayət qədər çətin idi. Onu da qeyd edim ki, Ayaz Mütəllibovun istefaya göndərilməsi ilə bağlı tələblər haqlı olaraq məlum Xocalı faciəsindən sonra gündəmə gəlmişdi. Ancaq o, hər vasitə ilə hakimiyyətdə qalmağa çalışırdı. Təxminən mart ayının əvvəllərindən Ali Sovetdə qızğın müzakirələr gedirdi. Mart ayının 6-da mən də Ali Sovetdə çıxış etdim və üzümü Mütəllibova tutaraq bildirdim ki, siz çox böyük səhv edirsiniz. Çıxışımda sual etdim ki, nə üçün bu binanı tikdirən şəxsi özünüzə düşmən elan etmisiniz. Qeyd etdim ki, Alı Soveti tikdirən şəxs parlamentə dəvət olunmalıdır, o ağsaqqaldır və siyasəti hər birimizdən çox yaxşı bilir. İclasda iştirak edənlərin əksəriyyətinin bu çıxış ürəyincə oldu və məni alqışladılar, Ancaq bəziləri mənə nə üçün belə bir çıxış etdiyimi irad kimi bildirirdi. Eyni zamanda məndən kənar gəzənlər, xof içərisində baxanlar da vardı. Ancaq bütün bunlara baxmayaraq mən heç nədən çəkinmədim və hətta bir neçə gün sonra mərkəzi televiziyaya gedərək birbaşa canlı efirdən çıxış etdim. Və Ali Sovetdə səsləndirdiyim fikirləri televiziya vasitəsilə xalqa çatdırdım. Həmçinin həmin çıxış o dövrdə Ali Sovetin orqanı olan "Həyat",eləcə də "Ədalət" qəzetində dərc edildi. Onu da qeyd edim ki, həmin çıxışdan sonra mənə qarşı siyasi təzyiqlər başladı. Əvvəlcə məni milis rəisi vəzifəsindənçıxarmağa cəhd etdilər. Həmçinin paytaxtdan bir qədər uzaqlaşdıraraq Biləsuvar rayonuna göndərdilər. Daxili İşlər Nazirliyinin kollegiyasında o vaxt nazir vəzifəsində çalışan İsgəndər Həmidovla davaya çıxdıq. Mənə irad kimi gedib siyasi fəaliyyətlə məşğul olmağı tövsiyə etdi. Mən də öz növbəmdə bildirdim ki, AXC hakimiyyətində onsuz da milis rəisi olmaq istəmirəm və bir neçə dəfə bununla bağlı raport da yazmıam. 1992-ci ilin noyabr ayından Polis Akademiyasında xidmətim davam edib və bundan sonra siyasətlə daha aktiv şəkildə məşğul olmağa başladım.

-Bəs, 1992-ci ilin may sessiyasın neçə xatırlayırsınız?

-1992-ci ilin may ayında Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtmaq istəyəndə xalq ayağa qalxdı və Xalq Cəbhəsi də həmin hadisədən istifadə edərək hakimiyyəti ələ aldı. Mən həmin vaxt da çıxış edərək bildirdim ki, Heydər Əliyevi Bakıya dəvət etmək lazımdır. Lakin həmin dövrdə də Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini əngəllədilər və İsa Qəmbərov Ali Sovetin sədri seçildi. O, da Ali Sovetin sədri seçilən kimi 400-ə yaxın deputatın hüquqlarını pozaraq onların mandatını dondurdu. Mən hələ dünyada tarixində belə bir şey eşitməmişdim. Parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi olur, ancaq deputatın fəaliyyətinin dondurulması gülünc və antikonistitusion bir hal idi. Mən onda da çıxış edib öz iradımı bildirdim və qeyd etdim ki, belə bir hala getmək olmaz. Lakin cəbhəçilər istəklərində iddialı idilər və 400-ə yaxın deputatın fəaliyyətini dondurdular. Və Milli Şura yaratdılar. Ancaq mən geri çəkilmədim. Demək olar ki, Milli Şuranın bütün iclaslarına qatılırdım. Düzdür, bəzən bizim iclaslara qatılmağımıza mane olmağa çalışırdılar. Çünki Ali Sovetin rəhbərliyi Milli Şuradan kənar deputatların iclaslara buraxılmaması barədə tapşırıq vermişdi. Lakin biz daima mübarizə aparıb həmin iclaslarda iştirak edirdik. O zaman biz Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyətində mətbuat konfransı keçirərək öz etirazımızı bildirdik. Eyni zamnada "İki sahil" qəzeti və digər mətbu orqanlarda öz etirazımızı bildirirdik. Hətta o zaman bizim etirazımız Türkiyənin həmin dövrdə prezidenti olan Turqut Özala qədər çatdırılmışdı ki, deputatlara qarşı belə haqsızlıq olmaz. Eləcə də bu barədə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə də müraciətlər göndərdim. Bütün bunlar hamısı mənim "Xidməti siyasi fəaliyyətim" kitabımda da əksini tapıb.

-Səhv etmiriksə, həmin dövrdə sizin Bakıda Heydər Əliyevlə görüşünüz də olub

-Bəli. Heydər Əliyev o vaxt qardaşı mərhum Həsən Əliyevin qırx mərasiminə gəlmişdi. Həsən Əliyev rəhmətə gedən günlərdə də biz gedib hüzr mərasimində iştirak etmişdik. O vaxt çoxları qorxudan həmin hüzr mərasiminə getmirdi. Mərasimdə təxminən 20-30 nəfər olardı. Həsən Əliyevin qırx mıərasimi mart ayına təsadüf edirdi və həmin vaxt respublikada cərəyan edən ictimai-siyasi proseslər daha da kəskinləşmişdi. Cəbhəçilərin hakimiyyəti idarə edə bilməməsi üzə çıxmışdı. Belə bir ərəfədə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Burada bir məqamı qeyd edim ki, birinci dəfə Heydər Əliyevi 1990-cı ildə Moskvadan Bakıya gələrkən qarşılamışam. Bunlar barədə məlumatlar qəzet səhifələrində, kitablarımda qeyd edilib. Həmin vaxt mən Ağdaş rayonunda milis rəisi işləyirdim. Həmin ilin iyun ayında atam mənə zəng edərək Bakıya gəlməyimi istədi. Bakıya gələndə atam mənə bildirdi ki, Heydər Əliyevin Bakıya gələcək və biz də onu qarşılamağa getməliyik. Həmin vaxt Ağdaşda Daxili İşlər Şöbəsinin rəisi işləyirdim və bildirdim ki, xidməti maşınımla hava limanına gedək. Lakin atam hava limanına mənim xidməti avtomobilimlə deyil, onun şəxsi maşını ilə gedəcəyimizi bildirdi. Atam, mən və avomobili idarə edən əmim oğlu Gündüz Hüseynov Binə Hava Limanına gəldik. Hava Limanına yaxınlaşanda aeroportun deputat zalının qarşısına təxminən 150-200 nəfər insanın toplaşdığını gördük. Onlar əllərində Heydər Əliyevin əleyhinə yazılan plakatlar tutaraq onun gəlməsini gözləyirdilər. Bir növ Heydər Əliyevin Bakıya gəlişinə qarşı təşkil edilən aksiya idi. Hiss olunudu ki, onlar xüsusi öyrədilmiş insanlardır. Bu cür şəxslər isə hər bir addımı atmağa hazır olurlar. Onlara nəyisə başa salmaq, söhbət etmək qeyri-mümkün idi. Onu da xatırlatmaq istəyirəm ki, həmin şəxslər mövcud hakimiyyətin quldur dəstəsi olan "Qardaşlıq" cəmiyyətinin üzvləri idi. Hansı ki, 1992-1994-cü ildə həmin quldur dəstə bir sıra cinayətlər törətmişlər və 1994-cü ildə də mənim həyatıma, yaxın qohumlarıma və ailə üzvlərimə qarşı da silahlı basqın edərək qətllər törədərək cinayətlər həyata keçiriblər. Düzü biz belə bir situasiyanın baş verəcəyini gözləmirdik. Açığı bir qədər də bundan təşviş keçirdik. Bir qədər kənarda isə təxminən bir neçə avtomobil dayanmışdı. Həmin avtomobillərdə mənim tanıdığım Rəfael Allahverdiyev, Sabir Hüseynov, Etibar Qazıbəyov, Cəlal Əliyev, Fikrət Məmmədov, Cəmil Əliyev, Tamerlan Əliyev və başqa bir neçə nəfər var idi. Onlardan başqa mənim tanıya bilmədiyim 10-15 nəfər də Heydər Əliyevi qarşılamaq üçün hava limanına gəlmişdi.

-Heydər Əliyevin sonradan1993-cü ilin mart ayında Bakıya gəldiyində də onu qarşılamağa getmişdinizmi?

-Bəli. Həmin zaman da Hava limanının deputat zalında izdihamın olduğunu gördüm. Təxminən 150-200 adam da deputat zalının qarşısında Heydər Əliyevi gözləyirdi. Heydər Əliyev təyyarədən enərkən həmin izdihamı gördü və üzündə bir sevinc hiss olundu. Artıq Heydər Əliyev hiss edirdi ki, xalq ona etiraz etməyə deyil, qarşılamağa gəlib. Heydər Əliyev avtomobilinə əyləşərək Cəlal Əliyevin şəhərdəki evinə getdi. Biz də hava limanından paytaxta qədər onları müşayət etdik. Bizə məlumat verildi ki, ertəsi gün Nərimanov rayonunda, indiki metro stansiyanın yaxınlığında görüş olacaq və Heydər Əliyev də həmin görüşə gələcək. Deyilən vaxtda mən YAP-ın Nərimanov rayonunda yerləşən qərargahına gəldim. Ora çatanda məlumat verildi ki, artıq Heydər Əliyev hüzr mərasiminə getməyə hazırlaşır. Biz isə Rəfael Allahverdiyev və Əli Nağıyevdən xahiş etdik ki, Heydər Əliyev bizi də qəbul etsin. Məsləhətləşmələrdən sonra məlumat verildi ki, Heydər Əliyevin vaxtı az olduğuna görə, bizi 3 dəqiqəlik qəbul edə biləcək. Həmin 3 dəqiqəlik görüş iki saata qədər davam etdi. Görüş zamanı Heydər Əliyev qətiyyətlə Bakıya gəlmək fikrinin olmadığını, mövcud hakimiyyətlə işləyə bilməyəcəyini vurğulayır. Mən isə qətiyyətlə Heydər Əliyevə bildirirdim ki, siz mütləq hakimiyyətə gəlməlisiniz. Söhbət zamanı həm Moskva görüşü, həm də mart ayının 6-da Ali Sovetdə gedən müzakirələri və çıxışımı Heydər Əliyevə xatırladıram. Bildirirəm ki, siz hakimiyyətə gəlməsəniz respublika çətin vəziyyətə qalacaq. Artıq hissi edirəm ki, o, mənə diqqətlə qulaq asır. Uzun müzakirələrdən sonra biz belə təklif edirik ki, Ali Sovetin sessiyasının çağırılması üçün mübarizəyə başlayaq. Heydər Əliyev də bu təkliflə razılaşır. Məqsədimiz də o idi ki, sessiya çağırılsın və Heydər Əliyevin Ali Sovetin sədrliyinə namzədliyini irəli sürək. Görüş zamanı Heydər Əliyevdən bir xahiş də etdim ki, şəhərə çıxıb xalqla görüşsün. Bildirdim ki, xalq sizi dəstəkləyir. Sanki bu sözlərimdən də Heydər Əliyev məmnun qaldı. Bizimlə görüşdən sonra Heydər Əliyev və onun ətrafında olan adamlar avtomobillə 28 may metrosunun yaxınlığına gəldilər və həmin ərazidə bir xeyli gəzdilər. Artıq Heydər Əliyev böyük bir izdihamla qarşılaşdı. Hamı ona yaxınlaşır, salamlayırdılar. Biz də öz növbəmizdə kənardan Heydər Əliyevi müşayət edirdik. Həmin görüşdə belə bir məsələ qaldırdıq ki, mütləq Ali Sovetin sessiyasını çağıraq və parlamentdə Heydər Əliyevin namizədliyini qaldıraq. Əlbəttə, bu həmin dövrdə o qədər də asan məsələ deyildi. Amma Heydər Əliyev bununla razılaşdı və bildirdi ki, siz belə bir təşəbbüslə çıxış edə bilərsiniz. Biz də həmin vaxt Heydər Əliyevi sevənlər, eləcə də Ali  Sovetin üzvləri olaraq 134 nəfər bir yerdə imza topladıq. Etiraf edim ki, o dövrdə bəziləri ehtiyat edir, imza atmağa qorxurdu. Bütün bunlara baxmayaraq imzaları toplayıb respublika və Ali Sovet rəhbərliyinə təqdim etdik.

Süleyman İsmayılbəyli

Ardı var

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR