Ankaradan Bakıya mühüm Qarabağ mesajı: “Savaş başlasa...”

Konfliktin həllində qardaş ölkənin rolu artır; politoloq: "Ermənistan rəhbərliyi ciddi seçim qarşısındadır..."

Azərbaycan ordusunun Naxçıvan istiqamətində lokal uğurlu əməliyyatı Ermənistanın yeni hakimiyyəti üçün "soyuq duş" effekti verib. Erməni tərəfinin reaksiyasından belə qənaət hasil olur ki, rəsmi İrəvan hadisənin önəmini kiçiltməyə çalışaraq, öz xalqını sakitləşdirməyə cəhd etsə də, erməni toplumu qəfil "Naxçıvan sindromu"ndan artıq lazımi nəticəni çıxarıb və zəruri siqnalı alıb.

Bu da ondan ibarətdir ki, Ermənistanda hakimiyyətdə hansı qüvvə olur-olsun, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyün bərpa edəcək. Bunun isə iki yolu var - müharibə və sülh. Əfsus ki, baş nazir Nikol Paşinyanın sərgilədiyi ritorika ikinci yolu daha da mümkünsüz etməkdədir. Ümid edə ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu həftə Ermənistana nəzərdə tutulan səfəri zamanı vasitəçilər "yuxarıdan gedən" Paşinyana "bəzi şeyləri" anladacaqlar.

Xüsusən də böyük sülhün alternativinin müharibə olduğuna onu inandıra biləcəklər. Əks halda, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün lokal deyil, genişmiqyaslı əməliyyatlara əl atmalı olacaq. Naxçıvan olayı bu xüsusda tək işğalçı ölkəyə yox, həm də beynəlxalq birliyə ünvanlanmış aydın mesaj sayılmalıdır. Hər halda, Azərbaycan milyardlar xərcləyib aldığı müasir silahları və hərbi texnikanı uzun müddət vitrinə qoymaq niyyətində deyil.

*****

"Azərbaycan addım-addım öz sərhədləri üzərində bütün nəzarəti bərpa edəcək". Bunu axar.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Azərbaycan ordusunun bir neçə gün əvvəl Naxçıvanda əldə etdiyi uğuru çox yüksək qiymətləndirib.

"Bu uğur Azərbaycan ordusunun öz gücünə arxayın olduğunun əsas göstəricisidir. Azərbaycan rəhbərliyinin siyasi iradəsi torpaqlarımızı hərbi yolla işğaldan tam şəkildə azad etməyə imkan verir. Bu, ermənilərə çox vacib bir siqnal idi. Buna görə də hesab edirəm ki, Naxçıvandakı uğurumuz Azərbaycan və onun xalqı üçün çox vacib bir addım oldu. Azərbaycanın öz sərhədləri üzərində addım-addım bütün nəzarəti bərpa edəcəyinə heç bir şübhə yoxdur", - deyə o qeyd edib.

T.Zülfüqarov İrəvanın qeyri-konstruktivliyi ucbatından danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyib və işğalçıya qarşı güc tətbiq olunmasını mümkün sayıb: "Azərbaycan Ermənistana hücum etmədi, sadəcə olaraq, öz sərhədinə nəzarətini bərpa etdi. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağını heç vaxt istisna etmirdim. Belə görünür ki, işğalçıya qarşı güc tətbiq olunması qaçılmazdır. Bu da Ermənistana ciddi siqnaldır. İrəvan "ya sülh, ya da müharibə" variantından birini seçməlidirlər. Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, ciddi seçim qarşısındadır. Dolayı yolla olsa da, Paşinyan buna cavab verdi və sülhə də, müharibəyə də hazır olduqlarını bildirdi. Bu baxımdan Azərbaycanın siyasəti və atacağımız addımlar artıq erməni tərəfinə bəllidir".

*****

Yaranmiş  durumda, yəni müharibə ehtimalının xeyli artdığı dönəmdə şübhəsiz ki, Azərbaycanın öz tərəfdaş və müttəfiqləri ilə əlaqələri məxsusi önəm kəsb edir. Söhbət öncəliklə qardaş Türkiyə ilə strateji müttəfiqliyi bütün sahələr, o cümlədən hərbi sfera üzrə daha da dərinləşdirməkdən gedir. Buna da şübhə yox ki, Türkiyədə 24 iyun seçkilərinin nəticələrindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi, Azərbaycana dəstək məsələsi qardaş ölkənin bütün siyasi qüvvələri üçün ən aktual mövzulardan biri kimi qalacaq.

Konfliktin istər sülh, istərsə də hərb yolu ilə həlli isə həm də Türkiyənin bölgədəki rolundan asılı olacaq. Nə yaxşı ki, bu rol, nüfuz ilbəil artır. 24 iyun seçkilərindən qardaş ölkənin daha da güclü çıxacağına şübhə etmirik. Hazırda Ermənistanın Naxçıvana artan iştahını nəzərə alsaq, Türkiyə-Azərbaycan ittifaqının önəmi indi xeyli artmış sayıla bilər. Bu yerdə yada salaq ki, Türkiyə Qars müqaviləsinə görə, Naxçıvanın əsas qarant ölkələrindən biridir.

"Əgər Türkiyə vaxtında lazımi gücə malik olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi". "Yeni Müsavat"ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğılu söyləyib. Türkiyənin baş diplomatı onu da deyib ki, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və Ankara Bakıya hərtərəfli kömək göstərməyə davam edəcək.

Türkiyə XİN başçısının bu açıqlaması Azərbaycan üçün olduqca önəmlidir və bir daha qardaş ölkə üçün Qarabağ məsələsinin, Azərbaycanın ərazi bütövlüyü məsələsinin hansı dəyərdə olduğunu ortaya qoyur. Bu, eyni zamanda işğalçı Ermənistana, onun yeni rəhbərliyinə, ermənilərin havadarlarına mesajdır ki, güclü Türkiyə xüsusən də bundan sonra daim Azərbaycanın yanında olacaq. Nəhayət, vasitəçi dövlətlər də daxil, hamıya aydın bir ismarlışdır ki, savaş başlasa, bu dəfə Türkiyə 90-cı illərdəki kimi yalnız aktiv neytrallıq göstərməklə kifayətlənməyəcək.

Bu reallığı yəqin ki, ən çox Ermənistanda bilirlər. Əslində qardaş ölkənin hərbi xarakterli hər hansı dəstəyi olmadan da Azərbaycan işğalçı ilə bacarar. Kifayətdir ki, Rusiya analoji dəstəyi Ermənistana verməsin. Lakin vəziyyətin daha bir özəlliyi odur ki, şimal qonşumuz Qarabağa görə Türkiyə ilə üz-üzə gəlməkdə maraqlı deyil. Ən azı ona görə ki, hazırda iki dövlət arasında iqtisadi-ticari, energetik (çoxmilyardlıq Akkuyu AES layihəsi) və hətta hərbi-texniki sahələr üzrə əməkdaşlıq (S-400 kompleksləri) yüksələn xətlə davam edir.

Bundan əlavə, Ankara Moskvaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarına qoşulmayan bir neçə böyük dövlətdən biridir. Rusiya bütün bunları görməzlikdən gələ bilməz. Üstəgəl, Azərbaycan da Rusiya üçün vacib, önəmli qonşulardan biridir. İstisna deyil ki, hansısa məqamda Moskva və Ankara mövcud reallıqları, bölgədə gedən prosesləri və Qərbə sarı boylanan Ermənistanın davranışını nəzərə alaraq Dağlıq Qarabağ məsələsində ortaq məxrəcə gəlsin. Bu anlaşma hərbi xarakterli də ola bilər...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR