Milli Məclisdən tələb

Cərimələr artırılsın

İyunun 12-də baş tutan Milli Məclisin növbədənkənar sessiyası öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlkin olaraq "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər ikinci səsverməyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, yeniliyə əsasən Milli Məclisdə dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanun layihələrinə  isə üç oxunuşda baxılacaq. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normative hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir normativ  hüquqi akt yalnız bir normativ  hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normative hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir. Əmək Məcəlləsinə dəyişiklik layihəsi barədə isə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Bildirib ki,dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur. Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Müzakirəyə çıxarılan "Təhsil haqqında" qanun layihəsində bir sıra yeniliklərə aydınlıq gətirilib.  Layihə ilə bağlı məlumat verən  milət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli bildirib ki, dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qüvvədə olan bənd isə belədir: "Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi. Sözügedən qanuna edilən dəyişikliklər başa düşülən olmadığını diqqətə çatdıran millət vəkili Vahid Əhmədov yeniliyin insanlar arasında stres yaratdığını deyib:  "İsa  müəllim siz ziyalı adamsınız. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, eyni zamanda AMEA-nın vitse-prezidentisiniz. Ancaq hazırda "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklər əhali arasında stress yaradır". "Deputat bildirib ki, guya təhsillə, müəllimlərlə əlaqədar təhsil sistemində ciddi islahatlar aparılır: "Tələb edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər. Hətta elmlər namizədləri, doktorları da imtahan verib sertifikasiya almalıdırlar. Özü də 5 il müdətinə. 5 ildən sonra bu adam yenidən imtahan verməlidir axı. Həmin müəllim bu stressi yenidən yaşamalıdır. İslahat budur? Alimlər, müəllimlər arasında bu stress yaradırsa demək ki, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs bu niyə yenidən imtahan verməlidir? Ümumiyyətcə "Təhsil haqqında" qanuna edilən dəyişikliklər başa düşülən deyil".

Plenar iclasında "Vergi Məcəlləsi"nə dəyişiklik layihəsi də müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə görə, Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların  1000 ədədinə görə 20 manat vergi tutulacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulub."Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə isə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq. Layihədə nəzərdə tutulan digər dəyişikliyə əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. "Sərhəd qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı MM-in sədr müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın müharibə ilə torpaqlarını azad etməyə haqqı var: "Azərbaycanın haqqı var ki, BMT-nin Nizamnaməsinə, öz qanunvericiliyinə uyğun olaraq müharibə yolu ilə torpaqlarını azad etsin". Z.Əsgərov bildirib ki, Azərbaycan sülhsevər dövlətdir: "Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik. Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu ilə ərazilərimizi tərk etməsələr, Azərbaycanın haqqı var ki, BMT-nin Nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Bizim işimiz haqq-ədalət işidir".

"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna dəyişikliklərin müzakirəsində  vitse-spiker Valeh Ələsgərov təklif edib ki, ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılsın. O, bildirib ki, bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət edib: "Bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəza barədə məlumat oxudum. Su anbarına tullantı axıdanlar 6550 manat məbləğində cərimə olundu. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq". Ardınca "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə deputat Kamran Nəbizadə məlumat verib. O, qeyd edib ki, əvvəlki oxunuşla müqayisədə deputatların təklif etdiyi bir neçə düzəliş nəzərə alınıb. 5 fəsil, 17 maddədən ibarət yeni qanun layihəsində Azərbaycanın 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.  Qanun layihəsi təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol x ətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır. Layihə səsə qoyularaq qəbul edilib.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR