Azərbaycan və Türkiyədən beynəlxalq ictimaiyyətə mühüm mesaj

Ayrı-ayrı regionlarda, eləcə də Cənubi Qafqazda mövcud olan münaqişələrin həllinin zamanının yetişdiyi barədə dəfələrlə Azərbaycan tərəfindən fikirlər səsləndirilib, sərt mövqe ortaya qoyulsa da, lakin bu günə qədər beynəlxalq təşkilatlar, münaqişələrin həlli missiyasını öz üzərilərinə götürən qurumlar həmin bəyanatlara ciddi yanaşmayıb, ona məhəl qoymayıblar. Ancaq son dövrlərdə Azərbaycan tərəfinin atmış olduğu konkret addımlar deyəsən regiondakı münaqişələrin həlli istiqamətində real addımların atılmasını zəruri edib. Hər halda rəsmi Bakının həm regionda işğal siyasətini davam etdirən Ermənistana, həm də ona beynəlxalq səviyyədə dəstək verən dairələrə verdiyi mesajlar fonunda cərəyan edən proseslər belə deməyə əsas verir. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan ayı ilə əlaqədar verdiyi iftarda çıxışı zamanı Dağlıq Qarabağ probleminə toxunaraq işğalçı ölkənin Bakının mesajlarından nəticə çıxarmalı olduğunu bildirib. Eyni zamanda dövlət başçısı yeni rəhbərliyin əvvəlki hakimiyyətlərin xətalarını davam etdirməyəcəyinə ümidli olduğunu ifadə edib.

Azərbaycan dövlət başçısının məlum fikirləri və xəbərdarlığı səsələndiyi günlərdə Silahlı Qüvvələrimizin Naxçıvanda 11 min hektar əraziyə nəzarəti ələ keçirməsi əslində həm sözdə, həm də əməldə İrəvana ünvanlanan mesaj idi. Bu həm də Azərbaycan rəhbərliyinin dolayı yolla beynəlxalq təşkilatlara xəbərdarlıq mesajıdır ki, münaqişənin həlli istiqamətində konkret addımlar atmayacağınız təqdirdə biz hərbi gücümüzlə buna nail olacağıq.

Bu arada qardaş Türkiyədən Dağlıq Qarabağ problemi ilə bağlı verilən açıqlama da diqqət çəkici sayıla bilər və Ankaradan verilən bu açıqlamanı əslində Türkiyənin də Ermənistan və beynəlxalq təşkilatlara xəbərdarlığı saymaq olar. Belə ki. qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu mediaya verdiyi açıqlamada Dağlıq Qarabağ probleminə toxunaraq bunları qeyd edib: 

"Öz vaxtında Türkiyənin kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli ali diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb.

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin açıqlamasına diqqət çəksək belə qənaətə gələ bilərik ki, Ankara bununla həm də beynəlxalq aləmə o mesajı verir ki, hazırda Türkiyə yetərli qədər imkana gücə malikdir. Əgər Türkiyə Afrinə, Münbicə girməyə özündə güc tapıb terrorçulara qarşı amansız mübarizə aparırsa, eynilə Qarabağda oxşar əməliyyatlar keçirə bilər. Ona görə də beynəlxalq aləm tezliklə nəticəyə hesablanmış addımlar atmalıdır.

Elə politoloq Elxan Şahinoğlu da belə düşünür. O. Bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu açıqlamasının çəkisi indi daha ağır gəlir: "Türkiyə ordusu bir tərəfdən Suriya və İraqda terrorçuları küncə sıxışdırır, uğurlu hərbi əməliyyatlar keçirir və heç bir dövlət buna mane olmur və ya mane ola bilmir. Bu arada, Azərbaycan ordusu da ard-arda strateji yüksəklikləri ələ keçirir. Yəni həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəriləyirlər.

Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesajdır. Bu mesajın həm də belə oxumaq lazımdır ki, vaxtilə Ermənistan məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Türkiyə səssiz qaldı. İndi isə bölgədə çəkisi artan Türkiyə ordusu hərəkətdədir, ölkə kənarında mühüm vəzifələri həyata keçirir. Ölkə kənarı isə geniş məhfumdur". Politoloqun sözlərinə görə, Ermənistanda Rusiya faktoru və varlığı olmasaydı Azərbaycan Türkiyə ilə birgə məsələni çoxdan həll etmişdi: "Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikəri geri qaytarmasına Rusiya bir şey demir. Elə Ermənistanı dəli edən də budur. O biri tərəfdən indi də Belarusun üstünə düşüblər ki, bəs sən (oxu: Minsk) niyə mənim müttəfiqim ola-ola Azərbaycana silah satırsan? Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin cavabını yaxşı verib. Birincisi, deyib ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil. İkincisi, Luekaşenko bildirib ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib. Yəni Lukaşenko ermənilərə demək istəyib ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana dəxli yoxdur. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.