Elmar Məmmədyarovla Vladimir Makey məktublaşıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib

Nazir Elmar Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Bu ildönümünün ölkələrimiz üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən nazir Elmar Məmmədyarov iki dövlətin liderlərinin  müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Elmar Məmmədyarov  məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan  çoxillik və məhsuldar  Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin  müasir dövrdə  ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib.

O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli  strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Belarus xarici işlər naziri Vladimir Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.

Vladimir Makey  ali və yüksək səviyyədə dövlətlərarası təmasların  dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin  həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxaıq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.  

Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bugün olduğu kimi  gələcəkdə  də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.

Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR