KXCP-də də ara qarışdı

Oqtay Gülalıyev Mirmahmud Mirəlioğluna meydan oxuyur

Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-də ara qarışıb. Məsələ onadır ki, partiya AXCP sədri Əli Kərimlinin dirijorluğu ilə idarə edilən və Cəmil Həsənlinin formal sədri olduğu "Milli Şura"da təmsil olunmasa da, klassiklərin təmsilçisi qismində orada qalan yeganə adam Oqtay Gülalıyevdir. Lakin məsələnin maraqlı məqamlarından biri də budur ki, KXCP növbəti qurultayına hazırlaşdığı bir zamanda, O.Gülalıyev M.Mirəlioğluna alternativ olacağını bəyan edib və partiyaya rəhbərliyinə iddialı olduğunu bildirib.

Əli Kərimli Oqtay Gülalıyevi təlimatlandırır və...

Belə olan bir vəziyyətdə, bir sıra klassiklər onu xəyanətdə ittiham edərək, KXCP-nin maraqlarını dolayı yolla AXCP-"Milli Şura"ya satdığını deyirlər. Belə olan vəziyyətdə Gülalıyevin sədrliyə olan iddiasına imkanın verilməyəcəyi bildirilməkdədir. Artıq sosial şəbəkədə O.Gülalıyevə qarşı aşkar hücumlara başlanılıb, onu müdafiə edənlər isə gözlənildiyi kimi Ə.Kərimlinin virtrual aləmdəki qruplarıdır. Daha dəqiq desək, klassiklərlə axecepeçilər arasında kəskin intriqa yaşanmaqdadır.

İlk başdan isə görünən budur ki, O.Gülalıyev məhz Ə.Kərimlinin təsiri altındadır və AXCP sədrinin təlimatlarını yerinə yetirərək, M.Mirəlioğlunu siyasətdən çıxdaş etməyə hazırlaşır. Düzdür, O.Gülalıyev Ə.Kərimlinin sifarişi ilə oyun oynasa da, bu oyunu pərdə arxasında gizlətməyə çalışır. Məsələn, guya niyyətinin partiyanın islahatlara ehtiyac duyması ilə əlaqələndirir, KXCP-yə yeniliyin gətirilməsi vacibliyindən dəm vurur. Məhz bu baxımdan, O.Gülalıyevin hazırkı sədr M.Mirəlioğluna alternativ kimi ortaya çıxması AXCP və "Milli Şura" cütlüyünün planı kimi qiymətləndirilir.

Artıq M.Mirəlioğlunun müdafiəsinə qalxan bir sıra klassiklər - məsələn, onun müavini Xəzər Teyyublu və başqaları sosial şəbəkədə Ə.Kərimlinin KXCP-ni parçalamaq niyyəti güddüyünü deyirlər. "Elçibəyin təşkilatını parçaladı, indi də KXCP-ni dağıtmaq istəyir" deyən Mirmahmud Mirəlioğlu tərəfdarları O.Gülalıyevin heç bir halda KXCP sədri ola bilməyəcəyini, buna qətiyyət yol verilməyəcəyini deyirlər.

Oqtay Gülalıyev KXCP-nin rayon təşkilatlarını ələ almağa başlayıb

Lakin bu o demək deyil ki, O.Gülalıyev bütövlükdə KXCP-də təklənib. Çünki nə qədər maraqlı olsa da, onun bəzi tərəfdarları M.Mirəlioğlunu konservator sədr olaraq adalandırır, heç bir yeniliyin islahatların aparılmadığını deyir, dəyişiklikləri dəstəklədiklərini bildirir, bunun üçün isə Gülalıyevi müdafiə edəcəklərini iddia edirlər. Beləliklə də, M.Mirlərioğluna qarşı sərt mövqe sərgiləməkdən çəkinməyən partiya təmsilçiləri hazırkı sədri fəaliyyətsizlikdə, partiyanın "dişsiz" vəziyyətə salmaqda və gənclərə yer verməməkdə ittiham edirlər.

Sosial şəbəkələrdə yazılanlara, KXCP üzvləri arasında gərgin müzakirələrin tədricən daha geniş vüsət almasına əsaslansaq, deyə bilərik ki, M.Mirəlioğlunu qarşıda ağır mübarizə gözləyir. Çünki O.Gülalıyev KXCP-nin bütün mətbəxinə bələddir və hər an Ə.Kərimlidən təlimat alaraq, partiyanı daxildən parçalayır. Hətta onun partiyanın rayon təşkilatları ilə sıx təmas qurması, özünə tərəfdar yığması barədə də məlumatlar var. Bu isə hücumun ilkin mərhələsidir. Sadəcə, KXCP-nin qurultayında bütün məsələlər açığa çıxacaq və partiyanın ayaqda qala bilməsi istiqamətində barışmaz savaşa start veriləcək. Artıq bu savaşın cücərtiləri göz önündədir.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR