Tarixin qaranlıq səhifələri - Osmanlı ordusu Avstriyanı döyüşsüz necə məğlub etdi

1787- ci ildə Osmanlı İmperatorluğu Rusiyaya Krımı tərk etməsi və Gürcüstanı türk ərazisi kimi tanıması barədə ultimatum verdi. Bununla da iki imperiya arasında müharibə başlandı. Avstriya - Macarıstan İmperatoru II İosif Yekaterinanın pərəstişkarı olduğundan hər fürsətdə ona sadaqətini göstərməyə çalışırdı. Ona görə də Rusiya tərəfindən müharibəyə qoşuldu və kansler Ventsel Kaunitsə döyüşə hazırlaşmaq üçün əmr verdi. Avstriya -Macarıstan Balkanlara hərbi yürüş məqsədilə ordu toplamağa başladı. Bu orduda kimlər yoxdu? Macarlar, almanlar, rumınlar, serblər, italyanlar. Demək olar ki, Avropanın hər yerindən əsgər və muzdur cəlb edilmişdi. Bəzi qaynaqlara görə bu ordunun sayı 150 mini keçmişdi. Müharibənin ilk günündən avstriyalıları uğursuzluqlar təqib edirdi. Osmanlı Sədr -Əzəmi Qoca Yusif Paşa çox təcrübəli bir sərkərdəydi, ən müasir ingilis və fransız silahları ilə təchiz edilmiş Avstriya ordusunu açıq döyüşdə məğlub etmənin çətin olduğunu başa düşürdü . Bu səbəbdən türk ordusu düşmənə qarşı partizan müharibəsi taktikası tətbiq edirdi. Kiçik qruplara bölünür, gecə vaxtı hücum edir, zərər vurmağa çalışırdı. Bu azmış kimi Belqrad yaxınlığında düşərgə quran II İosifin ordusu ağcaqanadların hücumuna məruz qaldı və nəticədə minlərlə əsgər malyariyaya yoluxub, qızdırmadan tələf oldu. II İosif Osmanlı ordusuna qarşı indiki Rumıniyanın ərazisindəki Timiş çayının sahilində, Karanşebeş yaxınlığında əsas döyüşə girməyi düşünürdü. Sentyabrın 19-u gecə avstriyalıların qusar süvari birlikləri Timiş çayının sol sahilinə keçməyə başladı. Burada döyüş hazırlığında olan qusarlar yaxınlıqdan keçən qaraçı köçünə rast gəldilər. Qaraçılar süvariləri görməkdən çox şad oldular, onlara əllərində olan bir neçə çəllək şnapsı almağı təklif etdilər. Az sonra içki içərək əylənən qusarlara piyada birlikləri qoşuldu. Piyadalar süvarilərdən onları içkiyə qonaq etmələrini tələb etdilər, ancaq qusarlar pulla aldıqları şnapsa piyadaları qonaq etməkdən imtina etdilər. Tərəflər arasında mübahisə düşdü, sonra bu mübahisə yumruqlu davaya çevrildi. Dava zamanı süvarilərdən biri tapançaya əl ataraq piyadalardan bir neçəsini vurdu. Bu dəfə əlbəyaxa döyüş silahlı qarşıdurmaya çevrildi. Bir çox əsgər bu gecə davasında həlak oldu, bir çoxları yaralandı . Çoxlu sayda piyadaların hücumuna dayana bilməyən qusarlar çayın o biri tayına qaçaraq canlarını qurtarmağa cəhd etdilər. Ordunun Timiş çayının sahilində yerləşən düşərgədəki qarovul əsgərlər onlara tərəf qaçan süvariləri türk ordusu zənn edərək: "Türklər! Türklər!" deyə qışqırmağa başladılar. Qorxan ordu üstlərinə gələnlərə top və tüfənglərdən atəş açmağa başladılar. Demək olar ki , qusarların bir neçə dəqiqə ərzində axırına çıxdılar. Qusarları təqib edən sərxoş piyadalar atəş açıldığını görərək öz düşərgələrindəki ordunu türklər bilib əzmlə döyüşə girdilər. Ən gərgin anda zabitlər qarışıqlığa son vermək üçün " Halt!", "Halt!" "Durun!" Durun!" deyərək almanca bağırmağa başladılar. Halt kəlməsini Osmanlı ordusunun ALLAH, ALLAH deyərək hücum etdiyini düşünən avstriyalılar bir- birilərini daha amansızcasına kəsib doğramağa başladılar. Düşərgədən qaçan sahibsiz atların ətrafa dağılması vəziyyəti daha da çixilmaz hala gətirdi, təpələrdə mövqe tutan əsas topçu birlikləri səs- küyü və at səslərini eşidib hücumun başladığını zənn etdilər və ətrafı top atəşinə tutaraq ordunun olan -qalan hissəsini də demək olar ki, darmadağın etdilər. Qaçan minlərcə əsqərin ağırlığına dayanmayan Timiş çayı üzərindəki körpülərin bir neçəsi çökdü, minlərcə əsgər çaya düşüb boğuldu. Səsə oyanan İmperator II İosif vəziyyəti nəzarətə almağa cəhd etsə də qaçan izdihamın qarşısında tab gətirə bilmədi və atdan çaya düşüb yaralandı. İmperatorun yavəri polkovnik Ditrixşteyn o qədər şanslı deyildi və ayaqlar altında qalaraq dəhşətli şəkildə can verdi. Səhərə yaxın  100 minlik ordudan artıq əsər- əlamət qalmamışdı . Timiş çayının hər iki sahili on minlərlə ölü və yaralı əsgərin cəsədilə dolu idi. Qoca Yusif Paşanın komandanlığındakı Osmanlı ordusu hadisə yerinə iki gün sonra gəlib çıxdı. Türk ordusunun əlinə avstriyalıların atıb qaçdığı çoxlu sayda silah və sursat keçdi, döyüş yerində hələ də yaralı olaraq can verən çox sayda düşmən əsgəri vardı. Türklər nələrin baş verdiyni başa düşməyə çalışsalar da bir nəticə ala bilmədilər. Əsir düşmüş asgərlər nələrin baş verdiyni izah etməkdə çətinlik çəkirdilər. Osmanlı birlikləri bu hadisədən bir gün sonra Karanşebeş qalasını döyüşsüz təslim aldılar. Habsbuqların Avstriya-Macarıstan imperiyası müharibəni əvvəlki əzmlə davam etdirə bilmədi və Osmanlı daha 90 il müddətində Balkanların böyük hissəsində öz hökmranlığını sürdürə bildi. İmperator İosif isə Karanşebeşdə aldığı yaralardan və tutulduğu qızdırma xəstəliyindən müharibədən ilyarım sonra 48 yaşında dünyasını dəyişdi.

Mehdi SƏLİMOV

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR