“Bəzi qüvvələr Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar" 

"ABŞ-ın Helsinki Komissiyası və onun təsir dairəsində olan şəxslər Azərbaycanla bağlı münasibət və rəylərində yalnız qara rəngdə görünüblər. Məsələ ondadır ki, onlar Azərbaycanı heç vaxt real olaraq neqativ əməlinə, yaxud hansısa çatışmazlığına görə tənqid etməyiblər". Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Bu cür təşkilatların Azərbaycanın hər hansı uğur və nailiyyət qazananda aktivləşdiyini deyən M. Ələsgərli söyləyib ki, onlar bu addımları ilə ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar: "Artıq bu fakt özünü dəfələrlə təsdiq edib. 2015-ci ildə Bakıda Avropa Oyunları keçiriləndə həmin komissiyanın necə əks-prizmada aktiv fəaliyyət göstərdiyinin şahidi olduq. Həmin vaxt Nyu-Cersi ştatının təmsilçisi Kris Smitin ABŞ Helsinki Komissiyası adından Konqresə "Azərbaycanda Demokratiya Aktı" qanun layihəsini təqdim etdi və təkidlə tələb etdi ki, ölkəmizə qarşı sanksiyalar tətbiq edilsin. Tarixdə bu cür faktlar onlarcadır".

M. Ələsgərli qeyd edib ki, ABŞ Konqresi Azərbaycana qarşı ən sərt, anlaşılmaz münasibətini 1992-ci ildə göstərib: "Sovet rejimindən xilas olaraq öz müstəqilliklərinə qovuşmuş xalqlara, respublikalara yardım üçün ABŞ Konqresi "Azadlığı müdafiə aktı" qəbul edib. Həmin akt çərçivəsində yeni elan edilmiş respublikalara həm siyasi, həm də maddi yardım göstərilib. Bu sırada təkcə Azərbaycan kənar tutulub. 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığı müdafiə aktı"na həmin ilin dekabr ayında "907-ci düzəliş" əlavə edilib. Bu düzəlişə əsasən, sovet zülmündən xilas olmuş respublikalardan yalnız birinə - Azərbaycana yardım göstərilməsinə qadağa qoyulub. Səbəb kimi isə Azərbaycanın Ermənistanı və Qarabağı blokadaya alması göstərilib! Tarix belə absurd faktlarla zəngindir".

Sədr müavininin sözlərinə görə, ABŞ Helsinki Komissiyası nə qədər ki, Kris Smit kimi ermənipəstliyini gizlətməyən şəxs və qüvvələrin təsirindədir, bu qurumdan heç də ədalətli yanaşma gözləmək olmaz: "Əgər Helsinki Komissiyası dünyada demokratiyanın bərqərar olması dərdini çəkirsə, onda araşdırsın ki, niyə ABŞ media azadlığı indeksində heyrətamiz dərəcədə geriləyərək 45-ci yerə düşüb? Niyə hər il onlarla insan ABŞ-da irqinə və rənginin dərisinə görə qətlə yetirilir? Əvvəl özlərində demokratiyanı bərqərar etsinlər, sonra başqa ölkələr barədə fikirləşsinlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR