AXC xarici xidmət orqanlarının strukturunu necə təkmilləşdirdi?

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətləri hansılar idi?

28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, Ceyhun Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər. Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel). XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və inkişafına ciddi təkan verdi.
 Balkan müharibələri dövründə Rusiyada antitürk əhvali-ruhiyyəsinin qızışdırılması bir tərəfdən Qafqaz müsəlmanlarını ondan narazı saldı, digər tərəfdən isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Bu dövrdə milliyyətçi qüvvələrin yaydığı bəyannamədə göstərilirdi: "Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin istiqlalı və onun tərəqqisidir". Birinci Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə olan təbii meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin səciyyəvi cəhəti ondan ibarət idi ki, azərbaycanlıların Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, meyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.1918-ci ilin əvvəllərində Trabzon və Batum danışıqları Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarını üzə çıxartdı. Trabzon danışıqları dayandırıldıqdan sonra Batuma səfər edən Ənvər Paşa Trabzonda Zaqafqaziya hökumətinin dağılacağı təqdirdə Türkiyə ilə geniş sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini bildirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. 1918 il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: "Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyin elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər". 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan Məmməd Əmin Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu. Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi. Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də, Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nümayəndələri səmərəli danışıqlar apardılar. Sentyabın 6-da isə Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi qəbul (audiensiya) mərasimi düzəltmişdi. Gözləmə zalında bir çox xarici nümayəndəliklər olmasına baxmayaraq, Sultanın şəxsi təşəbbüsü ilə Azərbaycan nümayəndələri birinci qəbul edildilər. Onları Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Xalq Cümhuriyyəti adından VI Mehmeti təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi: "Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək, bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm". Bu qəbul barədə Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu". 1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Dünya müharibəsinin sonunda Bakı Türkiyə, Almaniya, İngiltərə, Sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi.
1918-ci ilin yayında İstanbulda vəziyyəti müşahidə edən almanlara aydın oldu ki, Türkiyənin müdafiə etdiyi Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək istəmir. Buna görə, almanlar Bakı ilə bağlı planlarına Sovet Rusiyası vasitəsilə çatmaq fikrinə düşdülər və bu məqsədlə onunla gizli danışıqlara başladılar. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yıxıldı. Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz İslam Ordusunun hücumundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində üç aya qədər davam edən Almaniya-Rusiya danışıqları avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi:"Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıracaq, çıxarılan neftin dörddə birini Almaniyaya verəcək". İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya - Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi.1918-ci il sentyabrın əvvəllərində Azərbaycan nümayəndələri Sədr-Əzəm Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı Tələt Paşanın Berlinə səfəri ərəfəsində Almaniyanın Bakı məsələsində tutduğu mövqe, Bakının tezliklə azad edilməsinin zəruriliyi müzakirə olundu. Az sonra Berlinə gedən Tələt Paşa təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalar Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi. Bakının azad edilməsi istiqlalı elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.

ardı var

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR