Siyasi meydandan tam silinməyə məhkum olanlar...

Prezident seçkilərinin nəticəsi Azərbaycanın siyasi həyatındakı vəziyyəti bütün çılpaqlığı ilə göstərdi. Xalq növbəti dəfə radikal müxalifəti boykot etdi və öz liderinə etimad göstərdi. Lakin ölkəmizdəki "5-ci kolon" bundan narazı qaldı. Ona görə də öz uğursuzluqlarının acığını xalqı, ölkəni, hakimiyyəti söyərək çıxmağa başladılar. 

Keçirilən mitinqlər isə bu qüvvələrin tamamilə tükəndiyini konkret təsdiq etdi. Bəs bu qüvvələr niyə bu vəziyyətə düşdü? Bu məsələnin kökü xeyli dərinlərə - ötən əsrin 90-cı illərin əvvəllərinə gedib çıxır. İflasa uğramış radikal strategiya özünün labüd məhvə düçar olduğunu 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə göstərmişdi. Ölkə müxalifəti nəinki prezident və parlament seçkilərində, hətta, bələdiyyə sekilərində belə nəzərəçarpacaq nəticə göstərə bilmirdilər. 

Məlum olduğu kimi, Azərbaycanda ən kritik prezident seçkiləri 2003-cü ilin oktyabrında keçirilib. Həmin seçkiyə müxalifət, xüsusilə də radikal müxalifət və onların ambisioz liderləri çox ciddi hazırlaşmışdı. 

Ümummilli lider artıq xeyli yaşlanmış və üstəlik xəstələnmişdi. Bu səbəbdən də namizədliyi İlham Əliyevin xeyrinə geri götürmüşdü. Artıq bir dəfə xalqın etibarını itirmiş və ölkəni fəlakətlərə sürükləmiş siyasətbaz müxalifət liderləri düşünürdülər ki, əsil fürsətdir, artıq post - Əliyev dövründə ölkədə onlarla rəqabət aparacaq şəxsiyyət yoxdur. 

Lakin böyük Heydər Əliyev qarşısında miskin və cılız görünən özünəvurğunluq, eqoistlik və xəyalpərvərlik mərəzinə düçar olmuş radikal liderlər, böyük siyasi təcrübə keçmiş, beynəlxalq səviyyəli təhsil almış, Heydər Əliyev kimi dünya siyasətçisinin təlim-tərbiyəsindən bəhrələnmiş və nəhayət çalışdığı bütün məsuliyyətli sahələrdə etimadı doğrultmuş gənc bir lideri özlərinə ciddi rəqib görmürdülər. Lakin, ortaya yeni lider çıxmışdı və o Azərbaycan səmalarından qara buludları çəkmə missiyasını cəsarət və qətiyyətlə öz üzərinə götürmüş, xalqın inamını qazanmışdı. Bu, Heydər Əliyev məktəbinin ən böyük məzunu İlham Əliyev idi...

İlham Əliyevin prezident seçkilərində çox böyük fərqlə rəqiblərini məğlub edib Prezident seçildiyi 2003-cü il Azərbaycan tarixinə ədalətin zəfər çaldığı bir il kimi düşdü. Tezliklə, ölkənin bütün sahələrində yeni renessans dövrü başladı. 

Seçkilər yolu ilə hakimiyyətə gəlməyin mümkün ola bilməyəcəyini görən radikal liderlər isə başqa yollar axtarırdılar. Ölkədə sabit ictimai-siyasi mühiti pozmağa, iğtişaşlar yaratmağa cəhd edən müxalifət hakimiyyəti qəsb etmək üçün bütün qanunsuz və qeyri-sivil variasiyaları nəzərdən keçirir, hakimiyyət hərisliklərini nəyin bahasına olursa-olsun reallaşdırmağa çalışırdılar. 

Bunların fonunda İlham Əliyev səbr və təmkinlə yeni islahatları həyata keçirir, ölkəni inkişaf yolunda inamla addımladır və dövləti möhkəmləndirirdi. Xalq getdikcə daha çoxu onu dəstəkləyirdi.

Müxalifət düşərgəsində isə sıralar getdikcə seyrəlir, parçalanma və didişmələr düşərgəni uçuruma aparırdı. Bu proseslərdə (müxalifətdaxili parçalanmalar) ən aktiv rol oynayan radikallardan biri də Əli Kərimli idi - bir vaxtlar öz lideri və ağsaqqalı Əbülfəz Elçibəyə belə xəyanət etmiş adam! Özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan Əli Kərimli digər rəqiblərini ləkələmək,  partiyalararası qarşıdurmalar yaradaraq onları zəiflətmək və son nəticədə müxalifətin perspektivli lideri imicini yaratmaq üçün çalışan siyasətbazlardan biri idi. 

Lakin tale onun planlarının üzərindən xətt çəkdi. Azərbaycan xalqı 90-ların əvvəlində ölkəni xaraba qoymuş, müharibəni uduzmuş, xalqı dilənçi kökünə salmış adamlara bir daha aldanmayacağına qəti qərar vermişdi. Buna görə də, Əli Kərimli heç bir sosial elektoratı olmayan nüfuzsuz bir partiyanın sədri olduğunu və xalqın heç 5 faizinə belə ümid edə bilməyəcəyini yaxşı başa düşürdü. 2003-dən sonrakı bütün seçkilərdə xalq öz fikrini dəyişmədi.

Aprelin 11-də keçirilən seçkilərdə boykot taktikası seçilməsinin əsas səbəbi budur. Əvvala, tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Əli Kərimli də seçkidə ən aşağı səs faizini belə toplaya bilməyəcəyini gözəl anlayırdı. Bu təqdirdə özünü daha da rüsvay etməyə, seçkidən sonra hətta siyasətdən danışmaq haqqını itirməyə nə hacət var idi? Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi absurd bəyanatlarda bulunan liderdən soruşacaqlar ki, bəs hanı sənin dediklərin? Bunu həm də qrant verən xarici təşkilatlar da soracaqdılar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqdılar. 

Bunları Kərimli yaxşı bilirdi. Elə o səbəbdən də yeganə çıxış yolu kimi boykotu seçdi. Axı yarışda iştirak etməyənə necə demək olar ki, sən uduzmusan? Məsələnin məntiqi izahı və səbəbləri məhz bundadır. 

Əlbəttə, seçki normal keçdi, xalq etimadını öz liderinə göstərdi, bunu beynəlxalq müşahidəçilər də təsdiq etdilər. Bu iki strategiya arasında son döyüş idi, bundan sonra məğlub tərəf siyasi meydandan tam silinməyə məhkumdur. Artıq burcutmağa yer qalmayıb.

İndi hərdənbir təşkil olunan mitinqlər də yalnız xarici ağalara "biz hələ də varıq, bir-iki min adama təsir göstərə bilirik, ona görə də hərdən bizə beş - on min dollar göndərsəniz yaxşı olar" mesajını vermək məqsədi daşıyır. Lakin, farslar demişkən "çi fayda". Qatar çoxdan gedib...

Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR