Ermənistan: İrəvanda ermənilər öz iqtidarına qarşı üsyana başlayıb

Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını almaq üçün mübarizə davam etdiriləcək, millət vəkili Nikol Paşinyan Yerevanda bəyan edib.

O, bazar ertəsi polislə toqquşma zamanı xəsarət aldıqdan sonra xəstəxanada ilk yardım alıb yenidən meydana qayıdıb.

Polis Bağramyam prospektinin prezident iqamətgahı yerləşən hissəsini bağlayıb

"Mənim addımım" etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının sədri, millət vəkili Nikol Paşinyan bəyan edib ki, Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını almaq üçün mübarizəni davam etdirəcəklər.

Dünən Milli Məclisin hakim Ermənistan Respublikaçılar və Daşnaksutyun partiya fraksiyaları sabiq prezident Serj Sarkisyanın namizədliyini rəsmən irəli sürüblər.

Bu gün Ermənistan Milli Məclisinin xüsusi iclasında baş nazirin namizədliyi üzrə səsvermə keçirilməlidir.

Etirazçılarla əlbəyaxadan sonra polis cərgəsi önünə tikanlı məftil çəkilib

Dünəndən hüquq mühafizə qüvvələri parlamentin yerləşdiyi Bağramyan prospekti və bütün ətraf küçələri bağlamışdılar. Polis postları gecə də çıxarılmayıb.

Etiraz hərəkatının bir sıra üzvləri bu gecəni də Yerevanın mərkəzində Fransa meydanında keçiriblər. Gecə heç bir hadisə baş verməyib, polis də onları narahat etməyib.

Lakin bu gün səhərdən polis əməkdaşları etirazçılar tərəfindən barrikada kimi istifadə edilən skamya və zibil qutularını yığışdırmağa başlayıblar. Bəzi yerlərdə etirazçılarla polis arasında toqquşmalar baş verir.

Parlamentin ətraf küçələri tikanlı məftillərlə bağlanıb, polis dəstələri və xüsusi texnika cəmləşdirilib.

"Serjikdən qoruyuruq"

Etiraz hərəkatı bu gün də itaətsizliyə - küçə və körpüləri bağlamaq, metropolitenin işini əngəlləmək - aksiyalarına hazırlaşır.

Məqsəd mümkün qədər çox vətəndaşın bu gün keçiriləcək Milli Məclisin Serj Sarkisyanı baş nazir seçə biləcək iclasına yol verməməkdir.

Hələ ki, polis fəal hərəkətlərə əl atmır. Lakin şəhərdə tutulub saxlanan şəxslərin daşınması üçün nəzərdə tutulan avtomaşınlar gözə dəyir.

Nikol Paşinyan səhər internet mediasında canlı yayım vasitəsilə xalqa müraciət edərək, hamını itaətsizlik aksiyalarına qatılmağa, iş yerlərini qoyub küçəyə çıxmağa, nəqliyyatın hərəkətini dayandırmağa, hüquq mühafizəçilərə qarşı nəzakətli olaraq, lazım gəlsə, polis qüvvələrinin cərgələrini yarıb Milli Məclisin ətrafına toplaşmağa çağırıb.

Bu prezident iqamətgahı Serj Sarkisyan baş nazir seçildikdən sonra baş nazirin iş yerinə çevriləcək

Dünəndən etirazçıların sayı xeyli artıb. Yüzlərlə tələbə tətil elan edib, meydana gəliblər. Ermənistanın Gümri və Vanadzor şəhərlərində də Serj Sakisyanın hakimiyyətə qayıtması ehtimalına qarşı mitinqlər keçirilib.

Bazar ertəsi axşama qədər polis güc tədbirlərinə əl atmayıb. Lakin artıq daha sərt bəyanat və xəbərdarlıqlarla çıxış etməyə başlayıb.

Polisin bəyanatında deyilir ki, Nikol Paşinyanın təşkil etdiyi "aksiyalarının böyük hissəsi Ermənistan Respublikası sərbəst toplaşmaq azadlıqları haqqında qanununaa ziddir və cinayət əlamətləri ehtiva edir".

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.

Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir (BBC-Azərbaycan).

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR