ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyaları prezident seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb

"Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. "Olaylar" xəbər verir ki, ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib. Koordinator bildirib ki, beynəlxalq müşahidəçilər ilkin dövrdə sərbəst fəaliyyət göstəriblər, müşahidəçilərə xoş rəftarla göstərilib: "Seçki administrasiyası seçkiyə yaxşı hazırlaşıb. Seçki ilə bağlı prosedurlar bütün səviyələrdə olduqca yaxşı təşkil və təmin olunub. Mərkəzi Seçki Komissiyası müntəzəm olaraq ictimai iclaslar keçirib". Nilza de Sena qeyd edib bu, bu seçki 2016-cı ildə Azərbaycan Konstitusiyasına edilən düzəlişlərdən sonra keçirilən ilk seçki olub: "Mərkəzi Seçki Komissiyası əlavə qaydalar hazırlayıb, lakin bütün prosedural aspektlər təmin edilməyib. Biz gözləyirik ki, bizim və Venesiya Komissiyasının prioritet tövsiyələri nəzərə alınsın. Biz bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq". Koordinator, həmçinin, qeyd edib ki, MSK 5,2 milyon seçici qeydiyyata alıb: "Onlar MSK tərəfindən reyestrə daxil edilib. Seçicilər siyahı ilə tanış olmaq imkanına malik olublar. ATƏT DTİHB müşahidəçiləri qeyd ediblər ki, ictimai yayım şirkəti pulsuz efir yayımı vaxtı ayırıb, bu vaxtdan televiziya və radioda dəyirmi masa üçün istifadə olunub, lakin xəbər buraxılışlarının böyük hissəsi hakimiyyətə həsr olunub, digər namizədlərə az vaxt ayrılıb: "Dövlət qurumları müşahidəçilərin işinə mane olmayıb. Səslərin sayılmasında müəyyən pozuntular qeydə alınsa da, ümumilikdə səslərin sayılması prosesi müsbət qiymətləndirilir". Nilza de Sena vurğulayıb ki, ATƏT hökumətlə əməkdaşlıq etməyə hazırdır: "Ümid edirik ki, tövsiyələrimiz nəzərə alınacaq. Ölkənin demokratik istiqamətində inkişafı üçün dialoqumuzu əsirgəməyəcəyik".
 AŞPA müşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viorel Rişard Badea hökuməti insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağırıb: "İstəyirik ki, tövsiyələrimiz nəzərə alınsın, əməkdaşlığı davam etdirək". Sonda qeyd olunub ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Qeyd edək ki, mətbuat konfransında iştirak edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" Media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu bildiriblər. Onlar bildirib ki, bu rəy həqiqəti əks etdirmir, ikili standartın təzahürüdür: "Azərbaycan xalqı sərbəst şəkildə seçimini edərək öz prezidentinə səs verib. Prezident seçkisində tətbiq edilən bir sıra prosedur qaydalar Avropa ölkələri üçün nümunə hesab oluna bilər. Bu baxımdan sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir". Çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təəssüf doğurur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR