Xalq Cümhuriyyətinin Azərbaycan qadınlarının həyatında rolu

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu şərəfli tariximiizin qeyd edilməsi, onun gənc nəslə təbliğ olunması məqsədilə artıq uzun illərdir ki, xüsusilə müstəqillik illərindən sonra məqsədyönlü addımlar atılır, işlər görülür.  Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, o dövr üçün tətbiq etdiyi yeniliklər barədə silsilə yazılar dərc edilir, məqalələr işıq üzü görür.

Şərqdə ilk demokratik respublika olan AXC elə qadına ilk dəfə Şərq aləmində seçib-seçilmək hüququ verən bir cümhuriyyət olub. Tarix elmləri doktoru, yazıçı-jurnalist Sabir Gəncəli deyir ki, Azərbaycan qadınları o ağır illərdə yeni demokratik cümhuriyyətin bəxş etdiyi azadlıqdan bəhrələnmək, ictimai-mədəni həyatda fəal iştirak etmək, xalqı maarifləndirmək arzusu ilə yaşayır, öz gələcək işıqlı taleyini düşünürdülər: " Lakin Azərbaycanın milli məktəblərini birdən-birə yaratmaq qeyri-mümkün idi. Çünki nə mükəmməl dərslik, nə əyani vəsait, nə də istənilən qədər pedaqoji kadr vardı. Ona görə də Azərbaycan Demokratik Cümhuriyyətinin Maarif Nazirliyi respublikada yaşayan hər bir millətin öz ana dilində təhsil alması üçün şərait yaradılmasına ilk növbədə səy göstərirdi. Təcili olaraq Bakıda, Gəncədə qısamüddətli pedaqoji kurslar təşkil edildi. Onların arasında qadın pedaqoji kursları da vardı. 1919-cu ildə Bakıda açılmış pedaqoji kursda Azərbaycanda olan tək-tük qız məktəblərində işləyən bütün müəllimlərin iştirak etməsi üçün Maarif Nazirliyi xüsusi sərəncam verdi. Həmin il Bakıda Müfti Əfəndinin qızı Gövhər xanım Qayıbova öz mənzilində pedaqoji kurs təşkil etdi. Burada 80 nəfərdən çox dinləyici toplandı. O dövrün tanınmış maarifpərvər ziyalıları Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayilbəyli, Xudaverdi Kələntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva burada məşğələlər aparırdılar. Azərbaycanın ilk maarifpərvər qadınlarından Mədinə xanım Qiyasbəyli Bakıda, Xədicə xanım Ağayeva isə Gəncədə qısamüddətli pedaqoji kurslar təşkil etdilər". Tarixçi qeyd edir ki, qadın müəllimlərə olan ehtiyacları qismən ödəmək üçün əvvəllər rus qız gimnaziyalarını, Tiflis Nucabə Qızlar İnstitutunu və hətta H.Z.Tağıyevin rus-müsəlman qız məktəbini və iki illik pedaqoji kursları bitirən bir çox bacarıqlı müəllimlər gimnaziyalarda dərs deməyə cəlb olundular: "Bu dövrdə Azərbaycanın maarifpərvər qadınları Məryəm xanım, Bayraməlibəyova Lənkəranda, Gövhər xanım Şövqiyyə Şamaxıda, Bülbül Kazımova Gədəbəydə, Firuzə Ağayeva, Yaqut Ağayeva, Fəramuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Rəhilə Hacıbababəyova, Sara xanım Vəzirova, Hənifə xanım Məlikova, Qərib Soltan, Zərri xanım Şahtaxtinskaya, Şəfiqə xanım Əfəndizadə və başqaları Bakıda Azərbaycan xalq maarifinin inkişafına çalışırdılar. Çar Rusiyası zamanı Bakıda bir neçə dövlət və şəxsi qız gimnaziyası fəaliyyət göstərirdi. Həmin nümunəvi təhsil ocaqlarından birini Azərbaycan Demokratik Cümhuriyyəti milli qız gimnaziyasına çevirdi ki, azərbaycanlı qızları öz ana dilində təhsil ala bilsinlər. Hazırlıq sinifləri də olan bu təhsil ocağı səkkiz illik idi. Sonuncu sinif pedaqoji təhsil hüquqi verirdi.1919-cu ildə bu milli gimnaziyanın müdiri Peterburqda Bestuyev adına Ali Pedaqoji kurs bitirmiş Səlimə xanım Yaqubova təyin edilmişdi. Azərbaycanın təcrübəli pedaqoqları - Xədicə xanım Ağayeva, Reyhan xanım Axundova, Cənnət xanım Muğranskaya, Mina xanım Minasazova, Eynülhəyat xanım Usubbəyova burada gələcək müəllimlərin təlim-tərbiyəsi ilə məşğul olurdular. Bax, beləcə maarif və mədəniyyətin inkişafı üçün özül qoyuldu. Ümumi təhsilin tətbiqi əsas tutularaq yeni məktəblər, pedaqoji kurslar və təhsil ocaqları açıldı. Azərbaycan gəncliyinin ali təhsil alması üçün 1919-cu ildə Bakıda Universitet yaradıldı. Bundan başqa, yüzə yaxın gənc texnikanın müxtəlif sahələrində təhsil almaq üçün dövlət hesabına Avropa universitetlərinə və digər ali məktəblərə göndərildi. Azərbaycan tarixində ilk ali təhsil ocağı olan Bakı Universitetində oxuyan tələbələrin 25,3 faizini azərbaycanlılar təşkil edirdi ki, bunun da 8,3 faizi qızlar idi. Bu ali təhsil ocağının ilk rektoru professor B.İ. Razumovski Bakı Universitetini "Avropa və Asiyanın sərhədində yeni məşəl" adlandırırdı". Sabir Gəncəli deyir ki, Azərbaycan Demokratik Cümhuriyyəti qadın azadlığı məsələsinə də xüsusi fikir verirdi. Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyəti Parlamentinin qəbul etdiyi Əsasnaməyə görə, qadınlara kişilərlə bərabər hüquqlar verilirdi: "Bu, hələ ABŞ kimi sivil bir ölkədən əvvəl edilmiş demokratik bir addım idi. 4 fəsildən, 116 bənddən ibarət olan bu Əsasnaməyə görə, müəssislər məclisinə seçkilərdə cinsindən, dilindən, milliyətindən asılı olmayaraq 20 yaşına çatmış respublikanın bütün vətəndaşları iştirak edə bilərdilər. Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hüquqlardan, maarif və mədəniyyəti inkişaf etdirilməsi üçün yaratdığı şəraitindən, imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar.Maarifpərvər qadınlar ziyalı həyat yoldaşlarının köməyi ilə milli məktəblərin yaradılmasında xüsusilə fəal çalışırdılar. Bu vətənpərvər ailələr bir sözlə öz evlərini mədəniyyət ocağına çevirmişdilər. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Nəsibbəy Usubbəyovun həyat yoldaşı Eynülhəyat xanım ilk milli qız gimnaziyasında dərs deyir, cümhuriyyətin Maarif Nazirliyinin inspektoru işləyirdi. Mədinə xanım Qiyasbəyli 1918-ci ildə Qazax qəzası Xalq Məktəblərinin inspektoru təyin olunmuşdu. Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaratmışdılar. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanova, Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qadınlar üçün teatr tamaşaları təşkil edir, daşnakların törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış, qaçqın düşmüş uşaqları öz himayələrinə almışdılar. Azərbaycan Demokratik Cümhuriyyəti beləcə Azərbaycan qadınlarının taleyinə nur çiləyirdi. 1920-ci ilin baharında hadisələr dəyişsə də, çevriliş oldusa da, milli hökumət fəaliyyətini dayandırdısa da, Azərbaycan Demokratik Cümhuriyyətinin ürəklərdə yaratdığı ideyalar, azadlıq duyğuları yaşadı. Doğrudur, onun ideya istiqamətində müəyyən dəyişikliklər oldu. Amma məqsəd, amal bir idi. Bu, Azərbaycan qadınlarını cəhalət məngənəsindən qurtarıb, onların ictimai-siyasi, sosial azadlığına, maarif-mədəniyyət tərəqqisinə nail olub, azad, müstəqil dövlətdə yaşamaq arzusu idi". Tarixçi bildirir ki, bir sıra ziddiyyətləri, qadağaları olan 70 illik tarixi məkanda qadın təhsili ocaqlarının geniş şəbəkəsinin yaradılması, qadın azadlığı, qadın hüquqlarının qorunması, elm və mədəniyyət sahəsində görülən işlər bunu bir daha göstərdi: "Elm, mədəniyyət, incəsənət, səhiyyə, maarif və başqa sahələrdə çalışan qadınların sayı getdikcə artmağa başladı. Qadınların mədəni səviyyəsi xeyli yüksəldi. Amma 1918-1920-ci illərdə olduğu kimi, XX əsrin 90-cı illərində tarix təkrar olundu. Xalqımız şər, dağıdıcı qüvvələrlə, xain xislətli düşmənlə-erməni daşnakların bəd əməlləri ilə üz-üzə dayandı. Azadlıq sevən xalqımız öz müstəqilliyini yenidən əldə etmək üçün mübarizə meydanlarına axışdı. 20 Yanvar qırğınlarını törədib, Qarabağ məsələsini ortaya atıb müharibə alovlarını qızışdırdılar. Bizi haqq yolumuzdan uzaqlaşdırmaq, azadlıq duyğularımızı sındırmaq istədilər. Xalqımızın başına müsibətlər gətirdilər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR